Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsi sentyabrın 30-da Səudiyyə Ərəbistanının Tabuk şəhərinə təcili eniş edib. İsrail rəsmilərinin məlumatına görə, uçuş zamanı ikinci pilot kapitana bıçaqla hücum edib və təyyarəni qəzaya uğratmağa çalışıb. Hadisənin səbəbi və motivi araşdırılır. “Flydubai” isə istintaq yekunlaşmamış fərziyyələrə əsaslanmamağa çağırıb.
Musavat.com xəbər verir ki, FZ1073 saylı reysdə 174 nəfər olub.
Təyyarə qəfil hündürlük itirərək idarəetmədən çıxmağa başlayıb. Sərnişinlər və ekipaj üzvləri pilot kabinəsinə daxil olaraq hücum edən ikinci pilotu zərərsizləşdiriblər. Göyərtədə olan başqa pilotlar idarəetməni ələ alıb və təyyarəni Tabuk hava limanına endiriblər. Sərnişinlər daha sonra əvəzedici təyyarə ilə Təl-Əvivə aparılıblar.
Hadisədə iştirak edən sərnişinlərdən Yaniv Hayun qanlı köynəklə Ben-Qurion hava limanında İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Görüş zamanı Netanyahu ona “şir” deyib.
Netanyahu ilə Yaniv Hayun arasında dialoq
Netanyahu: “Sizi bu vəziyyətdə görmək mənim üçün şərəfdir. Bunu necə bacardınız?”
Yaniv Hayun: “Biz şirlər millətiyik.”
Netanyahu: “Sizə baxıram və bir şir görürəm. Siz böyük qəhrəmansınız. Etdiyiniz inanılmazdır. Təkcə təyyarədəki sərnişinləri deyil, daha çox insanı xilas etdiniz.”
Netanyahu hücum edən pilotun nə etməyə çalışdığını soruşanda Hayun belə cavab verib:
Yaniv Hayun: “İdarəetmə cihazlarını sıradan çıxarmağa çalışırdı.”
Hayun danışıb ki, pilot kabinəsinə daxil olanda ikinci pilotu idarəetmə cihazlarının arasında görüb. Onu tutaraq kabinədən çıxarıb və digər sərnişinlərdən hücumçunu saxlamağa kömək istəyib. Ardınca təyyarənin burun hissəsinin aşağı yönəldiyini görüb kokpitə qayıdıb, idarəetmə dəstəyini özünə çəkərək təyyarənin enişini dayandırmağa çalışıb. Hayun bu hərəkəti aviasiya qəzalarından bəhs edən “Mayday” sənədli serialına baxarkən öyrəndiyini deyib. Bir qədər sonra göyərtədə olan başqa pilot idarəetməni öz üzərinə götürüb.
Yaniv Hayun pilot idimi?
Hadisədən sonra yayılan bəzi iddialarda İsrailə uçan və İsraildən qalxan təyyarələrdə sərnişinlər arasında kimliyi əvvəlcədən bilinməyən ehtiyat pilot, təhlükəsizlik əməkdaşı və həkim olduğu, Yaniv Hayunun da həmin reysdə ehtiyat pilot kimi xidmət etdiyi bildirilir.
Lakin açıq mənbələrdə bu iddiaları təsdiqləyən məlumat yoxdur. “Associated Press” Yaniv Hayunu santexnik kimi təqdim edib. Görüşün yayılan görüntüsündə isə Hayun təyyarəni idarə etməyi “Mayday” verilişindən öyrəndiyini söyləyir. Məlumatlarda göyərtədə başqa pilotların və tibbi yardım göstərən sərnişinlərin olduğu qeyd
Hadisənin səbəbi araşdırılır
İsrail rəsmiləri ikinci pilotun təyyarəni qəzaya uğratmağa çalışdığını bildirib. “Flydubai” isə kokpitdə qarşıdurma baş verdiyini, ekipajın vəziyyəti nəzarətə alaraq təyyarəni Tabuka yönəltdiyini açıqlayıb. Aviaşirkətin məlumatına görə, hadisənin səbəbi və motivi hələ müəyyənləşməyib. Kapitanın yaralı vəziyyətdə kokpit qapısını açması sərnişinlərin içəri daxil olmasına imkan verib. Təhlükəsiz eniş sərnişinlərin, ekipajın və göyərtədəki pilotların birgə müdaxiləsi ilə mümkün olub.
Sözügedən təyyarənin içərisindən görüntüləri təqdim edirik:
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ