İnsanlara hürriyət, millətlərə istiqlal!

Qələbə paradına gəlmədilər - Stalin Jukova bu əmri verdi

İkinci Dünya müharibəsinin başa çatmasından sonra antihitler koalisiyasının müttəfiq qoşunlarının birgə paradı 1945-ci il sentyabrın 7-də Berlində keçirilib.

Musavat.com xəbər verir ki, paradda SSRİ, ABŞ, Böyük Britaniya və Fransa qoşunları iştirak edib. Lakin son anda ABŞ generalı Duayt Eyzenhauer, Britaniya feldmarşalı Bernard Montqomeri və fransız general Jan de Lattr de Tassigni müxtəlif səbəblər göstərərək mərasimə qatılmayıblar.

Müttəfiq ölkələrin yüksək rütbəli komandanlarının paradda iştirak etməyəcəyi barədə məlumat Moskvaya çatdırıldıqdan sonra Stalin marşal Georgi Jukova mərasimin keçirilməsini tapşırıb.

Jukovun xatirələrində Stalinin ona belə dediyi bildirilir:

“Baş komandanların imtinasına fikir verməyin və paradı özünüz qəbul edin. Üstəlik, buna onlardan daha çox haqqınız var”.

Parad Brandenburq qapıları yaxınlığında keçirilib. SSRİ, ABŞ, Böyük Britaniya və Fransa hərbçiləri Berlin küçələrindən keçib, ardınca müttəfiqlərin hərbi texnikası nümayiş etdirilib. Sovet ordusu paradda İS-3 ağır tanklarını da nümayiş etdirib.

Paradın miqyası kifayət qədər böyük olub. Müxtəlif məlumatlara görə, mərasimdə dörd ölkədən ümumilikdə təxminən 5 min hərbçi iştirak edib. Onlardan təxminən 2 mini sovet hərbçiləri olub. ABŞ-ı paradda məşhur general Corc Patton, Böyük Britaniyanı general-mayor Brayan Robertson, Fransanı isə general Mari-Pyer Köniq təmsil edib. Paradın hərbi hissəsinə britaniyalı general-mayor Erik Neyrs komandanlıq edib.

Sovet hərbi kolonunun əsasını Berlinin alınmasında iştirak etmiş 248-ci atıcı diviziyanın hərbçiləri təşkil edib. ABŞ tərəfdən isə 82-ci hava-desant diviziyasının bölmələri yürüşdə iştirak edib. Britaniya 131-ci piyada briqadası, Fransa isə 2-ci piyada diviziyasının hərbçiləri ilə təmsil olunub.

Paradın ən diqqətçəkən məqamlarından biri SSRİ-nin yeni İS-3 ağır tanklarını ilk dəfə geniş ictimaiyyət qarşısında nümayiş etdirməsi olub. Berlin küçələrindən 52 İS-3 tankı keçib. Bu tanklar İkinci Dünya müharibəsinin döyüşlərində faktiki iştirak etməsə də, onların paraddakı görünüşü müttəfiqlərin hərbi nümayəndələrinin diqqətini çəkib.

Bu, müharibə dövründə eyni düşmənə qarşı vuruşmuş böyük dövlətlərin Berlində birlik nümayiş etdirdiyi son mühüm hərbi mərasimlərdən biri olub.

Cəmi altı ay sonra – 1946-cı il martın 5-də Uinston Çörçill ABŞ-ın Fulton şəhərində məşhur çıxışını edib. “Dəmir pərdə” ifadəsi ilə yadda qalan həmin nitq Soyuq müharibənin başlanmasının əsas siyasi simvollarından birinə çevrilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR