Onlayn ictimai-siyasi qəzet
Düz deyirlər, coğrafiya qədər-qismət məsələsidir. Onu da düz deyirlər ki, ev alma, qonşu al. Yəni araşdır, qonşunun kim olacağını öyrən, sonra onun qonşuluğunda ya ev tikdir, ya da hazırını al.
Ulu əcdadlarımız bu yerlərdə, 39-42-ci paralellərdə binə salanda belə incə detalları nəzərə almayıblar. Güman ki, onlardan asılı olmayıb. O üzdəndir ki, biz indi qalmışıq gündə bir dil danışan qonşuların əlində.
10 milyonluq xalq isə 4 nəfərlik ailə deyil, bir gün cana doyub evi satasan və çıxıb gedəsən, məsələn, Alyaskaya, İslandiyaya, Taitiyə və sair sarsaq qonşuları olmayan ölkələrə.
Sərt iqliminə baxmayın, ən yaxşısı İslandiyadır. Yayda gecə saat 2-də belə qaranlıq olmur. Dünyanın yeganə ölkəsidir ki, orada ağcaqanad yaşamır. Ondan daha soyuq məkanlarda (Qrenlandiya və Sibirdə) ağcaqanadlar qıj-qıj qıjıldayır, amma İslandiyada bir dənə də yoxdur. Bu ölkədə nə kilsə-monastır davası edən qonşu var, nə də “bizim əcdadlar qədimdə bu vulkanın dibində yaşayıblar, bura bizimdir” deyən etnik qrup. Qulaq dincliyi, can rahatlığı.
Yoxsa bu nə regiondur, bu nə paraleldir, a kişilər? Elə bir gün olmaz ki, kimsə çəpərin o üzündən nəsə bir söz atmasın, iddia irəli sürməsin, bizi qəzəbləndirməsin. Birinin ağzını yumursan, o birisi başlayır. Biriylə dalaşıb ayrılırsan, o biri yumruq göstərir. “Vaxtilə orda mənim bostanım vardı” deyən qonşuya başa sala bilmirsən ki, vaxtilə olub, ucuz xiyar-pomidor yemisən, indi yoxdur.
Budur, gürcülər Zaqatala tərəfdə qımıldanırlar, alban monastırına sahib çıxırlar. El arasında belə hərəkətlərə “qaşınmaq” deyirlər. Bizimkilər də təcrübədən çıxış ediblər, pis-pis danışan ağızın üstündən ard-arda iki şapalaq tutuzdurublar ki, söhbət böyüməsin. Biri götürüb xəritə yayıb: Astaranın Kakalos kəndindən Ağstafanın Böyük Kəsik stansiyasına, Zəngilanın Ağbənd kəndindən Qusarın Yalama qəsəbəsinə qədər bütün ərazimizə “gürcü torpağı” elan edib. (Ola bilər, bunu öz aləmində ara qatmaq istəyən hay qırıntısı edib).
Hələ indi güclü vaxtımızdır, bunlar belə edirlər, zəif olsaydıq, nə edərdilər? Bu da 1139-cu ilin 30 sentyabrıdır ki, Gəncədə zəlzələ ola, başımız qarışa, I Demetri də Tiflisdən basa-basa gəlib şəhərin darvazasını apara. Yeri gəlmişkən, sabah darvazanın çırpışdırılmasının 887-ci ildönümüdür.
Qonşuluğumuzdakı iki ölkədən səfərbərlik xəbərləri gəlir. “Səfərbərlik” nə deməkdir ki? Başqa ölkənin üzərinə hərbi səfərə, yürüşə getmək deməkdir. O ölkələrdən biri Rusiyadır, düz 3 gün 4 il 7 aydır ki, Ukrayna ilə savaşır, N qədər cavanı bədi-fənaya verib, indi 50 yaşa qədər kişiləri aparıb Ukrayna çöllərində qırdırmaq istəyir.
O biri səfərbərlik cənub qonşumuzdadır. Düzdür, Yəmən elə də yaxın qonşumuz deyil, amma yaxın qonşumuzun arxa bağçasıdır. Minlərlə həmvətənimiz isə artıq Yəmənlə Çəmənliyə fərq qoymur, elə danışırlar, sanasan, Hüseyn əl-Husi və onun ardıclıları ilə əmiuşağıdırlar. İndi orada yerli hökumət husiçilərə qarşı səfərbərlik elan edib. İki qardaş bir-birlərini qıracaqlar, Qazan xan demişkən, öz qılıncları öz başlarına enəcək. Ara yerdə iranlılar və bizim bəzi vətəndaşlar həyəcanlanıblar.
Bu tərəfdə sırf qonşu ölkələrin körükləməsi ilə azyaşlı qızların hicab geymək məsələsi yenidən aktuallaşıb. Neçə illərdir, söhbət hicabdan gedəndə, bu, artıq daxili işimiz olmur, qonşular diktə edir ki, elə olsun, belə olsun. Deyirlər ki, qadın saçının görünməsi kişilərin daxilində təlatümə səbəb olur.
Kül o kişinin görməmiş təpəsinə ki, hörük görəndə hörüyünü qırmış dəli danaya dönəcək. Nədir, nə xəbərdir? Qafada cütləşmək fikrindən başqa bir şey yoxdurmu? Ona qalsa, gərək dükan-bazarda boranı da satılmasın. Çünki fiqurası manyak yadına bir şeylər sala bilər. Bəs belələri orkestrdə violonçel görəndə nə edir, görəsən? Ekstaza gəlib divara dırmaşır?
Sonra da deyirlər, əmirkəlilər gavurdur. Gedib, görmüşük. O kafir ölkədə 350 nəfərlik barda bir kişi başını qaldırıb yad qadına zəndlə baxmırdı, hər kəs öz dostlar dairəsi ilə yeyib-içir, əylənirdi.
Avropanın kafir ölkələri dini-imanı yerində olan müsəlmanlarla doludur, öz ölkələrində incidilən kimi qaçıblar kafirlərin yanına. İndi şələləri bellərinə düz gəlib, deyirlər, bu gavurların içində ömrümüz puç olur. Yaramaz, vaxtında aradan çıxmasaydın, ya mollanın fətvasıyla belinə vurulan şallaqdan öləcəkdin, ya da qaldırıcı kranın qarmağında 3 gün sallaq qalacaqdın.
İslandiya isə belələrinə qapı açsa, çoxdan İslamdiya olardı. 6-7 il öncə iki mömin dost Oslodan Reykyavikə uçmuşdular və tutulub deportasiya olunmamaq üçün qaçıb özlərini kilsəyə salmışdılar. Miqrasiya idarəsinin caydaq gədələri isə onları kilsədən çıxarıb birbaşa aeroporta gətirdilər, düşdükləri təyyarə mindirib gəldikləri ölkəyə yolladılar ki, burda, bu kafir vikinqlərin arasında dininiz, imanınız əldən gedər, qayıdın o tərəflərə.
**
Dünya köhnə dünyadır, köhnə qonşuların ritorikası təzədir.
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ