İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanı Kremldə gözləyən üç ssenari: Ya özünü, ya da Ermənistanı əzəcəklər...

İrəvan-Moskva qarşıdurması yeni mərhələyə keçir – erməni polittexnoloqlar baş nazirin qarşısında cəmi üç yol qaldığını deyirlər

Nikol Paşinyanın Moskvaya gözlənilən səfəri Ermənistan mediasında artıq adi diplomatik görüş kimi deyil, İrəvanın Rusiya ilə münasibətlərində həlledici mərhələ kimi müzakirə olunur. Səfərin Vladimir Putinin dəvəti ilə baş tutacağı bildirilir. Sentyabrın 1-də Bişkekdə keçirilən görüşdən sonra Putin və Paşinyan arasında dialoqun davam etdirilməsi barədə razılaşma əldə olunub.

Musavat.com NEWS.am-a istinadən xəbər verir ki, Paşinyanın Moskva səfəri ərəfəsində polittexnoloq Armen Badalyanın açıqlamasını dərc edib.

Ekspert baş nazir üçün üç mümkün ssenari sadalayıb. Onun fikrincə, Paşinyan ya Moskvada ciddi güzəştlərə getməli olacaq, ya Rusiyaya meydan oxuyacaq və bunun nəticələrini Ermənistan iqtisadiyyatı ödəyəcək, ya da Qərbdən böyük maliyyə dəstəyi taparaq müqavimət göstərməyə çalışacaq.

Birinci ssenari – Paşinyan geri çəkilir

Badalyanın təsvir etdiyi ilk ssenari Paşinyanın Moskvanın tələbləri qarşısında geri addım atmasıdır.

Erməni ekspert bunu kifayət qədər sərt ifadə ilə təsvir edir. Onun sözlərinə görə, Paşinyan “tamamilə əzilə” bilər. Yəni Moskva qarşısında müəyyən siyasi və iqtisadi güzəştlərə getmək, Ermənistanın Avropaya inteqrasiya kursunu məhdudlaşdırmaq və Rusiya ilə münasibətlərdə daha ehtiyatlı xətt seçmək məcburiyyətində qala bilər.

Burada əsas mübahisə Ermənistanın Aİ-yə yaxınlaşması ilə Avrasiya İqtisadi İttifaqında üzvlüyünün bir-biri ilə necə uzlaşdırılacağı məsələsidir.

Sentyabrın 1-də Bişkekdə Putin açıq şəkildə bildirib ki, Ermənistanın Aİ-yə üzvlüyü Aİİ-də qalmaqla bağlı ciddi problemlər yarada və mövcud ticarət zəncirlərinin qırılmasına səbəb ola bilər. Paşinyan isə Ermənistanın Aİİ-dən çıxmaq barədə tərəfdaşlarını məlumatlandırmadığını və alternativləri qorumağa çalışdığını deyib. Deməli, Moskva ilə İrəvanın əsas fikir ayrılığı artıq gizli deyil.

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan 1 sentyabr 2026-cı ildə Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər.

İkinci ssenari – Paşinyan “yox” deyir, hesabı isə Ermənistan ödəyir

İkinci variant daha sərt qarşıdurmadır. Badalyanın fikrincə, Paşinyan Kremldə Rusiyanın mövqeyinə qarşı çıxaraq “yox” deyə bilər. Bu halda Moskva birbaşa Paşinyanın özünə deyil, onun rəhbərlik etdiyi Ermənistana təzyiq göstərə bilər.

Erməni ekspertin açıqlamada Rusiyanın Ermənistan üzərində bir neçə ciddi təsir rıçaqına malik olduğunu bildirməsi diqqət çəkir. O, Rusiyadan Ermənistana pul köçürmələrinin məhdudlaşdırılması, Ermənistan kənd təsərrüfatı məhsullarının Rusiya bazarına çıxışı, miqrantların vəziyyəti və qaz qiymətlərini mümkün təzyiq vasitələri kimi göstərib.
Bu səbəbdən Paşinyanın Kremldə sərt mövqe nümayiş etdirməsi siyasi baxımdan asan görünsə də, Ermənistan iqtisadiyyatı üçün ciddi risklər yarada bilər.

Üçüncü ssenari – Qərbdən 1 milyard avroluq “xilas paketi”

Üçüncü variant isə daha çox hipotetik xarakter daşıyır. Armen Badalyanın sözlərinə görə, Paşinyanın Moskvanın təzyiqinə müqavimət göstərməsi üçün təxminən 1 milyard avro həcmində maliyyə dəstəyinə ehtiyacı ola bilər. Ekspert bu vəsaitin Türkiyə və ya Avropa İttifaqından gəlməsinin mümkünlüyünü istisna etmir, lakin belə bir məbləğin haradan tapılacağını özü də bilmədiyini deyir. Lakin Badalyan burada da Paşinyana uzunmüddətli çıxış yolu görmür. Onun fikrincə, belə bir milyardlıq maliyyə dəstəyi əldə olunsa belə, bu, problemi yalnız təxminən bir il təxirə sala bilər. Daha sonra eyni böhran yenidən başlayacaq...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR