Onlayn ictimai-siyasi qəzet
Harınlıq, israf ictimaiyyətimizin yaralı yeridir. Bu mövzuda yeniliklər həmişə ictimai müzakirə, ajiotaj, qalmaqal doğurur. Bu, təsadüfi deyil. Ölkədə açıq-gizli zümrələşmə prosesi gedir, cəmiyyət “burjuy”lara və proletariata bölünür.
Bu dəfə hədəf taxtasına deputat Razi Nurullayev gəldi. Bu dəfə məhz onu “harınlaşmış burjuy”ların cərgəsinə qoydular.
Ancaq əvvəlki bənzər müzakirələrlə yenisinin arasında ciddi fərqlər var.
Başdan başlayaq. R.Nurullayev ölkənin siyasi həyatında uzun illərdən bəri müəyyən rol oynasa da, indiyədək çox adam onun var-dövlətli qardaşının olduğunu bilmirdi. Bu, şübhəsiz ki, R.Nurullayevin özünü təvazökar aparması üzündən olub.
İkincisi, övladına, qələmə verildiyi kimi, “bahalı toy” edən deputatın özü yox, xarici ölkə vətəndaşı olan qardaşı olub. Qardaşın biri milyarder, o biri adi müəllim ola bilər və bu onların ikisinin də avtomatik olaraq varlı olması demək deyil.

Üçüncüsü, R.Nurullayevin dediyinə görə, toy bahalı olmayıb, cəmi 50 qonaq iştirak edib. Düzdür, toyun keçirildiyi otel dünyanın ən bahalı brendlərindən biridir, amma orada 50 qonağı yola vermək, əl-əlbət, çox xərc aparmazdı.
Əsas məsələ azərbaycanlı müğənnilərə yüksək məbləğli qonorar ödənilməsidir. Bu isə artıq deputatlıq məsələ deyil, bunu toy sahibi bilər, müğənnilər bilər.
Ancaq qardaşının təşkil etdiyi toya görə R.Nurullayevin kütləvi şəkildə qınanılması, hətta telekanal verilişində müzakirə predmeti olması yersiz idi.
Ona qalsa, paytaxtın lüks saraylarında hər gün azı 20 qat-qat təmtəraqlı, təntənəli, 1000 nəfərlik toy məclisləri keçirilir.
Bu toylara Rusiyadan, Türkiyədən, hətta Avropadan çox yüksək məbləğli ödəniş tələb edən dünya şöhrətli müğənnilər dəvət olunur, süfrədə ən nadir delikateslər olur, qonaqlara Çörçill içən içkilərdən təklif edilir.
Artıq bu cür təmtəraqlı toylar çoxdandır müzakirə predmeti olmur, çünki normaya çevrilib. Hamı anlayır ki, ölkədə ifrat şəkildə varlanmış adamlar var və onlar övladlarının “ömürdə bir dəfə olan toy mərasimi”ndə səxavətli olmaqdan çəkinmirlər.
(“Ömürdə bir dəfə olan toy mərasimi” ifadəsinin dırnaq arasında olması son illərdə imkanlı ailələrin övladlarının qalmaqallı boşanma xəbərlərində mübtəda olmasına görədir).
Bu məsələdə vurğu edilməli əsas məqam odur ki, ifrat bahalı toy təşkil edənlərin heç də hamısı, hətta yarısı deputat R.Nurullayevin qardaşı kimi biznesmen deyillər, əsasən dövlət məmurları və ya onların himayəsində olanlardır.
Bildiyiniz kimi, vəzifəli adamların bəlli ölçüdə bir maaşları var və onların qazanc limitləri hüdudsuz deyil. Əgər onlar bir toy mərasiminə, məsələn, Ledi Qaqanı, Beyonsu gətirib külli miqdarda pul xərcləyirlərsə, bu, onların korrupsiya tiyanına çömçə uzatmalarının göstəricisidir.
Qınanmalı, üstünə gedilməli məsələ budur. Yoxsa bir iş adamın övladına xaricdə toy etməsinə qınayıcı prizmadan yanaşmaq mümkün deyil. Adama deyərlər, işləmişəm, qazanmışam, indi də xeyir işə xərcləyirəm, kimə nə.
Yadınızda varsa, ötən il hindistanlı milyarder Mukeş Ambani görünüşcə rahatsızlığı sezilən oğluna 6 ay boyunca toy-nişan təşkil etdi, milyardlar xərclədi, xarici ölkələrdən çağırdığı yüzlərlə yüksək mənsəbli, şöhrətli qonaqları 5 ulduzlu otellərdə həftələrlə qonaq etdi, on minlərlə adam o toydan xeyir götürdü. Təmtəraq, təntənə zirvədəydi və Ambanini elə də qınayan yox idi. Çünki adam oğlunun xətrinə səxavət boxçasının ağzını açmışdı, öz pulunu havaya sovururdu.
Ambanini yalnız onda qınamaq olardı ki, ölkəsi dünyanın ən yoxsul, ac-yalavac, evsiz insanlarının (900 milyon) yaşadığı yerdir, o isə bir toya görə milyardları havaya sovurur. Amma o da cavab verərdi ki, toyda on minlərlə acın qarnını doyurub və insanlara yaxşı güzəran təmin etmək dövlətin işidir, ayrı-ayrı biznesmenlərin yox.
Yəni biz də harınlıqdan, israfçılıqdan danışarkən, ilk növbədə havaya sovrulan vəsaitin qaynağına baxmalıyıq. Bunlar xalqdan, dövlətdən oğurlanmış pullardırsa, məsələ təkcə qınaqla, töhmət-təhnizlə məhdudlaşmamalıdır.
Durduğu yerdə 90 milyard dolları olan Ambaniyə tay edilmiş Nurullayevin dilə-dişə düşməsi isə təbiidir. Onu zəif bənd hesab edirlər, düşünürlər ki, üstünə getmək, onun adını hallandıraraq “dissidentlik” etmək olar. Bunu orta ranqdan yuxarı məmura, yaxud da arxa-dayağı olan başqa bir deputata qarşı edə bilməzdilər, əllərinə bir fağır Razi düşüb, sağdan da vururlar, soldan da.
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ