Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putinin son dövrdə səfər və görüşlərinin coğrafiyası nəzərəçarpacaq dərəcədə dəyişib. Əvvəllər avqust ayının böyük hissəsini Soçidə keçirən Putin indi fəaliyyətini əsasən Sibir və Uzaq Şərq regionlarına yönəldib. Araşdırma müəllifləri bunu Ukraynanın Rusiya ərazisinin dərinliklərinə zərbə imkanlarının artması ilə əlaqələndirirlər.
Musavat.com xəbər verir ki, Vladimir Putinin son səfərlərini və Kreml tərəfindən açıqlanan görüşlərinin coğrafiyası siyasi ekspertlərin diqqətini çəkib.
Müəlliflərin diqqət çəkdiyi məqamlardan biri odur ki, Putin getdikcə daha çox Ukrayna dron və raketlərinin çata bilmədiyi Sibir və Uzaq Şərq regionlarında görünür. Bununla yanaşı, Kreml bəzi qapalı görüşləri hələ də “Moskva” qeydi ilə təqdim edir. Araşdırmaçılar bunun prezidentin real hərəkət marşrutlarının gizlədilməsi ilə bağlı ola biləcəyini düşünürlər.
Mövzu ilə bağlı danışan hərbi ekspert Sergey Miqdal Ukraynanın uzaqmənzilli imkanlarının genişlənməsinə diqqət çəkib. Söhbət dronlarla yanaşı, “Flamingo” qanadlı raketlərindən və gələcəkdə sınaqları gözlənilən ballistik raketlərdən gedir. Sonuncuların hədəfə çatma müddətinin xeyli qısa olması Moskva üçün təhlükəni daha da artıra bilər.
Araşdırmada bildirilir ki, təkcə Putin deyil, Rusiya elitasının bir sıra nümayəndələri də Uralın şərqində təhlükəsiz məkanlara üstünlük verməyə başlayıblar. German Qref, Aleksey Miller, Mixail Mişustin və Dmitri Peskovun da daxil olduğu yüksək vəzifəli şəxslərin və dövlət şirkətləri rəhbərlərinin Altay dağlarında əlçatmaz ərazilərdə yerləşən elit iqamətgahlarla əlaqələri olduğu qeyd edilir.
Vladimir Putinin təhlükəsizlik tədbirlərinin başqa bir detalı onun təyyarələri ilə bağlıdır. Araşdırmaya görə, prezident Novosibirsk səfəri zamanı əvvəllər əsas prezident təyyarəsi olmuş, sonradan isə ehtiyat bort kimi istifadə edilən köhnə İl-96 ilə uçub. Belə ehtiyat təyyarələrin prezidentin əsas bortunun ardınca uçması onun hansı təyyarədə olduğunu müəyyənləşdirməyi çətinləşdirən təhlükəsizlik üsullarından biri hesab olunur. İndi isə həmin İl-96-nın yenidən Putinin özünü daşıdığı və onun ardınca Uzaq Şərqə yollandığı bildirilir.
Ekspertlər bütün bunların Putinin təhlükəsizlik strategiyasındakı dəyişikliklərə işarə etdiyini iddia edir: prezidentin fəaliyyət coğrafiyası getdikcə Uralın o tayına, Ukraynanın zərbə vasitələrinin çatmasının daha çətin olduğu ərazilərə doğru dəyişir.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ