Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası bülletenlərin 100 %-i sayıldıqdan sonra 49,81 % səs toplayıb. Paşinyan bildirib ki, seçkilərin nəticələrinə görə hakim "Vətəndaş müqaviləsi" partiyası parlament çoxluğunu təşkil edəcək və hökuməti formalaşdıracaq.
Azərbaycanın gözləntisi aydındır: Paşinyan hökuməti sülh üçün lazımi addımları atmalı, sülh müqaviləsinin imzalanması üçün tələb olunan şərtləri yerinə yetirməlidir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində keçirilən mətbuat konfransında bildirib ki, sülh prosesinin tam dayanıqlı və davamlı sülhə çevrilməsi, normal dövlətlərarası münasibətlərin qurulması, sazişə yekun imzanın qoyulması üçün həlli vacib olan məsələlərin tam yerinə yetirilməsi önəm kəsb edir.
Milli Məclisin deputatı Rizvan Nəbiyev Musavat.com-a şərhində bildirib ki, Ermənistanda seçki prosesi və nəticələrə təsir edən Rusiya, Qərb-ABŞ və Azərbaycan faktorları var idi. Deputatın sözlərinə görə, Rusiya və Qərb seçkiyə birbaşa müdaxilə edir, bu və ya digər siyasi qüvvələri dəstəkləyir və onları resurslarla təchiz edirdi, Azərbaycanın yanaşması isə fərqli oldu:
“Azərbaycan aktiv müdaxilə etmədi. Azərbaycan yeni siyasi reallıq yaratmaqla, sülh gündəliyi formalaşdırmaqla platforma təklif etdi. Paşinyan seçki gündəliyini məhz bu platforma üzərində qurdu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərbi, siyasi və diplomatik müstəvidə əldə etdiyi nəticələr Ermənistan hakim siyasi sistemini əvvəlki maksimalist və revanşist yanaşmadan uzaqlaşmağa məcbur etdi. Bu gün Ermənistanda sülh gündəliyinin seçki platformasına çevrilməsi birbaşa Azərbaycanın bölgədə formalaşdırdığı yeni güc balansının və Prezident İlham Əliyevin strateji siyasətinin nəticəsi kimi qiymətləndirilə bilər.
Ermənistanda keçirilən seçkilərin nəticələri göstərdi ki, baş nazir Nikol Paşinyanın irəli sürdüyü sülh gündəliyi cəmiyyətin böyük bir hissəsi tərəfindən dəstəklənir. Bu, ilk növbədə onu göstərir ki, uzunmüddətli hərbi qarşıdurmanın ölkəni siyasi, iqtisadi və təhlükəsizlik baxımından ağır vəziyyətə saldığı ilə bağlı reallıq Ermənistan cəmiyyətində qəbul olunmaqdadır.
Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra bölgədə sülh və əməkdaşlıq gündəliyi formalaşdırdı. Prezident İlham Əliyevin də BMT Baş Assambleyasında qeyd etdiyi kimi, “Biz həm müharibəni, həm də sülhü qazandıq”. Bu gün Ermənistan siyasi rəhbərliyi artıq regionda yaranmış bu yeni reallığı nəzərə almağa məcburdur. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasına hazırdır, lakin bunun üçün hüquqi və siyasi maneələr aradan qaldırılmalıdır. Dövlət başçısı bildirib ki, Ermənistan konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddiaları qaldığı müddətdə yekun sülh sazişi mümkün deyil və “top Ermənistanın meydançasındadır”.
Deputat vurğulayıb ki, seçkinin nəticəsi avtomatik şəkildə bütün problemlərin həll olunacağı anlamına gəlmir:
“Sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın haqlı olaraq gözlədiyi fundamental məsələlər var. Bunların sırasında Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması, separatçı mahiyyətli strukturların və xaricdə fəaliyyət göstərən qondarma “Qarabağ nümayəndəlikləri”nin ləğvi xüsusi əhəmiyyət daşıyır. Nikol Paşinyanın bu dəyişikliklərə nail olub-olmayacağı ilk növbədə onun siyasi iradəsindən və Ermənistan dövlət institutlarının nə dərəcədə real vəziyyətə nəzarətə malik olmasından asılı olacaq. Çünki Ermənistanda revanşist qüvvələr, keçmiş hakimiyyətə bağlı dairələr, radikal millətçi qruplar və bəzi xarici mərkəzlərlə əlaqəli təsir şəbəkələri fəaliyyətlərini davam etdirirlər.
Prezident İlham Əliyev Zəngilanda keçmiş məcburi köçkünlərlə görüşündə də bu təhlükəyə diqqət çəkərək bildirib: “Ermənistan cəmiyyətində Azərbaycana nifrət hissi ilə yaşayan siyasi qüvvələr olduğu müddətdə biz ayıq-sayıq olmalıyıq”.
Burada Avropanın tarixi təcrübəsi də mühüm müqayisə imkanı yaradır. İkinci Dünya müharibəsindən sonra Fransa və Almaniya onilliklərlə davam etmiş düşmənçilik və müharibə tarixini arxada qoyaraq siyasi barış modelini formalaşdırdılar. Xüsusilə 1963-cü il Yelisey müqaviləsi Avropada yeni təhlükəsizlik və inteqrasiya sisteminin əsasını qoydu. Bu gün Avropa İttifaqının əsas sütunlarından biri məhz Fransa-Almaniya əməkdaşlığıdır. Eyni proses Almaniya-Polşa münasibətlərində də müşahidə olundu. Tarixi münaqişələrə, sərhəd problemlərinə və qarşılıqlı ağır travmalara baxmayaraq, tərəflər son nəticədə siyasi reallığı qəbul etdilər, sərhədlərin toxunulmazlığını tanıdılar və əməkdaşlıq modelinə keçdilər”.
R.Nəbiyev qeyd edib ki, Cənubi Qafqazda davamlı sülh yalnız siyasi reallığın qəbulundan keçir:
“Ermənistan cəmiyyəti və siyasi elitası anlamalıdır ki, revanşizm regionu yeni risklərə aparır, əməkdaşlıq isə iqtisadi inkişaf, kommunikasiya imkanları və təhlükəsizlik deməkdir. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Azərbaycanın məqsədi müharibə deyil, regionda davamlı sülhün təmin edilməsidir. Dövlət başçısının ifadəsi ilə desək, “Biz Ermənistanı məhv etmək və ya onun müstəqilliyini əlindən almaq niyyətində deyilik”. Bununla belə, seçkilərin əsas mesajı odur ki, Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi artıq revanşizmin ölkəyə heç bir perspektiv vermədiyini anlayır. Əgər Paşinyan hakimiyyəti bu ictimai sifarişi düzgün qiymətləndirərsə və real addımlar atarsa, Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün tarixi imkan yarana bilər. Bu prosesdə əsas məsələ bəyanatlardan daha çox praktiki addımların atılmasıdır. Regionun gələcək təhlükəsizliyi və inkişafı məhz bundan asılı olacaq. Bu Ermənistana digər ölkələrdə iqtisadi-maliyyə müstəvisində itirdiklərini Azərbaycan və Türkiyə tandemi ilə əməkdaşlıq hesabına kompensasiya etmək imkanı da yaradacaq. Ermənistanın dövlət kimi təhlükəsizliyinin qorunması da məhz bu tandemlə münasibətlər ini necə qurmasından asılı olacaq”.
Nigar Həsənli
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ