Onlayn ictimai-siyasi qəzet
Muzdla çalışanların sayında azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, avqustun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 781,1 min nəfər olub. Bu, iyulun 1-i ilə müqayisədə 6,3 min nəfər azdır. Maraqlıdır ki, azalma əsasən dövlət sektorunun hesabına baş verib, özəl sektorda isə cüzi artım qeydə alınıb.
Dövlət sektorunda çalışanların sayının 7,7 min nəfər azalmasının arxasında hansı səbəblər dayana bilər? Bu azalma iş yerlərinin ixtisarı, mövsümi amillər, yoxsa dövlət sektorunda struktur dəyişiklikləri ilə bağlı ola bilərmi?
Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov mövzu ilə bağlı Musavat.com-a deyib ki, dövlət sektorunda çalışanların sayının azaldılması təsadüfi hal deyil: “Əsas problem daha dərindir. Əgər aktiv əmək qabiliyyətli əhalinin təxminən 55–60 faizinin birbaşa və ya dolayı şəkildə büdcədən maliyyələşən strukturlardan asılı olduğu bir iqtisadi model formalaşıbsa, bu artıq normal bazar iqtisadiyyatı deyil. Bu, müəyyən mənada SSRİ modelinin iqtisadi məntiqini xatırladır. Əsas işəgötürən dövlət, əsas maliyyə mənbəyi isə büdcədir.
Biz uzun illərdir deyirik ki, normal iqtisadi model qurulmalıdır. Dövlətin maliyyələşdirmədiyi, yerli və xarici investisiyalar hesabına böyüyən, gəlirini yalnız dövlət sifarişindən və dövlət tenderlərindən asılı olmayan şirkətlər çoxalmalıdır. Şirkətin dövlət tenderində iştirak etməməsi onun fəaliyyətinin və qazancının dayanması demək olmamalıdır. Normal iqtisadiyyat məhz belə qurulur – şirkət bazarda məhsul və xidmət satır, investisiya cəlb edir, yeni iş yerləri yaradır və dövlət büdcəsindən asılı olmadan böyüyür".
İqtisadçı deyib ki, əgər bu model vaxtında daha sürətli qurulsaydı, bu gün dövlət qurumlarında bu qədər böyük ştatlara ehtiyac qalmazdı:" İnsanlar dövlət qurumlarında iş yeri axtarmaq əvəzinə, özəl sektorda karyera qurardılar. Dövlət də iqtisadiyyatın əsas işəgötürəni olmaq məcburiyyətində qalmazdı. Bu gün qarşımızda duran problemin bir hissəsi məhz illərlə formalaşmış bu asılılığın nəticəsidir.
İndi isə reallıq qarşımıza çıxıb. Görünən tendensiya ondan ibarətdir ki, fiskal siyasətdə büdcə yükünün azaldılması və dövlət xərclərinin daha sərt idarə olunması istiqamətində addımlar atılır. Maliyyə naziri Sahil Babayevin rəhbərliyi ilə fiskal intizamın gücləndirilməsi istiqamətində siyasət sərtləşirsə, bunun məntiqi nəticəsi dövlət sektorunda ştatların, xərclərin və büdcədən asılılığın optimallaşdırılması olacaq.
Büdcənin “bolt qaykaları”nı sıxmaq müəyyən mərhələdə zəruridir. Amma burada fundamental səhv var. Belə ki, büdcə yükünü azaltmaqdan əvvəl və ya ən azı paralel olaraq iqtisadiyyatın özəl sektor dayaqlarını kifayət qədər gücləndirmək lazım idi. Çünki dövlət sektorundan ixtisara düşən insanı işsizliyin qarşısına qoyub “get, özəl sektorda iş tap” demək iqtisadi siyasət deyil. Əgər özəl sektor kifayət qədər böyük deyilsə, investisiya zəifdirsə, şirkətlər dövlət tenderlərindən asılıdırsa və yeni bizneslərin yaranması üçün mühit tam əlverişli deyilsə, dövlət sektorundan çıxarılan əmək resursunun hamısını özəl sektor necə qəbul edəcək?"
Asif İbrahimova görə, Azərbaycanda bir-birinin funksiyalarını müəyyən dərəcədə təkrarlayan idarəetmə strukturlarının sadələşdirilməsi üçün ciddi potensial var:"Məsələn, icra hakimiyyətləri, xüsusi nümayəndəliklər, bələdiyyələr və müxtəlif icra nümayəndəlikləri arasında funksional bölgü yenidən nəzərdən keçirilə bilər. Burada məqsəd sadəcə insanları ixtisar etmək yox, eyni funksiyanın müxtəlif dövlət strukturlarında paralel həyata keçirilməsinin qarşısını almaq olmalıdır. Əgər bir funksiya daha az inzibati resursla həyata keçirilə bilirsə, həmin strukturun saxlanmasının iqtisadi əsaslandırılması ortaya qoyulmalıdır.
Amma ən vacib məsələ odur ki, həmin strukturlarda çalışan insanların böyük hissəsi itirilmiş əmək resursuna çevrilməməlidir. Dövlət sektorunda çalışan insan illərlə idarəetmə, maliyyə, hüquq, satınalma, insan resursları, layihələrin idarə edilməsi və digər sahələrdə təcrübə qazanıbsa, onun özəl sektorda karyera qurmaq potensialı var. Bunun üçün dövlət sadəcə ştatı azaltmamalı, əmək bazarına keçidi də təmin etməlidir. Yenidən ixtisaslaşma, peşə hazırlığı, özəl şirkətlərlə işə qəbul mexanizmləri və sahibkarlığa keçidi stimullaşdıran proqramlar paralel aparılmalıdır".
Müsahibimiz bildirib ki, dövlət sektorunda optimallaşdırma aparılırsa, bunun konkret iqtisadi xəritəsi açıqlanmalıdır: "Hansı funksiyalar ləğv edilir, hansı qurumlar birləşdirilir, nə qədər büdcə qənaəti yaranır və ixtisar olunan əmək resursunun hansı hissəsi özəl sektora keçəcək – bunlar ölçülə bilən göstəricilərlə cəmiyyətə təqdim edilməlidir.
Çünki dövlətin əsas işəgötürən kimi rolunu azaltmaq doğrudur. Amma dövlətin işəgötürən kimi rolunu azaltmaqla iqtisadiyyatda iş yerlərini azaltmaq eyni şey deyil. Birincisi islahatdır, ikincisi isə sosial problemdir. Biz nəhayət, iqtisadiyyatın dövlət büdcəsindən deyil, istehsaldan, investisiyadan, sahibkarlıqdan, ixracdan və real bazar münasibətlərindən qidalandığı modeli qurmalıyıq. Dövlətin tenderi, dövlət sifarişi və büdcə vəsaiti şirkətin yeganə gəlir mənbəyi olmamalıdır. Əks halda hər dəfə fiskal intizam gücləndiriləndə dövlət sektorunda çalışan və dövlət sifarişlərindən asılı olan bizneslərin hamısı eyni problemi yaşayacaq.
Ona görə bugünkü 7,7 min nəfərlik azalma əslində bizə çox daha böyük problemin olduğunu göstərir. Bunun üçün isə sadəcə ştat ixtisarı kifayət etmir. Biz real istehsal, real investisiya və real özəl sektor iqtisadiyyatı qurmalıyıq. Əks halda büdcənin yükünü azaldacağıq, amma işsizliyin və sosial yükün ağırlığını vətəndaşın üzərinə keçirəcəyik”.
Afaq Mirayiq,
Musavat.com
11 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ