İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdə bir gündə 1600 ailəyə mənzil - 280 milyonluq layihə

Gürcüstanda məcburi köçkünlərin mənzillə təmin olunması proqramı çərçivəsində Tiflisdə 1600 ailəyə yeni və tam təmirli mənzillər təqdim edilib. Layihəyə 280 milyon lari sərmayə qoyulub.

Musavat.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze məcburi köçkünlərə mənzillərin təqdim edilməsi mərasimində açıqlayıb.

Mənzillərlə təmin olunanlar əsasən Abxaziya və Cənubi Osetiyadan didərgin düşmüş gürcü ailələridir. Onlar 1990-cı illərdə Abxaziya və Cənubi Osetiyada baş verən silahlı münaqişələr, eləcə də 2008-ci il Rusiya–Gürcüstan müharibəsi nəticəsində evlərini tərk etmiş məcburi köçkünlərdir.

Tiflisdə yaradılan yeni yaşayış kompleksi ümumilikdə 11 bina və 2400-dən çox mənzili əhatə edir. Dörd binaya sakinlər ötən il köçürülüb, daha 1600 ailə isə kompleksin yeni yeddi binasında mənzillə təmin olunub. Ərazidə yaşıllıq zonaları, idman və uşaq meydançaları da yaradılıb.

Proqram yalnız Tiflislə məhdudlaşmır. Rustavidə 800 ailə üçün dörd yaşayış binası tikilir. Zuqdididə yeddi yeni binada 1700-dən çox mənzil veriləcək, Borjomida isə daha 150 ailənin yaşayış sahəsi ilə təmin olunması nəzərdə tutulur.

Kobaxidzenin sözlərinə görə, 2012-ci ildən indiyədək müxtəlif dövlət proqramları çərçivəsində 45 mindən çox ailəyə yeni və abadlaşdırılmış mənzil verilib.

Baş nazir məcburi köçkünlərə müraciət edərək onların uzun illər layiqli mənzil gözlədiklərini bildirib və yeni ev sahiblərinə sülh və rifah arzulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR