İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkəmizdə diplom almaq məcburiyyəti

Stereotiplər gənclərin gələcəyinə kölgə salır

Azərbaycanda ali təhsil almaq təkcə bilik əldə etmək deyil, həm də bir çox hallarda hüquqi və peşəkar zərurətdir. Dövlət qulluğu, müəllimlik, həkimlik, mühəndislik, hüquq və digər onlarla sahədə işləmək üçün ali təhsil diplomu əsas tələblərdən biridir. Bu baxımdan “diplomun heç bir əhəmiyyəti yoxdur” kimi ümumiləşdirici fikirlər reallığı tam əks etdirmir.

Əlbəttə, diplom uğurlu karyeranın avtomatik təminatı deyil. Əmək bazarında bilik, bacarıq, xarici dil, rəqəmsal savadlılıq və iş təcrübəsi də mühüm rol oynayır. Lakin bu, ali təhsilin əhəmiyyətini azaltmır. Əksinə, diplom bir çox peşəyə giriş üçün vacib başlanğıc şərtidir.

Son günlər sosial şəbəkələrdə məzunlara ünvanlanan “axırda yenə kassir işləyəcəksiniz” kimi şərhlər gənclərdə ümidsizlik yarada və təhsilə marağı azalda bilər. Halbuki cəmiyyətin əsas vəzifəsi gəncləri ruhdan salmaq deyil, onları öz üzərində işləməyə, peşəkar bacarıqlarını inkişaf etdirməyə həvəsləndirmək olmalıdır.

Nəticə etibarilə, Azərbaycanda diplom hələ də böyük əhəmiyyət daşıyır. Əsas məsələ isə yalnız diploma sahib olmaq deyil, onu bilik, bacarıq və davamlı inkişafla tamamlayaraq uğurlu karyeraya çevirməkdir.

Mütəxəssislər necə düşünür - Azərbaycanda diplom həqiqətən əvvəlki əhəmiyyətini qoruyub saxlayırmı? Bu yanaşmalar gənclərin təhsil seçimlərinə necə təsir edir? Əmək bazarında işəgötürənlər diplomu, yoxsa bacarıqları daha çox qiymətləndirirlər? Ali təhsili olmayan, lakin peşəkar bacarığı yüksək olan şəxslərin uğur qazanmaq imkanları nə dərəcədədir?

Əlaqə

Elçin Əfəndi 

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi “Yeni Müsavat”a danışıb. Mütəxəssis qeyd edib ki, diplomun heç bir əhəmiyyəti olmadığı, yaxud universiteti bitirdikdən sonra yenə də satıcı işləmək və ya ümumiyyətlə diplomdan istifadə edə bilməmək barədə fikirlər bəzi hallarda həqiqəti əks etdirsə də, bir çox hallarda reallığı tam əks etdirmir: “Bunun üçün ilk növbədə əmək bazarını düzgün araşdırmaq və ona uyğun ixtisas seçərək təhsil almaq vacibdir. Əgər şəxs əmək bazarının tələblərinə uyğun ixtisas üzrə təhsil alarsa, həmin sahədə özünü inkişaf etdirərək peşəkar və potensial kadr kimi formalaşdıra bilsə, təbii ki, onun diplomu istifadəsiz qalmayacaq.

Hazırda Azərbaycan əmək bazarına nəzər salsaq, görərik ki, müəyyən sahələr üzrə tələbat kifayət qədər yüksəkdir. Bunlara əsasən kənd təsərrüfatı yönümlü ixtisaslar, texnologiya və texniki istiqamətlər, tibb və səhiyyə sahəsi, iqtisadiyyat, hüquq və digər oxşar istiqamətlər daxildir. Bu sahələr üzrə əmək bazarında real ehtiyac mövcuddur. Lakin elə ixtisaslar da var ki, onlara əvvəlki qədər tələbat yoxdur. Məsələn, ingilis dili üzrə tərcümə ixtisasına əmək bazarında tələbat o qədər də yüksək deyil. Kitabxanaçılıq və informasiya fəaliyyəti istiqamətinə də eyni sözləri aid etmək olar. Filologiya sahəsinə də əvvəlki illərlə müqayisədə maraq azalıb. Burada söhbət Azərbaycan dili və ədəbiyyatı müəllimliyindən deyil, məhz filologiya ixtisasından gedir.

Eyni zamanda pedaqoji ixtisaslarda da vəziyyət oxşardır. Hər il ali məktəblər tərəfindən əmək bazarına kifayət qədər pedaqoji kadr buraxılır. Lakin iş imkanları məhduddur. Bildiyiniz kimi, hər il müəllimlərin işə qəbulu müsabiqəsində 40-50 min, bəzən isə 60 minə yaxın namizəd iştirak edir. Halbuki vakant yerlərin sayı minimum 4-5 min, maksimum isə 9 min civarında olur. Bu səbəbdən də həmin istiqamətdə əmək bazarında tələbat məhduddur. Nəticədə bir çox məzun ya fərdi fəaliyyət göstərir, ya da özəl təhsil müəssisələrində çalışır".

Elçin Əfəndi vurğulayıb ki, əmək bazarında işəgötürənlər, təbii olaraq diploma da diqqət yetirirlər, lakin diplomla yanaşı, hətta ondan da çox bacarıqları qiymətləndirirlər: “Burada əsas amil məhz bacarıqlardır. Təkcə ixtisas biliyinə malik olmaq kifayət etmir. Bununla yanaşı, kompüter biliklərinin inkişaf etdirilməsi, ən azı bir xarici dilin öyrənilməsi düşünürəm ki, şəxslərin əmək bazarında iş tapmaq imkanlarına daha müsbət təsir göstərə bilər. Doğrudur, elə insanlar da var ki, onların uğuru yalnız ali təhsillə bağlı deyil. Məsələn, peşə təhsili istiqamətində elə ixtisaslar var ki, həmin sahələri bitirən şəxslər demək olar ki, avtomatik şəkildə işlə təmin olunurlar. Buraya aşpazlıq, gözəllik sahəsi üzrə mütəxəssislər, elektriklər, maşın mühəndisləri və digər peşələr daxildir. Yəni mütləq ali təhsil almaq və ya ali təhsil diplomuna sahib olmaq hər zaman əsas şərt deyil. Peşə təhsili istiqamətində də əmək bazarında kifayət qədər geniş iş imkanları mövcuddur”.

“Gələcəkdə diplomun rolu artacaq, yoxsa bacarıq əsas meyara çevriləcək” sualına isə mütəxəssis bu cür cavab verib: “Hesab edirəm ki, gələcəkdə əsas məsələ diplom deyil, məhz bacarıqlar olacaq. Düşünürəm ki, yaxın 5-6 il ərzində əmək bazarında bacarıqlar daha çox ön plana çıxacaq və işəgötürənlər əsas üstünlüyü məhz bacarıqlara verəcəklər. Ola bilər ki, hansısa şəxsin ali təhsili olmasın. Lakin o, müəyyən sahədə özünü kifayət qədər inkişaf etdirib və yüksək bacarıqlara sahib olubsa, həmin bacarıqlar vasitəsilə uğurlu karyera qurması mümkün olacaq. Məsələn, son illər blogerlik artıq geniş yayılmış fəaliyyət sahəsinə çevrilib. Halbuki bununla bağlı ayrıca ali təhsil ixtisası yoxdur. Buna baxmayaraq, ölkədə kifayət qədər uğurlu blogerlər fəaliyyət göstərirlər.

Eyni vəziyyət influenserlik sahəsində də müşahidə olunur. Bu istiqamət üzrə ayrıca ixtisas mövcud deyil. Kimisi marketinq təhsili alır, kimisi isə ümumiyyətlə bu sahədə ali təhsil almır. Buna baxmayaraq, uğurlu influenser kimi fəaliyyət göstərərək kifayət qədər böyük auditoriya və gəlir əldə edə bilirlər. Yəni bu cür təcrübələr artıq mövcuddur və hesab edirəm ki, gələcəkdə bu tendensiya daha da genişlənəcək, bir çox peşə sahələrini əhatə edəcək. İnsanlar müəyyən bacarıqları özlərində formalaşdırdıqdan sonra, hətta ali təhsil diplomları olmasa belə, müxtəlif istiqamətlər üzrə işə qəbul olunmaq imkanına malik olacaqlar".

Xalidə GƏRAY
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR