Onlayn ictimai-siyasi qəzet
Udmurtiyada rəhbərlik dəyişdi: yeni təyinat Patruşevlər klanı ilə əlaqələndirilir
Rusiyanın Udmurtiya Respublikasında rəhbərlik dəyişikliyi baş verib. Aleksandr Breçalovun istefasından sonra region rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən şəxs kimi kənd təsərrüfatı nazirinin müşaviri Olqa Abramova təyin olunub. Rusiya prezidenti Vladimir Putin iyulun 29-da Kremldə Olqa Abramovanı qəbul edib və onun Udmurt Respublikasına müvəqqəti rəhbəri olması rəsmiləşib.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Abramovanın rəhbər vəzifəyə gətirilməsi Rusiyanın siyasi və biznes dairələrində baş nazirin müavini, adı Putinin varisləri sırasında hallan Dmitri Patruşevin (Nikolay Patruşevin oğlu) təsir dairəsinin genişlənməsi kimi qiymətləndirilir. İddialara görə, bu təyinat resurs və sənaye potensialı baxımından əhəmiyyətli olan Udmurtiyanın Patruşevlər ailəsinə yaxın çevrələrin nəzarətinə keçməsi ilə nəticələnə bilər. Udmurtiya Rusiyanın müdafiə-sənaye kompleksi, neft hasilatı və aqrar sektoru ilə seçilən regionlarından biridir. Bu baxımdan, region rəhbərliyindəki dəyişiklik Volqaboyunda təsir dairələrinin yenidən bölüşdürülməsi ehtimallarını gündəmə gətirib.
Abramovanın əvvəlki fəaliyyəti də onun kənd təsərrüfatı sektoru ilə sıx əlaqələrini göstərir. O, müxtəlif illərdə «Udmurtiya» Aqrosənaye Şirkəti, «Zavyalovski» və «Aqrokompleks Babinski» kimi strukturlarda rəhbər vəzifələrdə çalışıb. Bundan başqa, Udmurtiyanın ən iri aqrar holdinqlərindən biri olan «KOMOS QROUP»da aqrar-sənaye kompleksinin kompleks inkişafı idarəsinin rəis müavini vəzifəsini tutub.
Abramovanın Udmurtiya hökumətində çalışdığı dövrdə iri aqrar qrupların maraqlarının lobbiləşdirilməsi ilə bağlı tənqidlərə məruz qaldığı bildirilir. İddialara əsasən, dövlət subsidiyalarının bölüşdürülməsi zamanı iri aqrar təsərrüfatların üstünlük əldə etdiyi, kiçik fermer təsərrüfatlarının isə dövlət dəstəyindən kənarda qaldığı barədə narazılıqlar olub. Abramovanın Rusiya Kənd Təsərrüfatı Nazirliyində müşavir kimi fəaliyyəti də diqqət çəkir. Mətbuatda onun aqrar sektorda dövlət dəstəyi mexanizmlərinin formalaşdırılmasında, subsidiyalara çıxış meyarlarının müəyyənləşdirilməsində və sahə üzrə müxtəlif məlumat bazalarının yaradılmasında iştirak etdiyi iddia olunur.
Abramovanın Udmurtiyanın hökumətində vitse-premyer kimi fəaliyyəti zamanı 2023-cü ildə baş vermiş quraqlıq nəticəsində fermerlərə kompensasiya ödənişləri ilə bağlı da narazılıqlar yaranıb. İddialara görə, regionda zərər çəkmiş əkin sahələrinin 19 faizi müxtəlif inzibati maneələr səbəbindən büdcə ödənişlərindən kənarda qalıb.
Məlumat üçün deyək ki, Olqa Abramova 23 noyabr 1981-ci ildə Udmurtiya Respublikasının Sarapul rayonunun Siqayevo kəndində anadan olub. Əmək fəaliyyətinə 2001-ci ildə «Sarapulsky Kombinat Xleboproduktov» müəssisəsində texnik kimi başlayıb. Daha sonra kommersiya sektorunda, o cümlədən «Udmurtiya» Aqrosənaye Şirkəti və «KOMOS QROUP»da çalışıb. 2018-ci ildə Udmurtiyanın Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinə rəhbərlik edib. 2020-2024-cü illərdə region hökumətində vitse-premyer və hökumət sədrinin birinci müavini vəzifələrini tutub. 2024-cü ilin oktyabrında isə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyində Oksana Lutun müşaviri təyin olunub. İndi isə Abramova federal nazirlikdən Udmurtiyanın rəhbərliyinə qayıdıb. Onun təyinatının regionda siyasi və iqtisadi təsir qrupları arasında münasibətlərin yenidən qurulmasına necə təsir edəcəyi yaxın aylarda daha aydın görünə bilər.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ