Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ermənistana səfərlərlə bağlı xəbərdarlığı İrəvan üçün ciddi iqtisadi nəticələr doğura bilər. Bu fikri erməni siyasi şərhçi Akop Badalyan öz məqaləsində səsləndirib.
Musavat.com xəbər verir ki, müəllif Rusiyanın Ermənistanın əsas turist bazarı olduğunu xatırladaraq, Moskvanın mümkün tövsiyəsinin ölkənin turizm sektoruna ağır zərbə vura biləcəyini bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə Ermənistana gələn turistlərin 40,7 faizi Rusiyadan olub. Bu isə təxminən 1 milyon nəfər deməkdir.
Müəllif qeyd edir ki, Rusiya turistlərinin ölkəyə səfərlərinin azalması Ermənistan turizm bazarında ciddi geriləməyə səbəb ola bilər. O vurğulayır ki, Rusiyadan sonra gələn əsas turist axını Gürcüstan və İrandandır, lakin onların göstəriciləri Rusiya ilə müqayisədə bir neçə dəfə aşağıdır.
Şərhçinin fikrincə, əgər siyasi qarşıdurma davam etsə, hakimiyyət kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı olduğu kimi, bu dəfə də Avropa İttifaqından gələcək turistlərin itkini kompensasiya edəcəyini iddia edə bilər.
Lakin o hesab edir ki, bu, reallığı əks etdirmir. Müəllif misal olaraq bildirir ki, 2025-ci ildə Aİ ölkələri arasında Ermənistana ən çox turist göndərən Fransa olub və həmin ölkədən gələnlərin sayı cəmi 35 min nəfəri bir qədər keçib.
Xatırladaq ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistan parlamentinin sədri Ruben Rubinyan ilə telefon danışığında Ermənistanda Rusiya vətəndaşlarının üçüncü ölkələrin sorğuları əsasında saxlanılması praktikası davam etdiyi təqdirdə, Moskvanın öz vətəndaşlarına Ermənistana səfər etməmək barədə rəsmi tövsiyə vermək məcburiyyətində qala biləcəyini deyib. Matviyenko bununla yanaşı, Rusiya-Ermənistan münasibətlərinin "bir istiqamətli küçəni" xatırlatdığını da bildirib.
Musavat.com
14 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ