İnsanlara hürriyət, millətlərə istiqlal!

Orada bir kənd var, uzaqda

“Ərzurumun gədiyinə varanda,

Onda gördüm buram-buram qar gəlir.

Lələ dedi gəl qayıdaq bu yoldan,

Dedim, Lələ, dönmək mənə ar gəlir"

(“Əsli və Kərəm” dastanından)

Sovet vaxtının anekdotudur, bir nəfəri Kommunist Partiyası üzvlüyünə qəbul eləmək istəyirlər, partkom sual verir: “Marksı tanıyırsanmı?” Adam deyir yox. Sonra Engelsi, hətta Lenin və Brejnevi də tanımadığı məlum olanda partkomun gözü kəlləsinə çıxır, soruşur sən haralısan, adam hansısa ucqar dağ kəndinin adını çəkir. Partkom köməkçisini çağırır, deyir şey-şüylərimizi yığışdır, gedirik həmin kənddə yaşamağa.

Astara rayonunda da təxminən elə bir mövqeli kənd var, adını yazmıram, axırda izah edərəm. Bu kənd asfalt yoldan, belə desək, sivilizasiyadan 9-10 kilometr aralıda, meşənin içindədir. Dağların qoynunda, içindən çay keçən, güllü-çiçəkli, cənnətməkan bir yerdir. Ancaq hər il müəyyən sarsaq jurnalistlər sülənə-sülənə gedib o kəndə çıxırlar, bir az ağlaşma-şivənli, bir az sentimental-romantik süjetlər yayırlar. Kəndlilər şikayətlənir ki, məktəbimiz, yolumuz, işıq, qaz, telefonumuz yoxdur.

Guya bizim əlimiz bala batıb, bunlar qalıb (əslində süjetlərdən belə görünür ki, o kənddə konkret arı saxlayanlar var, bizdən fərqli olaraq onların əli bala batır). Boşboğazlıq etmədən, bitdə-bitdə, fayl-fayl həmin şikayətləri çözməyə çalışım, siz də dəstək verin.

Birincisi, deyirlər yolumuz yoxdur, harasa gedəndə əziyyət çəkirik. Sanki harasa getmək çox vacibdir. Getmə! Cənnətdən çıxıb hara gedirsn? Biz, məsələn, 5 ildir bütün sərhədləri bağlayıb rahat oturmuşuq, ölmürük ki? Lap elə avtomobil yoluna qalanda, mən Biləcəridən “20 Yanvar” metrosuna qədər 2 kilometr yolu bəzən avtobusla 2 saata gedirəm, səfeh şəhər idarəçiləri piyada səkisi də qoymayıblar düşüb ayaqla gedək. Sözün qısası, bizim də Bakıda yolumuz yoxdur.

İkincisi, kənddə məktəb yox imiş... Bah. Sanki Bakıda var. Dünən uşağın masasını yığışdıranda görürəm ki, sentyabrın 15-də məktəbdən verilən bütün dərsliklər arası açılmadan, torbada eləcə durur. Noyabr ayında. Təhsil sektorunda aparılan eksperimentlər sayəsində, maşallah, məktəbimiz tabuta qoyulub, qalır mıxını çalmaq.

Qaz yoxdur, odun yandırırmışlar. Eee? Bundan gözəl nə istəyirsiniz? Biz qaz limitinin üstündə əsirik il boyu. İndi keçər, bu saat keçər, ikiqat qalxacaq, üçqat minəcək... Altımız qaz yatağı, üstümüz qaz buludu, di gəl Allaha yalvarırıq ki, hava elə indiki kimi isti keçsin, qazpulu verməyək. Odun sobasında limit yoxdur, kef eləyin.

Mobil telefonunuz olsa orada səydəş tiplərin videolarına baxacaqsınız. Ya da Hindistanda kim filin ayağı altında qaldı, Türkiyədə qardaş bacısını doğradı, nə bilim, Putin bu gün hansı qələti qarışdırdı... Belə “xəbərlərdən” başqa nə öyrənmək olur? Göz-qulağı dinc oturmusunuz, bunun qədrini bilin.

Bir kənd eldən gizlin xoşbəxt olduğunu anlamayıb Elgizlə izlə-yə niyə baxmalıdır? Xoş günlərin qədrini bilməyib Xoşqədəmə baxmaq arzusuna düşməlidir?

Sözgəlişi, Braziliyada Amazon cəngəlliyində bir tayfa yaşayırdı, bir neçə il qabaq onlara mobil telefon “çəkdilər”. İndi alimlər araşdırıb, sən demə, bütün tayfa gecə-gündüz oturub... pornofilmə baxır.

Nə qədər gec deyil, bu xəyallardan əl çəkin. Özünüzə yazığınız gəlsin. O jurnalistləri də iti qovan kimi qovun. Yazımın girişində mən elə bu məqsədlə kəndin adını yazmadım - qoy cahil “sivilizasiyamızın” belə gözəl yeri çirkləndirmək imkanı olmasın.

Az qala unutmuşdum, kənddən çəkilən süjetlərdə mən hələ indiyəcən icra nümayəndəsi görməmişəm. Deyəsən, bu virus növü də ora hələ çatmamışdır. Ən azı, yekəqarın, qalstuklu, dazbaş canlılara həmin meşədə rast gəlinmir. Əvəzində bir gözəl insan var, ağacdan ağaca Tarzan kimi tullanır, camaat isə ona Bəbir Babaxan deyir, səhv eləmirəmsə. Bax, nəzərə alın, əgər kəndə arzu elədiyiniz şeylər tətbiq edilsə, icra nümayəndəsi də mütləq qoyulacaq və ondan sonra hamınızı ağaca çıxardacaq.  

Bəs bu yazını niyə yazdım, onu izah edim. Son süjetdə çox həyəcan doğuran element gördüm: kəndli deyirdi ki, keçən il kəndimizə Günəş paneli gətiriblər, yəni artıq elektrik enerjisi az-maz da olsa varmış.

Məncə, bunun axırı yaxşı olmayacaq. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR