Onlayn ictimai-siyasi qəzet
Bəlkə də bu cümlələr 2-3 il əvvəldən səslənsəydi, söz-söhbət, minnətqoyma, haqqagirmə bu yerə gəlib çıxmazdı. Ancaq yenə də gec deyil.
Dövlət başçısı İlham Əliyevin dünən YAP-ın qurultayında sırf məcburiyyət üzündən dilə gətirdiyi aşağıdakı cümlələr təkcə I-nin üzərinə qoyulan nöqtə deyil, həm də hamını bəzi gerçək mətləblərdən agah etməkdir.
Prezidentin geniş çıxışının, məncə, ən zərbəçi cümlələri bunlardır: “Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər.
Mən sizə tam məsuliyyətlə deyirəm, Ali Baş Komandan kimi, bütün bu məsələlərə rəhbərlik edən şəxs kimi. Bilirsiniz ki, 2003-cü ildən bu yana Azərbaycan nə qədər silahlanıb, həm yerli istehsalı yaradıb, həm xaricdən alıb. Bir dəfə də bizə bir manat, bir dollar güzəşt etməyiblər. Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar. Biz də məcbur olub buna göz yummuşuq”.
İndi ola bilər ki, bu sözlər bəzi dost, eləcə də qeyri-dost ölkələrdə məyusluq yaradacaq. Çünki birincilərdə belə bir qənaət vardı ki, Azərbaycanın 44 günlük müharibədəki zəfərində böyük pay sahibidirlər. Bu qənaət getdikcə güclənirdi və artıq açıq minnətqoyma, borclu çıxarma fellərin ilə müşayiət olunurdu.
Bir dəfə ölkə xaricində qatıldığım beynəlxalq konfransada Türkiyədən olan təmsilçilərlə bir masada söhbət edərkən, azərbaycanlı olduğumu bildikdə xoş sifətlə belə dedilər: “Ooo, Azerbeycan, kardeş ülke. Karabağı da aldık, size armağan ettik”. Düzəliş vermək, Qarabağı düşməndən almaq üçün 3000-dən artıq şəhid verdiyimizi demək istədim, ancaq üstümə çökmüş pərtliyin onları da çulğamasını istəmədim.
Sonrakı illərdə bu kimi epizodlar bu və ya digər şəkildə təkrar olundu. Diqqət etdim ki, adamlarda Qarabağı işğaldan məhz Türkiyə ordusunun xilas etdiyinə dair qəti bir əminlik var.
Bu, qənaətin yaranmasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəzi çıxışlarının rolu vardı, söz yox. Çünki cənab Ərdoğan dəfələrlə belə sözlər işlətmişdi: “Qarabağı aldığımız kimi, ansızın filan yerə də girə bilərik”. Görünür, bu fikir yavaş-yavaş ictimaiyyətin yaddaşına həkk olunmuşdu.
Ancaq bu məsələdə bizim özümüzün də səhvlərimiz vardı. Qələbə eyforiyasının ilk illərində biz ölkəmizə ən ufaq yardımı toxunanların hamısına aşırı minnətdarlıq edir, zəfərdəki payımızı hamıyla səxavətlə bölüşür, onların rolunu şişirdirdik. Heç ağlımıza da gəlmirdi ki, bir neçə ildən sonra söhbət böyüyəcək, “Qarabağı aldıq, sizə ərmağan etdik” məqamına qədər gələcək.
Elə çıxırdı ki, 44 günlük müharibə zamanı bizim ordu birləşmələri əllərini, qollarını sallayıb oturublar, xaricdən gələn hansısa hərbi kontingent Qarabağı alıb, qızıl məcməyidə bizə təqdim edib. Məsələnin bu yerə qədər gəlməsinə rəvac vermək bizim yanlışımız idi.
Yuxarıda dövlət başçısının çıxışının qeyri-dost ölkələrdə məyusluq yaradacağı məsələsinə gəlincə, bu, gəlişigözəl sözlər deyil. Söhbət ermənilərdən və onların havadarlarından gedir.
Ermənilər altı ildir özlərinə təskinlik verir, dünyaya da bəyan edirlər ki, 44 günlük müharibədə Azərbaycana uduzmayıblar, NATO-nun ən güclü ordularından birinə malik olan Türkiyəyə uduzublar. Onların təsəllilərinin zərbəçi arqumenti belədir: “Rusiya bizə kömək etmədi və biz qeyri-bərabər döyüşlərdə Türkiyəyə məğlub olduq”.
Eyni zamanda İranda vaxtaşırı İsrailin Azərbaycana etdiyi böyük köməkdən bəhs etmək, bunun boşuna olmadığını bildirmək adət halını alıb.
İndi isə məlum olur ki, heç bir dövlət əvəzimizdən döyüşməyib, heç kim bizə heç nəyi müftə verməyib, aldığımız silah-sursatları pulla almışıq, özü də bəzən bazar qiymətindən daha yüksək məbləğə.
Ticarət etmişik, biz silah almışıq, onlar pul qazanıblar. Sadəcə, onların bizə yaxşılığı o olub ki, bizə satdıqları silahın eynisini düşmənə satmayıblar. Görünür, biz silahları ona görə baha qiymətə almışıq.
Müharibələrdə müttəfiqlərin bir-birinə yardım göstərməsi halları çox olur. Burada “düşmənimin düşməni mənim dostumdur” klassik yanaşması da rol oynayır, savaşanlardan birinin qalib gələcəyi halda ətraf ölkələrə problemlər yaradacağına dair proqnozlar da.
Məsələn, II dünya müharibəsində ABŞ və Böyük Britaniya zəndəyi-zəhlələri gedən SSRİ-yə heç də rusların sarı saçlarına, mavi gözlərinə görə yardım etmirdilər, Hitlerdən qorxduqları üçün edirdilər, onun “dünya ağalığı” ambisiyasına mane olmaq istəyirdilər. Nəticədə bu iki dövlət Moskvaya A-dan Z-yə qədər hər şey (silah, geyim, ərzaq və s.) verdi, sovet xalqları da 26 milyon insanı qurban verərək Hitlerin axırına çıxdılar.
44 günlük müharibədə bizim tərəfdə olanların da öz maraqları vardı və o maraqların sırasında dostluq-qardaşlıq hissləri ilə yanaşı geopolitik məqamlar da yer alırdı. Ancaq bu, uzun söhbətdir.
Həmin vaxt Rusiyanın dövlət olaraq neytral mövqedə olması boşuna, səbəbsiz deyildi. İranın qəlbən Ermənistanın tərəfində olmasının, şiə qardaşlığının ziddinə olaraq, altdan-altdan İrəvana yardım göstərməsinin də siyasi səbəbləri vardı.
Yəni siyasi və iqtisadi motivlər olan yerdə qardaşlıq arxa plana keçə bilir.
Yaxşı ki, yuxarıda iqtibas etdiyimiz fikirlər gec də olsa səsləndi və əls həqiqət yerini aldı. Bu, həm də şəhid və qazilərimizin nə boyda şücaət göstərdiklərinin real təsdiqidir.
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ