Onlayn ictimai-siyasi qəzet
Rusiya Ermənistandakı iqtisadi və strateji mövcudluğunu qoruyub saxlamaq niyyətindədir. Moskvanın bu ölkədəki təsir imkanlarının əsas istiqamətlərindən biri isə energetika və sənaye layihələri olaraq qalır.
Musavat.com xəbər verir ki, “Rosatom” dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçov Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib ki, şirkət Ermənistanla “Nairit” layihəsi üzrə əməkdaşlıq edir. Söhbət vaxtilə sintetik kauçuk istehsal edən və hazırda fəaliyyətsiz vəziyyətdə olan zavodun fəaliyyətinin nəticələrinin aradan qaldırılmasından gedir. “Erməni tərəfdaşlarla “Nairit” layihəsi üzrə işləyirik, ümid edirəm ki, burada da yardım göstərə biləcəyik”, - deyə Lixaçov bildirib.
“Rosatom” rəhbərinin açıqlamasında diqqət çəkən digər məqam Ermənistanın Metsamor Atom Elektrik Stansiyası ilə bağlıdır. Lixaçovun sözlərinə görə, Rusiya tərəfi AES-in istismar müddətinin uzadılması çərçivəsində işləri davam etdirir. “Ermənistanı kənarda qoymaq olmaz, çünki biz stansiyanın istismar müddətini uzadırıq. Oradakı rəhbərlik hansı yolla gedəcəyinə qərar verəcək, amma biz oradayıq”, - deyə o qeyd edib.

Bu açıqlama Moskvanın Ermənistanla münasibətlərində yalnız siyasi və diplomatik kanallara deyil, konkret iqtisadi və texnoloji layihələrə də söykəndiyini göstərir. Xüsusilə Metsamor AES Rusiya-Ermənistan əlaqələrində strateji əhəmiyyət daşıyan sahələrdən biridir. Digər tərəfdən, “Nairit” layihəsi də ayrıca diqqət çəkir. 1936-cı ildə yaradılan zavod sovet dövründə xloropren kauçuku istehsalı üzrə böyük sənaye müəssisələrindən birinə çevrilmişdi. Zavod 1989-cu ildə fəaliyyətini dayandırıb, 1993-cü ildə qismən işə salınıb, 2010-cu ildə isə tamamilə bağlanıb. Ermənistanın “Nairit”lə bağlı probleminin miqyası səbəbindən layihənin yalnız iqtisadi deyil, ekoloji və təhlükəsizlik aspektləri də var. Dünya Bankının Ermənistan hökumətinə zavodun ləğvi və ərazinin təmizlənməsi məqsədilə 1,5 milyon dollar qrant ayıracağı barədə daha əvvəl məlumat yayılmışdı.

“Rosatom”un “Nairit”lə bağlı prosesə qoşulması Rusiyanın Ermənistanda yeni istehsal layihəsi qurmasından daha çox, mövcud sənaye irsinin və potensial risklərin idarə olunmasında iştirak etməsi kimi təqdim olunur. Lakin bununla yanaşı, Moskvanın Metsamor AES-də fəaliyyətini davam etdirməsi Rusiya şirkətlərinin Ermənistanın kritik infrastrukturunda rolunun hələ də əhəmiyyətli olduğunu göstərir. Bu mənzərə Ermənistanın Moskva ilə münasibətlərində ziddiyyətli proseslərin getdiyi bir vaxtda xüsusilə diqqət çəkir. İrəvan son dövrdə Qərblə əlaqələri genişləndirməyə çalışsa da, energetika və nüvə infrastrukturu kimi strateji sahələrdə Rusiya ilə mövcud əlaqələri tam şəkildə aradan qaldırmaq asan görünmür.
Azərbaycan baxımından isə məsələ Ermənistanın enerji təhlükəsizliyinin hansı texnoloji və siyasi mərkəzdən asılı olaraq qalacağı kontekstində əhəmiyyətlidir. Metsamor AES-in istismar müddətinin uzadılması ilə bağlı Rusiya şirkətinin iştirakı Moskvanın Cənubi Qafqazdakı təsir imkanlarının yalnız hərbi-siyasi və diplomatik kanallarla məhdudlaşmadığını göstərən faktorlardan biridir.
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ