Onlayn ictimai-siyasi qəzet
Ermənistanda keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın hakimiyyəti dövrünə dair cinayət işlərinin açılması və hər ikisinin məsuliyyətinə cəlb edilməsi fonunda maraqlı sual yaranır: niyə Nikol Paşinyan ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın 7 il davam edən hakimiyyəti illəri ilə bağlı analoji araşdırmanın aparılmasına təşəbbüs göstərmir?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Ter-Petrosyan dövrünün araşdırılmaması həmin illərdə qanun pozuntularının olmadığı anlamına gəlmir: “Sadəcə, hazırkı mərhələdə Paşinyanın siyasi və hüquqi prioritetləri Köçəryan-Sarkisyan hakimiyyəti üzərində cəmlənib. Məsələyə yalnız Levon Ter-Petrosyanın dövründə qanun pozuntuları olmayıb prizmasından yanaşmaq düzgün olmaz. Ter-Petrosyanın hakimiyyəti zamanı da özəlləşdirmə, dövlət əmlakının bölüşdürülməsi və hakimiyyət-biznes münasibətlərindəki qanun pozuntuları barədə çoxsaylı məlumatlar yayılıb.
Paşinyanın Levon Ter-Petrosyana münasibətinin Köçəryan və Sərkisyana münasibətindən fərqli olmasının arxasında bir sıra faktorlar dayanır. Burada siyasi amillər xüsusi nəzərə alınmalıdır. Paşinyanın Ter-Petrosyanla keçmişdə yaxın siyasi əlaqələri olub. O, 2012-ci ildə Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresinin siyahısından parlamentə seçilmişdi. Bu baxımdan onların münasibətləri Köçəryan və Sarkisyanla müqayisədə tamamilə fərqli siyasi müstəvidə olub. Paşinyan hakimiyyətinə Ter-Petrosyanın möveyi də radikal deyil, loyaldır.
Paşinyanın xüsusilə Robert Köçəryanla münasibətləri təkcə rəqib yox, qan düşmənçiliyi münasibəti səviyyəsində pisdir. 2008-ci ilin mart hadisələrində Paşinyanın qardaşı məhz Köçrəyanın əmri ilə küçədə güllələnərək qətlə yetirilib. Bundan başqa, Köçəryanın və Sərkisyanın Ermənistan dövləti və xalqı qarşısında cinayətləri Levon Ter-Petrosyanın dövründə yol verilən qanun pozuntularından dəfələrlə çoxdur və ağırdır. Bütün bu və digər amillər məlum cütlüyü daha asan hədəfə almağa və barələrində konkret cinayət faktlarına görə cinayət işi açılmasına imkan verdi”.
Hüquqşünas hesab edir ki, əgər Paşinyanın məqsədi Ermənistanın 1991-ci ildə müstəqillik əldə etməsindən sonrakı bütün dövrdə korrupsiya və dövlət əmlakı ilə bağlı qanun pozuntularını sistemli şəkildə araşdırmaqdırsa, bütün hakimiyyət dövrlərinə eyni hüquqi meyar tətbiq edilməlidir. Paşinyan istəsə, Levon Ter-Petrosyan dövrünün də qanunsuzluqlarını ortaya çıxara bilər. Ancaq bugünkü reallıqda belə görünür ki, Ermənistan baş nazirinə Ter-Petrosyan dövrünü araşdırmaq lazım deyil”.
Etibar Seyidağa,
Musavat.com
27 Avqust 2026
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ