Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp İranın pulsuzluqdan iflas həddinə yaxınlaşdığını bəyan edib. Bu barədə Tramp “Truth Social” hesabında yazıb.
O yazıb ki, İranın ticarət fəaliyyəti sıfırdır, öz ordusunun xərcini, ümumiyyətlə heç bir xərcini ödəyə bilmir və sürətlə iflasa uğramış bir ölkəyə çevrilir.
Siyasi ekspertlər hesab edir ki, bu açıqlama Trampın İranın maliyyə sarıdan iflic vəziyyətə düşməsini gözlədiyinin təsdiqi hesab edilə bilər. Tramp gözləyir ki, pulsuzluq İranı təslimiyyətt bayrağı qaldırmağa məcbur edəcək.
Bu barədə politoloq Yusif Bağırzadə Musavat.com-a bildirib. Onun sözlərinə görə, Trampın açıqlamasının əsas məğzi ondan ibarətdir ki, Vaşinqton iqtisadi təzyiq vasitəsilə İranın maliyyə imkanlarını maksimum dərəcədə məhdudlaşdırmağa çalışır:
“ABŞ uzun illərdir tətbiq etdiyi sanksiyaların məqsədi də məhz budur. Məqsəd İranın neft gəlirlərini azaltmaq, xarici valyuta axınını məhdudlaşdırmaq və dövlət büdcəsini müflis vəziyyətə gətirməkdir. Trampın yanaşması ondan ibarətdir ki, İranın neft ixracından əldə etdiyi gəlirlər minimuma ensin, hökumətin hərbi və regional layihələri maliyyələşdirmək imkanları azalsın, ölkə daxilində iqtisadi narazılıq artsın, nəticədə Tehran danışıqlarda daha güzəştli mövqe tutmağa məcbur olsun. Lakin tarixi təcrübə göstərir ki, təkcə iqtisadi çətinliklər böyük dövlətləri dərhal təslim olmağa məcbur etmir. İran uzun illərdir sanksiyalar altında yaşayır və bu müddətdə qeyri-rəsmi ticarət mexanizmləri qurub, bəzi ölkələrlə alternativ maliyyə kanalları yaradıb, daxili iqtisadiyyatı müəyyən qədər sanksiyalara uyğunlaşdırıb. Buna görə də iqtisadi sıxıntı avtomatik olaraq siyasi kapitulyasiyaya gətirə bilməyəcək. Əgər maliyyə təzyiqi uzun müddət davam etsə dövlət büdcəsində kəsirlər arta, inflyasiya və işsizlik yüksələ, sosial narazılıq güclənə, hökumət bəzi xarici siyasət prioritetlərini yenidən nəzərdən keçirə bilər”.
Ekspertin sözlərinə görə, amma bu, mütləq şəkildə ABŞ-nin bütün tələblərini qəbul etmək anlamına gəlmir:
“İran dünyanın ən böyük enerji ehtiyatlarına malik ölkələrindən biridir, böyük neft və qaz resurslarına sahibdir. Buna görə də iqtisadi vəziyyət ağırlaşsa belə, ölkənin tam maliyyə çöküşünə uğraması barədə proqnozlar adətən özünü doğrultmur. Reallıqda İranın xarici ticarəti ciddi məhdudiyyətlərlə olsa da davam edir və ölkə hələ də müəyyən həcmdə neft ixrac edir”.
Etibar Seyidağa,
Musavat.com
11 Iyun 2026
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ