Onlayn ictimai-siyasi qəzet
İyunun 4-5-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanın adını xüsusi vurğulaması və rəsmi Bakıya yönəlik yüksək dövlət təşəkkürü səsləndirməsi qlobal diplomatik kulislərdə böyük əks-səda doğurub. “Yeni Müsavat” xatırladır ki, forumda çıxışı zamanı Kreml rəhbəri “Azərbaycan tərəfi böyük həcmdə effektiv iş gördü, bütün sorğularımıza dərhal cavab verdi. Bu, vəziyyəti yüngülləşdirmək baxımından çox vacib idi” ifadələrini işlədərək rəsmi Bakının regional proseslərdəki rolunu ön plana çıxarıb.
Kremlin beynəlxalq platformalarda digər bir dövlətdən bu formatda və açıq minnətdarlıq ritorikası ilə bəhs etməsi adi diplomatik praktika deyil. Putin bu bəyanatı ilə həm Azərbaycana qarşı ictimai təşəkkürünü bildirdi, həm də Moskva ilə Bakı arasında ən ali səviyyədə yeni görüş planının anonsunu vermiş oldu. Azərbaycan və Rusiya prezidentləri arasında planlaşdırılan görüş haqda heç bir rəsmi bilgi yoxdur. Bu il prezidentlər üz-üzə rəsmi görüş keçirməyiblər. Lakin liderlər il ərzində ikitərəfli əlaqələri inkişaf etdirmək üçün mütəmadi olaraq telefon danışıqları olub, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bu təmas ilk növbədə Moskva üçün strateji xarakter daşıyır. Çünki Rusiya dəyişən geosiyasi reallıqlar fonunda Bakı ilə münasibətlərin sabit və proqnozlaşdırılan xətt üzrə davam edəcəyinə əmin olmaq istəyir. Kreml üçün Azərbaycanla tərəfdaşlıq yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də bütövlükdə Cənubi Qafqazda təsir rıçaqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Xüsusilə regionda Qərbin, o cümlədən ABŞ-nin artan fəallığı Rusiyanı Bakı ilə dialoqu daha intensiv və praqmatik etməyə vadar edir. Nəticə etibarilə, gözlənilən görüş təkcə iki ölkə arasında münasibətlərin cari vəziyyətini deyil, həm də yaxın perspektivdə regional güc balansının hansı istiqamətdə inkişaf edəcəyini müəyyən edən əsas amillərdən biri kimi qiymətləndirilir.
Yeri gəlmişkən, Bakı ilə yaxınlaşmanın həvəsini göstərən əlamətlərdən biri də xarici işlər nazirinin müavini Mixail Qaluzinin sözləri oldu. “Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyünü təşviq etməyə hazırıq”, - deyə Qaluzin ölkəsinin arzularını ifadə edib. “Aprel ayında Zəngilanda keçirilən görüşdən sonra ticarət dövriyyəsinin artırılması və sənayedə institutsional əməkdaşlığın inkişaf etdirilməsi üçün tədbirlər siyahısı hazırlanıb. Rusiya biznesinin Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma layihələrində iştirakı üçün imkanlar müəyyən edilib. Rusiya Azərbaycanı Avrasiya İqtisadi Birliyinə yaxınlaşdırmaqda maraqlıdır”, - o bildirib.
Qeyd edək ki, Bakı və Moskva hazırda ikitərəfli münasibətlərin normallaşdırılmasının aktiv mərhələsindədir. Rusiyadakı səfirimiz Rəhman Mustafayev xarici işlər naziri Ceyhun Bayramovun iyulda Moskvaya qarşıdan gələn işgüzar səfərini, iyulun ortalarında isə Rusiya Federal Məclisi ilə Azərbaycan Milli Məclisi arasında Əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın iclasının və bu payızda keçirilməsi planlaşdırılan Azərbaycan-Rusiya Regionlararası Forumunun keçiriləcəyini açıqlayıb.
Bayramovun Moskva səfərindən sonra istisna deyil ki, liderlərin görüşün hazırlıq da müzakirə oluna bilər. Hərçənd bu haqda rəsmi təsdiq yoxdur. Lakin Putinin o çıxışı belə bir gözlənti olduğunu deməyə əsas verir. Yada salaq ki, liderlər sonuncu dəfə Düşənbədə bir araya gəliblər.
Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya Azərbaycanla gərginlik mərhələsini geridə qoyaraq irəliyə baxmaq istəsə də, imperiya təfəkkürü münasibətlərdə bərabərhüquqlu yanaşmağa bəzi hallarda əngəl olur. Bununla yanaşı, tərəflər arasında soyuqqanlı bir yaxınlaşma olduğunu deyən politoloqun fikrincə, hər şey əvvəlki kimi də olmayacaq.
Q.Hüseynli bunu Rusiyanın siyasəti ucbatından irəli gəldiyini düşünür və 2020-2023-cü illərdə olan əlaqələr səviyyəsinə qayıdışı real hesab etmir: “Təbii ki, münasibətlərdə bir çat yarandı. Amma Azərbaycan qonşuluq prinsiplərini üstün tutur. Biz hər zaman Rusiyaya göstərmişik ki, ona yaxşı qonşuyuq, əleyhinə heç bir addım atmamışıq. Rusiya dövlət başçısı İrandan vətəndaşlarının təxliyəsinə görə cənab İlham Əliyevə təşəkkür edib. Yəni Azərbaycanın siyasəti qarşılıqlı əməkdaşlığa söykənir. Ancaq Rusiya hesab edir ki, onun diktəedici siyasətinə qonşuları boyun əyməlidir. Biz də bu yanaşmanı həmişə rədd etmişik”.
Professor hesab edir ki, Vətən müharibəsindən sonra əlaqələrdə xeyli yaxınlaşma var idi: “Hətta müstəqillik illərində heç vaxt olmadığı qədər münasibətlər yüksək səviyyədə inkişaf edirdi. Bu əlaqələri pozan hadisə təkcə təyyarənin vurulması olmadı, həm də Zəngəzur koridoru və digər strateji məsələlərdə fikir ayrılığı yarandı. Rusiya isə Cənubi Qafqazda yenə oyunlarını davam etdirmək istəyirdi. Azərbaycanın bu siyasətlə razılaşmaması əlaqələrdə soyuqluq yaratdı. Ona görə də tərəflər geridə qalan gərginlik dövrünü qapadırlar və indi yeni münasibətlər sistemi başlayır. Bu dəfə Moskva ritorikasını dəyişməyə məcburdur. Yəni Azərbaycanla təzyiq dilində danışmaq mənasız idi və bunu anladılar. Çünki bölgədə fərqli proseslər cərəyan edir və Rusiya heç də Cənubi Qafqazın ağası deyil”.
Q.Hüseynli prezidentlərin görüşünü istisna etmir, lakin bunun üçün zamana ehtiyac olduğunu düşünür: “Rusiya sülh prosesinə dəstək adı ilə yenidən regionda aktivləşməyə çalışır. Ancaq Bakı və İrəvan Putinin masasında bunu müzakirə etmək istəmirlər. Ona görə də münasibətlərdə daha çox iqtisadi məsələlər, ticarət dövriyyəsi, müxtəlif layihələr və logistikalar müzakirə oluna bilər. Zənnimcə, Rusiya bölgəyə iqtisadi doktrina ilə qayıtmağı düşünməyə məhkumdur. Çünki müharibə Rusiyanın imkanlarını məhdudlaşdırıb. O baxımdan, əgər liderlərin görüşü baş tutsa, tərəflər arasında söhbətin əsas məzmununu iqtisadi məsələlər təşkil edəcək”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
11 Iyun 2026
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ