İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın “eyni hamam, eyni tas” komandası 

Ermənistanda yeni parlamentin fəaliyyətə başlaması ölkənin siyasi sistemində ciddi dəyişiklik gözləntilərini doğrultmadı. Əksinə, iyunda keçirilən parlament seçkilərindən sonra formalaşan mənzərə göstərir ki, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyət komandası siyasi kursu dəyişmək niyyətində deyil.

Musavat.com xəbər verir ki, bu barədə yekramas.org yazır.

“Yeni parlamentin ilk günləri də bunu təsdiqlədi: hakimiyyət strukturlarında əsas vəzifələr yenə də eyni siyasi komandanın nümayəndələri arasında bölüşdürüldü.Parlamentin sədri vəzifəsinə yalnız hakim “Vətəndaş müqaviləsi” partiyasının namizədi Ruben Rubinyanın təqdim olunması bunun ilk göstəricisi oldu. Əvvəlki çağırışda vitse-spiker vəzifəsini tutan Rubinyanın bu dəfə parlamentin rəhbəri seçilməsi hakimiyyətin kadr siyasətində dəyişiklik deyil, mövcud komandanın yeni vəzifələrə yerləşdirilməsi kimi qiymətləndirilə bilər” deyə, nəşr yazır.

Rubinyanın ilk çıxışında yeni parlamentin “sıfır nöqtə”dən başlamaq təklifi haqda isə nəşr belə yazır:

“O, hakimiyyətlə müxalifət arasında qarşılıqlı təhqirlərin dayandırılmasını və sivil siyasi müzakirələrin aparılmasını təklif etdi. Bu çağırış ilk baxışdan konstruktiv görünə bilər. Lakin Ermənistanın siyasi reallığında əsas sual budur: müxalifətlə münasibətlərin yumşaldılması ölkənin real problemlərinin həllinə gətirib çıxaracaqmı? Çünki Ermənistan parlamentində əsas qarşıdurma yalnız siyasi üslub və ritorika üzərində qurulmayıb. Burada ölkənin xarici siyasəti, Azərbaycan və Türkiyə ilə münasibətlər, Rusiya ilə əlaqələrin gələcəyi, iqtisadi siyasət və təhlükəsizlik məsələləri kimi fundamental problemlər dayanır. Üstəlik, yeni parlamentin ilk günündən etibarən müxalifətin səsvermədən kənarda qalması göstərdi ki, hakimiyyətlə müxalifət arasında siyasi etimad problemi ciddidir”.

Picture background

Nəşr qeyd edir ki, əsas problem “köhnə heyət, köhnə siyasət” kursunu aparan hökumətdədir.

“Yeni hökumətin tərkibinə nəzər saldıqda ilk diqqət çəkən məqam dəyişikliklərin minimum səviyyədə qalmasıdır. Bir neçə kosmetik dəyişiklik istisna olmaqla, Paşinyan əvvəlki komandanı qoruyub. Mher Qriqoryan və Tiqran Xaçatryan yenidən baş nazirin müavinləri təyin olunublar. Ararat Mirzoyan xarici işlər naziri, Suren Papikyan müdafiə naziri vəzifəsində qalıb. Daxili işlər naziri Arpine Sərkisyan, ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan, təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan, ətraf mühit naziri Hambardzum Matevosyan da vəzifələrini qoruyublar. Ədliyyə naziri Srbuhi Qalyan, əmək və sosial məsələlər naziri Arsen Torosyan və səhiyyə naziri Anait Avanesyan da hökumətdə qalıblar. Yeganə nəzərəçarpan dəyişiklik yüksək texnologiyalar sənayesi sahəsində baş verib – nazirliyin rəhbəri dəyişdirilərək bu posta David Tadevosyan gətirilib. Beləliklə, Ermənistan cəmiyyətinin qarşısına faktiki olaraq yeni hökumət yox, köhnə hökumətin yenilənmiş adı çıxarılıb”.

“Bəs, Paşinyan niyə komandanı dəyişmir” sualına gəlincə, nəşr yazır ki, bunun bir neçə siyasi izahı ola bilər: “Birincisi, Paşinyan öz komandasına nəzarəti itirmək istəmir. İkincisi, hakimiyyət üçün əsas meyar peşəkarlıqdan daha çox siyasi sədaqət ola bilər. Üçüncüsü isə kadr dəyişikliklərinin hakimiyyətin əvvəlki kursunun uğursuzluğunun etirafı kimi qəbul edilməsindən ehtiyat edilir. Çünki bir nazirin vəzifədən çıxarılması avtomatik olaraq sual doğurur: əgər bu şəxs uğursuz olubsa, niyə bu qədər müddət vəzifədə saxlanılıb? Buna görə də komandanın qorunması Paşinyan üçün siyasi baxımdan daha rahat variantdır. Hakimiyyət beləliklə həm əvvəlki siyasətin davamlılığını təmin edir, həm də məsuliyyəti şəxslər arasında bölüşdürməkdən yayınır”.

O da bildirilir ki, Paşinyan hakimiyyətinin qarşısında indi daha mürəkkəb vəzifə dayanır:
“Bir tərəfdən Azərbaycanla sülh prosesini irəli aparmaq, digər tərəfdən Türkiyə ilə münasibətləri normallaşdırmaq, eyni zamanda Rusiya ilə münasibətlərin gələcəyini müəyyənləşdirmək və Qərblə yaxınlaşmanın yaratdığı geosiyasi riskləri idarə etmək. Bütün bunları isə eyni kadrlarla və əvvəlki siyasi yanaşmalarla etmək asan görünmür. Əgər Paşinyan bunun üçün də eyni komanda ilə yoluna davam edəcəksə, onda Ermənistan cəmiyyətinin qarşısında daha bir sual dayanacaq: Yeni parlament həqiqətən yeni mərhələnin başlanğıcıdır, yoxsa köhnə siyasətin yeni dekorasiyası?”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2026

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR