Onlayn ictimai-siyasi qəzet
7 iyun parlament seçkilərində Ermənistanda Robert Köçəryanın liderlik etdiyi “Qarabağ klanı” nəinki hakimiyyətə gələ bilmədi, hətta ölkədə ana müxalifət statusundan da məhrum oldu. Seçkinin nəticələrinə görə, Köçəryanın “Ermənistan” bloku parlamentdə cəmi 12 deputat mandatı qazana bildi. Rusiyalı milyarder Samvel Karapetyanın “Güclü Ermənistan” Partiyası 29 deputat yeri əldə etməklə Ermənistan parlamentində ikinci yerə sahibləndi. Bununla da Ermənistanın legitim müxalifəti və müxalifət lideri artıq yeni simadır. Ermənistan xalqı Robert Köçəryanın rəhbərlik etdiyi əliqanlı “Qarabağ klanı”na, onun müttəfiqi daşnaklara nəinki iqtidarda olmaq, hətta ana müxalifət rolunda çıxış etmək şansını tanımadı.
Bəs siyasətdə yeni sima olan milyarder Samvel Karapetyan ana müxalifət rolunu necə oynayacaq? Robert Köçəryan-daşnaklar ittifaqından fərqli müxalifətçilik ortaya qoya biləcəkmi?
Siyasi analitiklər hesab edir ki, Köçəryanın rəhbərlik etdiyi qüvvələr parlamentdə təmsil olunsa da, ana müxalifət statusunu itirməsi siyasi baxımdan ciddi hadisədir. Lakin Samvel Karapetyanın rəhbərlik etdiyi qüvvənin necə müxalifətçilik edəcəyini qiymətləndirmək üçün onun siyasi fəaliyyətinin praktik nəticələrini gözləmək lazım gələcək. Samvel Karapetyanın rəhbərlik etdiyi müxalifətin Robert Köçəryan-daşnak ittifaqından fərqli model ortaya qoymaq imkanları var. Lakin bunun baş verib-verməyəcəyi onun müxalifəti revanşist və keçmişə yönəlmiş siyasi platformadan çıxarıb iqtisadiyyat, sosial problemlər və idarəetmə keyfiyyəti üzərində qura bilməsindən asılı olacaq. Əgər o, özünü keçmiş siyasi elitaların davamçısı kimi deyil, yeni alternativ mərkəz kimi təqdim edə bilsə, Ermənistan siyasətində fərqli müxalifət modelinin formalaşması mümkündür. Əks halda, sadəcə müxalifətin liderinin dəyişməsi baş verəcək, amma müxalifətçilik üslubunda ciddi dəyişiklik olmayacaq.

Bu baxımdan siyasi ekspertlər S.Karapetyanın qarşısında iki fərqli yol olduğunu düşünür. Birinci variant konstruktiv müxalifət modelidir. Bu halda Karapetyan hökumətin fəaliyyətini sərt tənqid etsə də, dövlət institutlarını hədəfə almayan, iqtisadiyyat, sosial siyasət, investisiyalar və idarəetmə sahələrində alternativ proqramlar təqdim edən xətt seçə bilər. Ermənistan cəmiyyətində uzun illər davam edən siyasi qarşıdurmalardan yorğunluq nəzərə alınarsa, belə yanaşma müəyyən ictimai dəstək qazana bilər. İkinci variant isə ənənəvi radikal müxalifət xəttidir. Bu halda hökumətin legitimliyini davamlı şəkildə mübahisələndirən, küçə etirazlarını əsas siyasi alətə çevirən və hakimiyyət dəyişikliyini əsas məqsəd kimi irəli sürən siyasət yürüdülə bilər. Lakin seçki nəticələri göstərirsə ki, seçicilərin mühüm hissəsi məhz bu tip siyasətin simvoluna çevrilmiş Köçəryan komandasına əvvəlki qədər etimad göstərməyib, o zaman Karapetyanın ikinci yolu seçməsi uğur gətirməyəcək.
Karapetyanın Köçəryandan əsas fərqi onun müharibə dalğası ilə siyasi sistemdən deyil, biznes mühitindən gəlməsidir. Bu səbəbdən o, ilk mərhələdə daha çox iqtisadi inkişaf, investisiya, iş yerlərinin yaradılması və idarəetmənin səmərəliliyi kimi mövzulara üstünlük verə bilər. Bu isə müxalifətin gündəliyini təhlükəsizlik və revanşizm mövzularından qismən iqtisadi məsələlərə yönəldə bilər.
Digər tərəfdən, Karapetyanın yeni siyasi fiqur olması onun üstünlüyü ilə yanaşı, zəif tərəfi də sayıla bilər. Onun parlamentdə böyük fraksiyaya rəhbərlik etməsi hələ avtomatik olaraq güclü müxalifət lideri olacağı anlamına gəlmir. Ana müxalifət statusunu qorumaq üçün o, həm siyasi komanda formalaşdırmalı, həm də müxtəlif müxalif elektorat qruplarını bir arada saxlamağı bacarmalıdır.
Karapetyanın biznes fəaliyyətinin böyük hissəsinin Rusiya ilə bağlı olması səbəbindən onun Moskva ilə münasibətlərdə daha yumşaq mövqe tutacağı ehtimal edilir. Bununla belə, seçki nəticələri göstərir ki, Ermənistan cəmiyyətində təkcə geosiyasi şüarlar üzərində qurulan müxalifət artıq əvvəlki qədər cəlbedici deyil.
Etibar Seyidağa,
Musavat.com
10 Iyun 2026
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ