Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsinin Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirməsinə Avrasiya İqtisadi İttifaqındakı bəzi tərəfdaşların bəyanatları da təsir göstərib.
Musavat.com xəbər verir ki, Paşinyan bunu avqustun 7-də rusiyalı jurnalistlərlə söhbəti zamanı deyib.
O qeyd edib ki, Avropa İttifaqı Ermənistan üçün mühüm ticarət-iqtisadi tərəfdaşdır, lakin hazırda məsələ Aİ ilə Avrasiya İqtisadi İttifaqını müqayisə etmək deyil.
Baş nazirin sözlərinə görə, əsas məqsəd Ermənistan üçün alternativ əməkdaşlıq imkanları yaratmaqdır.
"Aİİ-dəki bəzi həmkarlarımız bu prosesi özləri sürətləndirdilər. Onlar deyirdilər ki, Ermənistana heç kimin ehtiyacı yoxdur və onu heç yerdə gözləmirlər.Biz isə bu siqnalı mənfi yox, müsbət qəbul etdik və işləməyə başladıq. Çünki reallıqda vəziyyət tamamilə fərqlidir", – deyə Paşinyan bildirib.
Erməni mediası isə daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenkonun "Ermənistan kimə lazımdır?" məzmunlu bəyanatla çıxış etdiyini xatırladıb.
Beləliklə, Paşinyan dolayısı ilə Ermənistanın Avropa İttifaqına yaxınlaşmasının səbəblərindən biri kimi məhz Lukaşenkonun həmin açıqlamasını göstərib.
Musavat.com
08 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ