Onlayn ictimai-siyasi qəzet
Ermənistanın siyasi xəritəsində yeni mərhələnin başladığı barədə baş nazir Nikol Paşinyanın son açıqlaması İrəvanın gələcək kursu ilə bağlı diqqətçəkən mesajlar ortaya qoyub. “Ermənistan tarixinin “Dördüncü Respublika” adlandırdığımız mərhələsinə qədəm qoyur”.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib.
Paşinyan bildirib ki, son seçkilərin nəticələri Ermənistanda onun “Real Ermənistan” adlandırdığı ideologiyanın siyasi baxımdan qalib gəldiyini göstərir. Baş nazirin sözlərinə görə, bu nəticə həmin ideologiyanın Ermənistan Respublikasında rəsmi ideoloji xəttə çevrildiyini göstərir.
“Real Ermənistan” konsepsiyasının artıq hökumətin proqram layihəsində də əksini tapdığını bildirən Paşinyan bunun hakim “Vətəndaş Müqaviləsi” Partiyasının VII qurultayında müzakirə edildiyini və bununla bağlı müvafiq bəyannamənin qəbul olunduğunu qeyd edib.
Ermənistan hökumətinin başçısı eyni zamanda “Üçüncü Respublika” ilə onun “Dördüncü Respublika” adlandırdığı mərhələ arasındakı fərqin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Paşinyanın sözlərinə görə, "Üçüncü Respublika"nın siyasi və dövlətçilik modeli ilk gündən Azərbaycanla münaqişə və qarşıdurma məntiqi üzərində qurulub. Baş nazir hesab edir ki, Ermənistanın yeni mərhələsi isə bunun əksinə olaraq sülh məntiqinə əsaslanır.
“Üçüncü Respublika ilk gündən münaqişə və qarşıdurma məntiqi ilə qurulub. Dördüncü Respublika isə sülh məntiqi ilə formalaşır və formalaşıb”, - deyə Paşinyan bildirib.
Qeyd edək ki, “Üçüncü Respublika” anlayışı Ermənistanın 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini bərpa etməsi ilə başlayan dövrü ifadə edir. Ermənistan tarixində "Birinci Respublika" 1918-1920-ci illəri, "İkinci Respublika" isə 1920-1991-ci illərdəki sovet dövrünü əhatə edir.
Paşinyanın siyasi ritorikasında “Dördüncü Respublika” anlayışı isə 2018-ci ildə hakimiyyətə gəlməsindən sonrakı mərhələ ilə əlaqələndirilir. Baş nazir bununla Ermənistanın dövlətçilik modelində yeni siyasi və ideoloji mərhələnin başladığını vurğulamağa çalışır.

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-a dedi ki,dövlətlər tarixən müxtəlif formasiyalardan keçərək fərqli adlar ala bilirlər: “Məsələn, bunun ən bariz örnəklərindən biri hazırda V Respublika dövrünü yaşayan Fransadır. Lakin Fransa və ya ümumilikdə bütün dünya IV Respublikadan miras qalan ən böyük problem-fransız kolonializm ilə hələ də üzləşməkdədir. Bu, yeni forma alsa da, dövlətçilik mahiyyətindən tam olaraq silinməyib. Fransızlarla dərin tarixi-siyasi bağları olan ermənilərin bu dövlət idarəçilik yanaşmasını mənimsəməyə çalışdıqlarını demək olar. Dövlətin fərqli mahiyyət daşıdığı siyasi dövrlərin fərqli adlandırılması - bu, Paşinyanın Qarabağ müharibəsi sonrası, daha doğrusu post-münaqişə dövründə Ermənistan dövlətçiliyinin sülh gündəliyinə keçid etdiyini nümayiş etdirməyə xidmət edir. "Real Ermənistan" konsepsiyası əsasında inkişaf etdirdiyi "IV Respublika" yanaşması bu mənada sülh gündəliyinin, post-münaqişə dövrünün məhsuludur. Yəni, bunu 2018-ci ildəki Məxməri inqilaba bağlamaq, yanlış olardı. Çünki, 44 günlük müharibəni də, 2021-2023-cü illərin reallığını da yaradan məhz Paşinyan höküməti olub. Bununla belə, 2024-cü ildən bəri "Real Ermənistan" tezisinin mənimsənməsi və IV Respublika yanaşmasının ortaya atılması Ermənistanın gələcək dövr üçün seçdiyi istiqamətdən xəbər verir. Bu, sülh istiqaməti olub, regional əməkdaşlığa xidmət edən model sayıla bilər. Bu istiqamətdə mühüm addımlar artıq atılmaqdadır: Azərbaycanla Ermənistan arasında 2025-ci ilin 8 avqustunda Vaşinqtonda sülh müqaviləsi mətninin paraflanması, iqtisadi əlaqələrin bərpası, vətəndaş diplomatiyası, ikitərəfli diplomatik əlaqələr kontekstində yeni addımlar - bütün bunlar mühüm əhəmiyyət daşıyır. Lakin Ermənistan Konstitusiyasından Azərbaycana və Türkiyəyə ərazi iddiaları ortadan qaldırılmadıqca Paşinyanın müvafiq konsepsiyası yalnız sözdə qalacaqdır. Düşünürəm ki, Fransada yuxarıda bəhs etdiyim hər beş respublikanın konstitusiyaya dəyişiklik etməsi nümunəsi (1795, 1848, 1875, 1946, 1958) Ermənistan üçün də mühüm motivasiya və təcrübə əxzi üçün əsas yaratmalıdır. Başqa sözlə, fransız idarəçilik prinsiplərini natamam mənimsəmə düzgün olmazdı. Odur ki, Paşinyanın real sülh gündəliyi yalnız Konstitusiyaları dəyişdirildikdən sonra real məna kəsb etməyə başlayacaqdır”.
Cavanşir Abbaslı
Musavat.com
21 Avqust 2026
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ