Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın bölgədə yaratdığı yeni reallıqların nəticəsi kimi, Moskva-İrəvan münasibətlərində qeyri-müəyyənlik davam edir. Bunu Putinin Nikol Paşinyanı partiyasının 7 iyun seçkilərindəki qələbəsi münasibətilə indiyədək təbrik eləməməsindən də görmək olar.
Belə bir durumda erməni politoloq Georgi Tumasyan maraqlı iddia irəli sürüb. Deyib ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün qışda ölkəyə qaz tədarükünü dayandıra bilər. Onun qənaətincə, ölkədə Rusiyaya bağlı müxalif siyasi qüvvələr məhz buna çalışır: “Müxalifət vətəndaşların küçələrə çıxması üçün onların pis yaşamasını istəyir. Qışda təbii qazı kəsmək də daxil olmaqla, hakimiyyət dəyişikliyinə nail olmaq üçün əllərindən gələni edən qüvvələr var” (Teleqraf).
O, Ermənistanın növbəti baş naziri olacağını xəyal edən rusiyalı oliqarx, hazırda ev dustaqlığında olan Samvel Karapetyan haqda da danışıb. Sitat: “Karapetyanın illərlə Rusiyada şantaj-reketçiliklə məşğul olduğu və erməni iş adamlarını təhdid etdiyi barədə məlumatları var. Qoy növbəti baş nazir olmaq arzusunda qalmağa davam etsin. Karapetyan Serj Sərkisyan və Robert Köçəryanın uzantısıdır”...

Əslində də belədir. Bakının Köçəryan və Sərkisyan kimi beynəlxalq axtarışa verdiyi Karapetyanın Azərbaycan və Türkiyə ilə sülh məsələsinə baxışı Xocalı canilərinin irqçi və şovinist mövqeyindən bir elə fərqlənmir. Üç ölkənin vətəndaşlığını daşıyan bu zatın sədri olduğu “Güclü Ermənistan” partiyası hətta son parlament seçkiləri zamanı Qərbi azərbaycanlıların öz yurd yerlərinə qayıdışını və azərbaycanlıların qonşu ölkədə mülk almasını qadağan edən qanun qəbul eləməyi vəd edib.
Paşinyana gəlincə, yəqin ki, onun qarşıdakı Moskva səfəri ilə bir çox “i”nin üzərinə nöqtə qoyulacaq. Aydındır ki, Rusiya çoxdan onu özünə sərfəli biri ilə əvəzləmək istəyir. Ancaq bunu kobud şəkildə də reallaşdırmaq variantından da çəkinir. Nədən ki, ölkədəki anti-Rusiya ovqatından yaxşı xəbərdardır. Moskva Paşinyan partiyasının son seçkilərdə qələbəsini böyük ölçüdə bu amil hesabına olduğunu da bilir..
Bəs qış aylarında qazı bahalaşırmaq və ya kəsməklə Rusiya tərəfdar kəsimi hakimiyyətdən narazı sala, öz satellitlərindən birinin hakimiyyətə yolunu aça bilərmi?
Söyləmək çətindir. Məsələ ondadır ki, belə bir qərarın əks-effekt yaradacağı istisna deyil. Birinci o səbəbə ki, Ermənistanın 4 qonşusundan ikisi – Azərbaycan və İran qaz ölkəsidir. Başqa yandan, bu ehtimalı göz önünə aldığı üçün, şübhə yox ki, Nikol Paşinyan hökuməti artıq indidən, qarşıdakı 3-4 ayda ön tədbirlər almağa və maksimum qaz tədarük görməyə çalışacaq...
Azərbaycan isə Ermənistana qaz tədarükündən imtina eləməz. Əsas iki səbəbdən: 1. Bakı bəlli səbəbdən Paşinyan iqtidarının devrilməsində və revanşistlərin hakimiyyətə gəlməsində maraqlı deyil. 2. Qaz Ermənistana havayı verilməyəcək. Pulumuzu alacağıq.
Belə bir kömək erməni rəsmilərinin son vaxtlar tez-tez təkrarladıqları “biz Ermənistanın enerji təchizatını şaxələndirəcəyik və bir də heç vaxt bir borudan asılı olmayacağıq” narrativinə tam uyğundur. Bu mənada Rusiya qazı əgər konflikt yaratmağa, onu alovlandırmağa xidmət edirsə, Azərbaycanın mavi yanacağı tərsinə, sülh, barışıq və əməkdaşlığa işləyəcək – həm də Ermənistanı Azərbaycandan energetik asılılığa salmaqla.
Qalır bircə erməni toplumunun bu məsələdə yeganə doğru seçimi eləməsi, “tələdəki pendirə” aldanmaması və sonadək Paşinyanın dalında dayanması...
Z. SƏFƏROĞLU
10 Oktyabr 2026
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ