Onlayn ictimai-siyasi qəzet
Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilir. Sammitdə bir sıra ölkələrin və Avropa təşkilatlarının rəhbərləri iştirak edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib. Prezident çıxışında Avropa Parlamentini Azərbaycanla Ermənistan arasında sülh prosesini sabotaj etməyə yönələn addımlar atdığını bildirib və AP-ni sərt tənqid edib. Azərbaycan Milli Məclisinin AP ilə əlaqələri dayandırdığını deyən Prezidentin “Avronest” Parlament Assambleyasında üzvlüyə xitam verilməsi prosedurlarının başlanması barədə qərar qəbul edildiyini də nəzərə çatdırıb. Siyasi ekspertlər Prezidentin samitin açılışındakı çıxışını Azərbaycan dövlətinin və liderinin sülh qurucusu olması və iradəsinin növbəti dəfə nümayiş etdirilməsi hesab edirlər. Nəzərə alsaq ki, sammitdə Avropa İttifaqının rəhbərliyi iştirak edirdi, Prezidentimizin bu mesajlarından Aİ AP-yə təsir göstrmək üçün nəticə çıxarmalıdır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a bildirib ki, cənab Prezidentin Avropa Parlamenti ilə bağlı söylədiyi fikirlər Azərbaycanın öz müstəqilliyini, suverenliyini ən yüksək səviyyədə qorumaq əzmində olan dövlət olduğunu bir daha göstərdi:
“Azərbaycanın bunun üçün güclü iradəsi var. Bu, Cənab Prezidentinin iradəsində var, bu, ona inana Azərbaycan xalqının iradəsində var. Azərbaycanın parlamenti bu günlərdə Avropa Parlamentinin Azərbaycana qarşı növbəti ədalətsiz mövqeyinə sərt etirazı da bunu bir daha sübut etdi. Şübhəsiz ki, Avropa Parlamentinin Azərbaycanla əlaqələrinin kəsilməsi artıq onun Azərbaycanla bağlı məsələlərə öz kanalını bilərəkdən bağlaması oldu. O başqa məsələ ki, nə zamansa ikitərəfli müzakirələrdən və Avropa Parlamentinin Azərbaycanın daxili işlərinə qarışacaq məsələlərdən çəkinəcəyi hiss edilərsə münasibətlər yenidən bərpa edilər. Bir məsələni bilmək lazımdır ki, Avropa Parlamentinin Avropa hökumətlərinin adından danışmaq hüququ yoxdur.
Bu, ümumi siyasi məsələlərin müzakirə edildiyi bir qurumdur. Amma Avropa İttifaqına daxil olan ölkələrin hər birinin müstəqil xarici siyasəti var. Azərbaycan bu gün Aİ-yə daxil olan onlarla ölkə çox siyasi, iqtisadi münasibətlərə malikdir. Ona görə də də Avropa Parlamentinin bir hissəsinin Azərbaycana qarşı qərəzli münasibəti qəbuledilməzdir. Azərbaycan Prezidentinin Avropa Parlamentinə mesajından nəticə çıxarılmalıdır ”.
Etibar Seyidağa,
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ