Onlayn ictimai-siyasi qəzet
“Rusiyanın Ermənistan mallarının idxalına qadağaları Ermənistan istehsalçıları üçün yeni imkanlar açır”. Bu fikri baş nazir Nikol Paşinyan iyulun 30-da hökumətin iclasında səsləndirib.

“Çoxları Avrasiya İqtisadi İttifaqı və Rusiya bazarındakı vəziyyəti böhran hesab edir, mən isə bunu fürsət sayıram. Bu, böhran deyil, fürsətdir, özümüz üçün açdığımız pəncərədir. Biz qapının mil-oxlarını yağladıq və qapını sakitcə açdıq, indi isə pəncərəni və ventilyasiyanı rəvan şəkildə nizamlamalıyıq”, - Paşinyan söyləyib. Baş nazirin sözlərinə görə, alternativsiz dövr bitib, hər yerdə və daim alternativ olmalıdır: “Nə qədər çox olsa, bir o qədər yaxşıdır. Xalqımız bilməlidir ki, onun seçim etmək imkanı var”.
Bəs Azərbaycan və Türkiyə ilə sərhədlər açılmadan Ermənistanın yeni alternativlərə çıxış imkanları nə dərəcədə effektiv olacaq? Bu mallar indidən Azərbaycan və Türkiyə bazarına gələ bilərmi?
Politoloq Züriyə Qarayeva hesab edir ki, Paşinyan Avropa bazarını nəzərdə tutaraq belə bir mövqedən çıxış edib. Avropa İttifaqı ilə ticarət dövriyyəsinin artacağını gözləyən ekspertin sözlərinə görə, Brüssel bu yöndə dəstəyini genişləndirəcək: "Təbii ki, Rusiya bazarından asılılığı azaltmaq bir günün işi deyil. Erməni məhsulları bu bazarlarda satılıb, iş adamları böyük gəlirlər əldə edib və indi bu əlaqələri kəsmək, bazarı itirmək, Avrasiya İqtisadi Birliyinin verdiyi güzəştlərdən məhrum olmaq sosial problemlərə yol aça bilər. Ona görə Paşinyan vaxt udmağa, Avropa Birliyi ilə viza rejiminin ləğvinə qədər bu təşkilatda üzv qalmağa çalışır. Rusiya siyasətçiləri də bu hiyləni yaxşı başa düşür və onu tələsdirirlər ki, referendum keçirsin. Onlar bilir ki, indi referendum mümkün deyil. Ona görə etməni mallarına embarqo ilə sosial vəziyyəti pisləşdirir, xalqı hakimiyyətdən narazı salmağa çalışırlar. Bunu da Qərb anlayır və Paşinyanın xalq qarşısında pis vəziyyətə düşməməsi üçün iqtisadi dəstəyi artıracaq. Hərçənd erməni mallarının Avropa standartlarına nə dərəcədə uyğun olması sual doğurur, amma bəzi üzv dövlətlərə ixrac oluna bilər. Hər halda, Avropa İttifaqı Ermənistanın Rusiyadan iqtisadi təsirinin azalması üçün bu addımları atmağa məhkumdur".

Politoloq Paşinyanın "alternativ bazarlar" dedikdə şübhəsiz ki, Azərbaycan və Türkiyəni, həmçinin Gürcüstanı nəzərdə tutduğunu da düşünür: "Məsələn, Rusiyanın qəbul etmədiyi erməni konyakı Gürcüstana satılacaq və artıq qərar verilib. Sözsüz ki, Gürcüstan Rusiya deyil və kiçik bazardı. Amma unutmayaq ki, Gürcüstana gedən erməni məhsullarının oradan Avropa limanlarına daşınması da mümkündür. Yəni çıxış yolları var. Azərbaycan və Türkiyəyə gəldikdə isə erməni mallarının bazarlarımıza gəlməsi istisna deyil. Hazırda Azərbaycandan tranzit keçməklə taxıl, gübrə daşına bilirsə, neft məhsullarımızı Ermənistana sata biliriksə, niyə də erməni aqrar məhsulları idxal olunmasın?! Sadəcə, fitosanitar qaydalara nəzarət ediləcək və daha sonra bazarlara çıxarılacaq. Yəni sülh sazişi olmadan da yükdaşımaları, ticarət dövriyyəsi mümkündür. O baxımdan, Ermənistan üçün yeni fürsətlər yaranır və Azərbaycan da maraqlıdır ki, əlaqələr inkişaf etsin, dayanıqlı sülh olsun".
Emil Salamoğlu
Musavat.com
16 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ