İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov Ukrayna haqda elə sözlər dedi ki... – Kremldən ACI etiraf

“Donbas istiqamətində döyüşlərin gedişi Rusiya ordusunun hücum sürətinin əhəmiyyətli dərəcədə zəiflədiyini göstərir”. Bu barədə “The New York Times” nəşri yazıb. Qəzet qeyd edir ki, bəzi cəbhə xətlərində Ukrayna qüvvələri mövqelərini geri qaytara bilib.

Məlumata görə, hazırkı hücum tempi dəyişməz qalarsa, Moskvanın Donbası tam nəzarətə götürməsi üçün 30 ildən çox vaxt lazım ola bilər. Nəşr, həmçinin, bildirir ki, müasir döyüşlərdə dronların geniş istifadəsi irimiqyaslı hücum əməliyyatlarının əvvəlki kimi effektiv olmasına mane olur. Bundan əlavə, Rusiyada rabitə problemləri və Telegram-la bağlı tətbiq olunan məhdudiyyətlərin də əməliyyatlara əlavə çətinlik yaratdığı qeyd edilir.
Bəs Ukrayna yavaş-yavaş öz ərazilərini geri ala bilərmi?

Ukrayna hökuməti "Alfa" xüsusi təyinatlı dəstəsinin komandirlərini  darmadağın etdi - Baki-Xeber.com

Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna münaqişəsinin həllinin son dərəcə mürəkkəb və uzun bir proses olduğunu bildirib. Onun sözlərinə görə, Moskva ilə Kiyev arasında sülh razılaşmasına gedən yol “çox uzun və mürəkkəb detallarla dolu” olacaq. Belə bir açıqlama “xüsusi hərbi əməliyyatın” fiasko olduğunun dolayı etirafı deyilmi?

Hərbi ekspert Rövşən Məhərrəmov hesab edir ki, Peskovun Ukrayna münaqişəsinin “çox uzun və mürəkkəb proses” olduğunu deməsi və Qərb mətbuatında gedən təhlillər fonunda müharibənin gedişatı siyasi etiraflara sürükləyir: “Burada əsas məsələ hücumun sürətinin azalması və müharibənin klassik ildırım sürətli əməliyyat modelindən çıxmasıdır. Donbas istiqamətində hücum tempinin zəifləməsi göstərir ki, tərəflər artıq genişmiqyaslı və sürətli irəliləyişlərdən çox, mövqelər uğrunda uzunmüddətli və yorucu döyüşlərə keçiblər. Peskovun “uzun və mürəkkəb proses” ifadəsi də müharibənin qısa müddətdə həll olunacağı gözləntisinin aradan qalxdığını göstərir. Bu, həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə yönəlmiş mesajdır ki, qarşıdurma yaxın perspektivdə bitən deyil. Cəbhədəki vəziyyətə baxdıqda isə artıq müharibənin xarakteri dəyişib. Kiçik ərazi dəyişiklikləri mümkündür və cəbhə xətti müəyyən istiqamətlərdə irəli-geri hərəkət edə bilir, amma bu dəyişikliklər böyük strateji dönüş yaratmır. Böyük şəhərlərin və geniş regionların qısa müddətdə nəzarətə götürülməsi isə əvvəlki mərhələlərlə müqayisədə xeyli çətinləşib və demək olar ki, uzunmüddətli mühasirə və ağır itkilər tələb edir”.

Polkovnik Rövşən Məhərrəmov: "Ali Baş Komandanın bir əmri kifayətdir ki..."

Hərbi ekspert deyib ki, müdafiə xəttləri hücum əməliyyatlarına nisbətən daha güclü və dayanıqlı rol oynayır: “Dərinləşdirilmiş istehkamlar, mina sahələri və çoxqatlı müdafiə strukturları hücum edən tərəfin sürətli irəliləyiş imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Buna görə də cəbhədə üstünlük tez-tez hücum edən tərəfdən müdafiə edən tərəfə keçir. Digər vacib faktor isə dronların geniş istifadəsidir. Dron texnologiyası müasir döyüş meydanında balansı lokal səviyyədə dəyişir və böyük texnika koloniyalarının hərəkətini daha riskli edir. Kiçik pilotsuz vasitələr həm kəşfiyyat, həm də zərbə funksiyası ilə əməliyyatların tempini aşağı salır və hər bir irəliləyişi daha planlı və ehtiyatlı etməyə məcbur edir”.

Hərbi ekspertin sözlərinə görə bu reallıqlar fonunda Ukraynanın yavaş-yavaş əraziləri geri alması mümkün olsa da, bu proses sürətli formada baş vermir: “Əksinə, bu, uzun müddətə yayılan, lokal uğurlar və itkilərlə müşayiət olunan mürəkkəb bir hərbi dinamika kimi görünür. Peskovun açıqlaması və Qərb analitiklərinin qiymətləndirmələri bir nöqtədə üst-üstə düşür ki, müharibə artıq ilkin planlarda nəzərdə tutulan sürətli nəticə mərhələsindən çıxıb və uzunmüddətli, çətin, dəyişkən və çoxqatlı qarşıdurma mərhələsinə keçib”.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR