Onlayn ictimai-siyasi qəzet
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi-nin sədri Araz Paşayev yanvar ayı ərzində görülən işlər və sosial layihələr barədə açıqlama verib.
Musavat.com bildirir ki, onun sözlərinə görə, komitə tərəfindən ittifaq üzvlərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb:
“Yanvar ayında ittifaq üzvlərimizin sağlamlığının qorunması və istirahətinin təşkili məqsədilə sanatoriya-kurort yollayışları təqdim olunub. Bu çərçivədə üzvlərimiz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində fəaliyyət göstərən müalicə və istirahət mərkəzlərindən faydalanıblar. Ay ərzində ümumilikdə 449 nəfər bu imkandan yararlanıb. Onlardan 216 nəfəri birbaşa ittifaq üzvü, digərləri isə ailə üzvləridir.”
Araz Paşayev bildirib ki, həmkarlar təşkilatlarının sədrləri üçün təşkil olunan xüsusi proqram da uğurla həyata keçirilib:
“Yanvar ayında ilk həmkarlar təşkilatlarının sədrləri üçün keçirilən proqram çərçivəsində ailə üzvləri ilə birlikdə 92 nəfər üç günlük müalicə paketindən istifadə edib. Bu proqram iştirakçıların sağlamlığının möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.”
Komitə sədri ekskursiya proqramlarının da davam etdirildiyini diqqətə çatdırıb:
“Bununla yanaşı, rayon və şəhər komitələrinin təşkil etdiyi ekskursiyalara 165 nəfər ittifaq üzvü cəlb olunub. Bu tədbirlər üzvlərimizin sosial fəallığının artırılmasına, kollektiv münasibətlərin möhkəmləndirilməsinə xidmət edir.”
Sonda Araz Paşayev qeyd edib ki, gələcək dövrdə də ittifaq üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıq və istirahət imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.

06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ