Onlayn ictimai-siyasi qəzet
Ankara ilə Təl-Əviv arasında qarşıdurma yeni mərhələyə keçir
İsrail baş naziri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət imkanlarını araşdırmaq üçün hökumətlərarası qrupa və beynəlxalq hüquq departamentinin rəhbərinə hüquqi iş hazırlamaq tapşırığı verib. Musavat.com xəbər verir ki, İsrailin i24NEWS telekanalı bu barədə öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hazırlanacaq hüquqi dosyenin əsas istiqamətlərindən biri Türkiyə hakimiyyətinin kürd azlığı ilə bağlı siyasəti olacaq. Bununla yanaşı, Ankaranın Fələstin ərazisində fəaliyyət göstərən HƏMAS qruplaşmasına maliyyə dəstəyi verdiyi barədə İsrailin irəli sürdüyü ittihamların da sənəddə yer alacağı bildirilir. Netanyahunun bu addımı Ərdoğanın İsrail baş nazirinin beynəlxalq axtarışa verilməsi üçün İnterpola müraciət etmək niyyətini açıqlamasından sonra atılıb. Beləliklə, Ankara ilə Təl-Əviv arasında qarşıdurma artıq yalnız siyasi bəyanatlar səviyyəsində qalmır, beynəlxalq hüquq və məhkəmə mexanizmləri də tərəflərin mübarizə alətinə çevrilir.![]()
Lakin mühüm məqam ondan ibarətdir ki, İsrail hələlik Ərdoğana qarşı BCM-də rəsmi iş qaldırmayıb. i24NEWS-in mənbələrinə görə, İsrailin BCM-nin Roma Statutuna üzv olmaması səbəbindən proses üçün vasitəçidən istifadə imkanları nəzərdən keçirilir. Türkiyə də Roma Statutuna qoşulmayıb.
Bu məlumat fonunda İsrail-Türkiyə münasibətlərində yeni və kifayət qədər sərt mərhələnin başladığı görünür. Tərəflər Qəzza müharibəsi, HƏMAS, Suriya və regional təhlükəsizlik məsələlərində kəskin şəkildə qarşı-qarşıya gəliblər. Ankara isə avqust ayında Qəzzaya humanitar yardım aparan flotiliyanın ələ keçirilməsi ilə bağlı Türkiyədə açılmış cinayət işi çərçivəsində Netanyahu barəsində İnterpolun “qırmızı bülleten” mexanizminin işə salınmasına nail olmaq niyyətini açıqlamışdı. Bununla belə, İnterpolun “qırmızı bildiriş” yayıb-yaymaması yalnız dövlətin müraciətindən asılı deyil; sorğu təşkilat tərəfindən ayrıca qiymətləndirilir.
Burada diqqətçəkən başqa bir məqam da var: İsrailin Ərdoğana qarşı mümkün beynəlxalq hüquqi təqib hazırlaması fonunda Benyamin Netanyahunun özünün Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi altında olması məsələsi gündəmə gəlir.
Belə ki, BCM 21 noyabr 2024-cü ildə Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qallant barəsində həbs orderi çıxarıb. Məhkəmə onları Qəzzadakı müharibə ilə bağlı, o cümlədən müharibə metodu kimi aclıqdan istifadə və mülki əhaliyə qarşı yönəlmiş hücumla bağlı hərbi cinayətlərdə, həmçinin insanlıq əleyhinə cinayətlərdə məsuliyyət daşımaq üçün “ağlabatan əsasların” mövcud olduğu qənaətinə gəlib.
Yəni ortaya kifayət qədər ironik mənzərə çıxır: Netanyahu Ərdoğan barəsində beynəlxalq məhkəmə mexanizminin işə salınması üçün hüquqi dosye hazırlatdırır, halbuki İsrail baş nazirinin özü barədə artıq məhz həmin məhkəmə tərəfindən həbs orderi verilib.
Musavat.com
28 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ