Onlayn ictimai-siyasi qəzet
İsraildə oktyabrın 27-də parlament seçkiləri keçiriləcək. Aparılan rəy sorğuları göstərir ki, baş nazir Benyamin Netanyahu kreslosu ilə vidalaşa bilər. Əgər o, hakimiyyətdən gedərsə, bölgədə İran-İsrail münasibətlərində nələr dəyişə bilər?
Hazırda görünən odur ki, Amerika ondan üz döndərib. Belə bir durumda ABŞ Netanyahunun gedişinə oynayacaq?
Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a bildirdi ki, İsraildə keçiriləcək parlament seçkiləri Benjamin Netanyahunun siyasi gələcəyindən daha çox İsrailin İran siyasətinə, ABŞ-la münasibətlərinə və bütövlükdə Yaxın Şərqdəki təhlükəsizlik məsələlərinin gələcək inkişaf istiqamətlərinə təsir göstərə bilər:

“Hazırkı sorğular Netanyahu üçün kifayət qədər məyusedici mənzərə yaradır. Onun rəhbərlik etdiyi Likud partiyası əksər sorğularda müxalifətin əsas qüvvələrindən geri qalır və Netanyahu blokunun hökumət formalaşdırmaq üçün tələb olunan 61 mandatı toplaması hələlik real görünmür. Məncə, Netanyahu hakimiyyətdən gedərsə, bunu İran-İsrail münasibətlərində dərhal yumşalma kimi qiymətləndirmək doğru olmaz. Çünki İsrailin İrana münasibəti yalnız Netanyahunun şəxsi mövqeyi ilə müəyyənləşmir. İranın nüvə proqramı, raket imkanları və regional proksi şəbəkəsi İsrail siyasi elitasının böyük hissəsi tərəfindən strateji təhlükə kimi qəbul edilir. Buna görə Netanyahu hökumətinin dəyişməsi İsrailin İranı təhlükə kimi görməsi reallığını dəyişdirməyəcək. Dəyişə biləcək əsas məsələ isə İrana qarşı hansı vasitələrin seçilməsi və bu siyasətin ABŞ-la nə dərəcədə koordinasiya olunmasıdır.
Netanyahunun fərqi ondadır ki, o, İran məsələsini uzun illərdir İsrailin xarici və təhlükəsizlik siyasətinin mərkəzi mövzusuna çevirib. Lakin hazırda Vaşinqtonun Yaxın Şərqə baxışı ilə Netanyahu hökumətinin prioritetləri arasında bir sıra fərqlər var. ABŞ Prezidenti Donald Tramp hazırda bölgədə uzunmüddətli hərbi qarşıdurmadan çıxış yolları axtarır və Qəzza məsələsində diplomatik mexanizmləri önə çəkir. Netanyahu isə bu məsələlərlə bağlı ABŞ-ın təkliflərinə açıq şəkildə müqavimət göstərir. Son günlər ABŞ-ın Netanyahuya seçki kampaniyası baxımından əvvəlki kimi açıq siyasi dəstək verməməsi bu amillərdən qaynaqlana bilər”.
Deputatın sözlərinə görə, hazırkı mənzərinin görünən tərəflərini təhlil etsək, deyə bilərik ki, ABŞ İsraillə müttəfiqliyini Netanyahu ilə şəxsi siyasi münasibətlərdən ayırmağa başlayır: “Bu, çox mühüm məqamdır. Çünki Vaşinqton üçün Netanyahu İsrail dövləti demək deyil. Netanyahu İsrailin müəyyən siyasi mərhələdəki rəhbəridir. Əgər o, seçkidən sonra hakimiyyətdə qalarsa, ABŞ onunla işləməyə davam edəcək. Əgər hakimiyyətdən gedərsə, Vaşinqton yeni hökumətlə də işləməyə hazır olacaq.
Bu səbəbdən mən ABŞ-ın “Netanyahunun hakimiyyətdən getməsinə oynadığını” düşünmürəm. “Vaşinqton artıq Netanyahu üzərindən asılı siyasi model qurmaq istəmir” yanaşması, zənnimcə mövcud reallıqları daha çox əks etdirir. Trampın Netanyahuya seçki öncəsi açıq dəstək verməkdən çəkinməsi də bu baxımdan diqqətdən yayınmamalıdır. ABŞ prezidentinin belə bir mövqeyi Netanyahu üçün ciddi siyasi siqnaldır. Lakin bunu ABŞ-ın İsraildə keçiriləcək seçkilərə birbaşa müdaxilə etmək qərarı kimi təqdim etmək hələlik doğru olmaz.
Məncə, Vaşinqtonun hesablaması daha praqmatikdir. Yəni Netanyahu qalarsa, Ağ Ev onunla işləyəcək, gedərsə, yeni hökumətlə...
Əsas məsələ isə İranla bağlıdır.
Əgər Netanyahu gedərsə, İsrailin İran siyasətində ən böyük dəyişiklik Tehranla münasibətlərin dərhal normallaşması deyil, hərbi və diplomatik alətlər arasında balansın dəyişməsi ola bilər. Yeni İsrail hökumətinin də İranın nüvə proqramına qarşı ənənəvi sərt mövqeni davam etdirməsi mümkündür. Lakin yeni hökumət ABŞ-la koordinasiyanın gücləndirilməsinə və hərbi eskalasiyanın idarə olunmasına daha çox üstünlük verə bilər. Bu isə İran üçün müəyyən imkanlar yarada bilər.
Bununla yanaşı nəzərə almaq lazımdır ki, Netanyahunun getməsi İsrailin İran məsələsində mövqeyinin kökündən dəyişməsi anlamına gəlmir.
Əksinə, yeni hökumət də İranın nüvə imkanlarının genişlənməsinə, raket proqramına və regiondakı təsirinə qarşı mübarizəni davam etdirə bilər. Sadəcə olaraq, bunu başqa üslubla və başqa diplomatik çərçivədə həyata keçirə bilər. Yəni bu halda İsrailin İranla qarşıdurmanı yalnız hərbi məsələ kimi deyil, ABŞ-ın regional strategiyası ilə əlaqələndirilmiş daha geniş diplomatik proses kimi nəzərdən keçirməsi mümkündür. Amma unutmaq lazım deyil ki, bu ssenarinin qarşısında da ciddi maneələr var”.
Azərbaycan Parlamentinin nümayəndəsi hesab edir ki, İsraildə 7 oktyabr hadisələrindən sonra təhlükəsizlik məsələsinə münasibət kəskinləşib: “Ona görə Netanyahunun siyasi səhnədən getməsi İsrailin avtomatik olaraq daha yumşaq xarici siyasət yürüdəcəyi anlamına gəlmir. Hətta Netanyahunun əsas rəqibləri arasında da hərbi və təhlükəsizlik elitasından gələn siyasətçilərin olması göstərir ki, İsrailin təhlükəsizlik doktrinasında müəyyən davamlılıq qalacaq.
Bu baxımdan mən üç mümkün ssenarini daha real hesab edirəm.
Birinci ssenari Netanyahunun hakimiyyətdə qalmasıdır. Bu halda İsrail-İran qarşıdurmasının əsas xəttində ciddi dəyişiklik gözləmək çətindir. Netanyahu öz siyasi mövqeyini qorumaq üçün İran təhlükəsi və milli təhlükəsizlik məsələlərindən ənənəvi qaydada faydalanmağa davam edə bilər. ABŞ-la fikir ayrılıqları isə müəyyən hallarda daha da dərinləşə bilər.
İkinci ssenari Netanyahunun getməsi, amma sağ-mərkəzçi təhlükəsizlik hökumətinin formalaşmasıdır. Məncə, ən real və ən diqqətçəkən variant da budur. Belə hökumət İran məsələsində sərt mövqeyini saxlaya, lakin Vaşinqtonla daha sıx koordinasiyaya üstünlük verə bilər. Bu halda İsrail-ABŞ münasibətlərində müəyyən yumşalmanın baş verməsi, İranla münasibətlərdə isə hərbi eskalasiyanın idarə olunması üçün diplomatik kanalların genişlənməsi mümkündür.
Nəhayət sonuncu ssenari Netanyahunun hakimiyyətdəm getməsi və daha geniş siyasi dəyişikliyin baş verməsidir. Bu halda İsrailin Qəzza, İran və regional diplomatiya siyasətində daha ciddi korrektələrin baş verməsi ehtimalı arta bilər. Ancaq bunun baş verməsi üçün yeni hökumətin həm parlament çoxluğunu, həm də təhlükəsizlik məsələsində İsrail cəmiyyətinin etimadını qazanması lazımdır.
Düşünürəm ki, əsas məsələ Netanyahu ilə bağlı deyil, İsrailin ABŞ-ın Yaxın Şərq siyasətindəki rolunun yenidən müəyyənləşdirilməsidir. Uzun illər Netanyahu Vaşinqtonun Yaxın Şərq siyasətinə ciddi təsir göstərən şəxslərdən biri olub. İndi isə Tramp administrasiyası daha çox öz regional gündəliyini formalaşdırmağa çalışır. ABŞ-ın Qəzza məsələsində İsraildən müstəqil diplomatik kanallar yaratması, o cümlədən HƏMAS nümayəndələri ilə birbaşa təmaslara getməsi bunun göstəricilərindən biridir. Bu səbəbdən 27 oktyabr seçkilərinin əsl əhəmiyyəti “Netanyahu qalacaq, yoxsa gedəcək?” sualından daha əhəmiyyətlidir.
Əsas sual budur ki, İsrail bundan sonra İran məsələsində Vaşinqtonun strategiyasına uyğunlaşacaq, yoxsa yenə də Vaşinqtonun Yaxın Şərq siyasətinə təsir edən əsas aktorlardan biri kimi qalmağa üstünlük verəcək?
Əgər Netanyahu hakimiyyətdən gedərsə, mən ikinci modeldən birinciyə doğru müəyyən keçidin mümkün olduğunu düşünürəm. Bu isə İran-İsrail münasibətlərinin dərhal normallaşması demək deyil. Əksinə, qarşıdurmanın yeni mərhələyə keçməsi deməkdir.
Nəticə etibarilə, Netanyahu İsrail siyasətindən getsə, İranın qarşısında daha yumşaq İsrail deyil, bəlkə də nisbətən proqnozlaşdırıla bilən İsrail görünə bilər. Vaşinqton üçün isə Netanyahuya münasibətdə əsas məsələ onun hakimiyyətdə qalması və ya getməsi deyil. Əsas məsələ ABŞ-ın İsrail siyasətinin bir şəxsin siyasi taleyindən asılı olmamasıdır. Məhz buna görə hesab edirəm ki, ABŞ-ın Netanyahuya əvvəlki siyasi dəstəyini azaltması onun mütləq şəkildə hakimiyyətdən getməsini istəməsi kimi yox, mümkün hakimiyyət dəyişikliyinə hazırlaşması kimi qiymətləndirilməlidir. Və əgər 27 oktyabrdan sonra Netanyahu hakimiyyətdən gedərsə, bunun Yaxın Şərq üçün ən mühüm nəticəsi İsrail-ABŞ münasibətlərində yeni siyasi formatın yaranması ola bilər”.
Cavanşir Abbaslı
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ