Onlayn ictimai-siyasi qəzet
Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum çərçivəsində "Şəhərsalma və Memarlıq İli"ndə media gündəmi"nə həsr olunan panel sessiya keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Mətin Hüseynov ölkə ərazisində görülən yaşıllaşdırma və ümumilikdə yenidənqurma tədbirlərinə diqqət çəkib:
"Ölkədə xeyli yaşıllıqlar, parklar yaradılır. Küçələr abadlaşdırılması, binaların bərpa olunması həm də mədəni irsi qorumaq üçündür. Bakı Ağ şəhər layihəsi dünyanın ən genişmiqyaslı ekoloji və şəhərsalma layihələrindən biridir. Paytaxtın köhnə ərazilərində yenidənqurma işləri aparılıb ki, bu, şəhərin görünüşünə yeni nəfəs verib. Bibiheybət, Balaxanı, Ramanada küçələr abadlaşdırılıb, binalar əvvəlki üslubuna uyğun yenilənib”,- deyə BŞİH rəsmisi vurğulayıb.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş Meneceri Eldar Rəsulov isə diqqətə çatdırıb ki, tədbir üçün qeydiyyat davam edir:
"WUF13-də 40 əsas sessiya keçiriləcək. Bu günə kimi 175 ölkədən 24 mindən artıq şəxs WUF13-də iştirak üçün qeydiyyatdan keçib və qeydiyyat hələ də davam edir. İnanırıq ki, bu rəqəm tədbirə qədər artacaq. Media nümayəndələrinin qeydiyyatı da davam edir. 800-dən artıq yerli və xarici media nümayəndəsi akkreditasiya üçün müraciət edib. Media nümayəndələri üçün tədbir məkanında hər cür şərait təmin ediləcək, jurnalistlər üçün media mərkəzi yaradılacaq".
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fariz Hüseynli isə çıxışında işğaldan azad olunan ərazilərdə tarixi abidələrlə bağlı görülən işlər barədə məlumat verib. O bildirib ki, işğal dövründə abidələrə 700 milyon manatdan artıq ziyan dəyib:
“İşğaldan azad olunmuş ərazilərdə 705 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Torpaqlarımız azad olunduqdan sonra bölgədə monitorinqlər aparılıb. Nəticədə 575 abidənin vəziyyəti artıq qiymətləndirilib. Abidələrin demək olar ki, hamısı müəyyən dərəcədə dağıntı və vandalizmə məruz qalıb, 68 abidə yer üzündən tamamilə silinib. Eyni zamanda 114 abidə çox ağır dərəcədə dağıdılıb. Qalan abidələr isə müxtəlif həcm və miqyasda zərər görüb. Hazırda abidələrə dəyən zərərin hesablanması prosesi davam edir. İlkin rəqəmlərə görə, 434 abidəyə dəyən maddi ziyanın məbləği 700 milyon manatdan çoxdur”.
Qeyd edək ki, panel sessiyası sual-cavabla davam edib.
Nigar Həsənli
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ