Onlayn ictimai-siyasi qəzet
“Utair” aviaşirkəti oktyabrın 27-dən etibarən Qroznı–Bakı marşrutu üzrə müntəzəm uçuşların bərpa edəcəyi xəbəri təsdiqlənmədi
Qroznı ilə Bakı arasında birbaşa aviareyslərin oktyabrın sonunda bərpa ediləcəyi barədə yayılan məlumatın ardınca Bakının mövqeyi fərqli olub.
Qroznı Beynəlxalq Hava Limanı daha əvvəl açıqlamışdı ki, “Utair” aviaşirkəti oktyabrın 27-dən etibarən Qroznı–Bakı marşrutu üzrə müntəzəm birbaşa uçuşları bərpa edəcək.
Musavat.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib ki, hazırda qış mövsümü üçün təsdiqlənmiş uçuş cədvəlində Qroznı–Bakı istiqaməti üzrə birbaşa reyslər nəzərdə tutulmayıb.
Maraqlıdır ki, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev məhz sentyabrın 9-da lenta.ru-ya verdiyi son açıqlamada iki ölkə arasında təyyarə qəzası ilə bağlı məsələnin artıq tam həll edildiyini bildirib. Səfirin sözlərinə görə, qəza ilə bağlı bütün məsələlər, o cümlədən kompensasiya ödənişləri, apreldə razılaşdırılmış şəkildə yekunlaşdırılıb. Mustafayev bildirib ki, Bakı bu hadisəni iki ölkənin münasibətlərində “kədərli səhifə” kimi geridə qoyulmuş məsələ hesab edir və Azərbaycan-Rusiya münasibətlərinin normallaşması prosesini dəstəkləyir.
Bu baxımdan Qroznı hava limanının reyslərin bərpası barədə elan verməsi təsadüfi görünmür. Lakin Bakı hava limanının rəsmi qış cədvəlində marşrutun hələ yer almaması onu göstərir ki, uçuşların bərpası məsələsi ən azı Azərbaycan tərəfinin təsdiqlədiyi cədvəldə hələ rəsmiləşməyib.
Başqa sözlə, siyasi münasibətlərdə AZAL qəzası ilə bağlı məsələnin bağlandığı açıqlansa da, Qroznı–Bakı hava əlaqəsinin praktiki bərpası hələ tam təsdiqini tapmayıb.
Xatırladaq ki, 25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan AZAL-ın “Embraer 190” təyyarəsi Qroznı yaxınlığında eniş cəhdi zamanı vurulduqdan sonra Aktau istiqamətinə yönəlib və qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 38-i həlak olub. İlkin araşdırma zamanı təyyarənin Rusiya hava məkanında olarkən GPS siqnallarını itirdiyi, Qroznı üzərində iki xarici səs qeydə alındığı və gövdədə kənar obyektlərin yaratdığı çoxsaylı zədələrin aşkarlandığı bildirilib.
Qəzadan dərhal sonra Azərbaycan tərəfi Rusiya ilə hava əlaqələrində təhlükəsizlik tədbirlərini sərtləşdirdi. AZAL dekabrın 25-də Bakı–Qroznı və Bakı–Mahaçqala uçuşlarını dayandırdı. Dekabrın 28-dən isə təhlükəsizlik səbəbindən Rusiyanın daha bir sıra şəhərlərinə – Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Saratov, Nijni Novqorod və Vladiqafqaza uçuşlar dayandırıldı. AZAL bu qərarın qəzanın ilkin araşdırmasının nəticələri və uçuş təhlükəsizliyi ilə bağlı risklərlə əlaqədar qəbul edildiyini bildirmişdi.
Hadisə Azərbaycan–Rusiya münasibətlərində ciddi gərginlik yaratdı. Bakı qəza ilə bağlı Rusiyanın məsuliyyət daşıdığını bildirərək təyyarənin vurulmasına görə kompensasiya tələb etdi. təyyarə qəzasından sonra uzun müddət Azərbaycan–Rusiya münasibətlərində əsas problem olaraq qalan məsələ 2026-cı ilin aprelində diplomatik səviyyədə həll edilmiş sayıldı. İyunda Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin də qəzanın nəticələri ilə bağlı bütün məsələlərin həll edildiyini bildirdi.
Musavat.com
11 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ