Onlayn ictimai-siyasi qəzet
Alman hökmdarları haqqında rəvayət edirlər. Onlardan biri özünə yeni malikanə tikibmiş. Amma yaxınlıqdakı köhnə dəyirman onun görünüşünü əməlli-başlı korlayırmış. Hökmdar dəyirmançını çağırıb deyir ki, bəs dəyirmanı sök, apar başqa yerdə tik! Dəyirmançının tərslyi tutur, deyir sökməyəcəm və həm də əlavə edir ki, ölkədə kraldan savayı məhkəmə də var. Dəyirmançının son sözləri hökmdarın çox xoşuna gəlir və onu sərbəst buraxır...
Bunu niyə xatırladım? Bu günlərdə prezident Tramp gileylənmişdi ki, məhkəmələr onun qərarlarını ləğv edir. Amma biz deyərdik ki, nə yaxşı ABŞ-da prezidentdən – Trampdan başqa məhkəmələr də var, yoxsa ABŞ –da özbaşnalıq baş alıb gedərdi. Trampın maraqlı xasiyyəti var, nəyəsə imza atanda az qalır özünün uzun imzasını adamın gözünə soxsun,- nə yaxşı ki, məhkəmələr onun bir çox qərarlarını qaytarıb öz gözünə soxurlar. ABŞ prezidenti də bundan çox narazı olur, hətta deyir ki, guya Ali Məhkəmə demokratların təsiri altındadır.
Bizə gələndə çox təəssüf deyə bilmirik ki, məmurlarımızdan, hökumətimizdən savayı məhkəmələrimiz də var. Bilmirəm, hakimlər özləri buna fikir verir, ya vermir, onların qərarları hədsiz dərəcədə sərtləşib, 10-15 il sanki bir heç olub, elə bil cəza kimisə cəzalandırmaq üçün deyil, həm də qalan insanları da qorxutmaq üçündür.
O gün baxıram, biri, özü də keçmiş müxalif mənşəli adam xüsusi intonasiya ilə deyir ki, biz AŞPA, Avropa Məhkəməsi-filan tanımırıq. Tutaq ki, lap AŞPA ilə bağlı siyasi motivlər var, bəs Avropa Məhkəməsinə nə deyirsiz? Onunla niyə əməkdaşlıq etməyək, axı lap alman misalında olduğu kimi, bizim insanlarımız da deyə bilər ki, yerli məhkəmələrdən, hökumətdən savayı Avropa Məhkəməsi də var, onları bundan niyə məhrum edək?
O gün deyirlər ki, bəs türk respublikları ilə vizasız-pasportsuz rejim ola bilər. Olsun! Gözəldir! Amma baxın, Baltik ölkələrinin vətəndaşları az qala bütün dünyanı vizasız gəzib-dolanırlar! Bundan nümunə götürmək lazımdır. Bizə azadlıqları sanki dırnaqla - misqalla verirlər ki, elə-bil birdən qudurarıq. Adamı qorxudan budur.
Ölkədə təəssüf, alternativ–plüralist fikir qalmayıb. Mən 2000-ci ildən heç bir partiyanın, ictimai təşkilatın üzvü deyiləm. Amma internetdə Bakının azad olunmasıyla bağlı müxalifət partiyalarının birinin keçirdiyi tədbirə baxıram. Cəmi 60-70 adam ola, ya olmaya! Bəli, lap 100 olsun! 100 nəfər, bir-iki sayt, hansı ki, daha heç nə yaza bilmir! Vəssalam! Bəs sonra nə olacaq? Yoxsa qırğızlar, özbəklər bizə demokratiya öyrədəcək?
Həm də bunları niyə görə qarşı -qarşı qoyaq, qoy, o, da olsun, bu, da. Ötən həftə dedilər ki, guya Avropa İttifaqı Mərkəzi Asiyayla Cənubi Qafqazın bağlantısı üçün 12 milyard avro ayırmaq istəyir və bu xəbər təsdiqlənsə, prosesə bir az da sürət verəcək...
Amma yox, Avropanı gözdən salmaq üçün hər şey edilir. Halbuki Uluqbəy Qərbin qəbul etdiyi sonuncu müsəlman mütəfəkkri oldu və beş əsrə yaxındır ki, müsəlman-şərq dünyası bir-iki istisna çıxılmaqla dünya elminə və mədəniyyətinə heç nə vermir. Bunu bilmirikmi?
Maraqlısı budur ki, bizim bəzi qərb opponentləri həqiqətən də savadsızdırlar, amma elələri var ki, yətərincə savadlı və məlumatlıdırlar, hamısının da uşağı, yaxını Avropadadır, Türkmənistanda deyil ki! Onlar niyə belə edirlər? Məsələ bundadır ki, bəzisi Azərbaycana dövlətdən çox şirkət kimi baxır: burada işləyirlər, qazanırlar, amma malları - mülkləri Avropada olur, uşaqları, yaxınları orada oxuyub-yaşayırlar.
Vaxtilə biri vardı, deyirdi ki, partiyada liberal-demokratik proqram qəbul etsəniz intihar edəcəm. Bir də eşitdik gedib Avropa ölkələrindən birinə; bəli, Küveytə, Səudiyyə Ərəbistanına (nəzəri deyirəm!) yox, hətta Türkiyəyə də yox, Avropa ölkələrindən birinə. İndi bunu başqa bir formada digərləri edirlər. Eşitsəm ki, məmurlarımızdan, deputatlarımızdan birinin övladı oxumaq, yaxud yaşamaq üçün, məsələn, durub Türkmənistana gedibdir, böyük üzrhaqlıq yazısı yazacam. Bu da bəndənizin bizim artıq sistemləşmiş-institutlaşmış yaltaqlıq fəaliyyətimizə bir töhfəsi olar...
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ