Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narişkin ötən həftə MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətləri rəhbərlərinin Sankt-Peterburqda keçirilən iclasında Avropa İttifaqını keçmiş SSRİ məkanında sabitliyi pozmağa və etiraz əhval-ruhiyyəsini gücləndirməyə çalışmaqda ittiham edib. Narişkinin sözlərinə görə, Avropa elitaları postsovet məkanında siyasi sabitliyə təsir göstərməyə çalışırlar. “Avropada vermaxt ruhunu dirçəltmək cəhdləri ilə eyni vaxtda Avropa elitaları MDB ölkələrində sabitliyin pozulması istiqamətində ciddi səylər göstərirlər”, - deyə o bildirib.
Narişkin Avropa fondları və qeyri-hökumət təşkilatlarının fəaliyyətinə diqqət çəkib. O iddia edib ki, yalnız Avropa Demokratiya Fondunun xətti ilə hər il postsovet məkanında fəaliyyət göstərən müxtəlif “humanitar” QHT-lərə yüz milyonlarla avro ayrılır. Onun dediyinə görə, bu təşkilatların əsas, lakin açıq şəkildə elan edilməyən məqsədi cəmiyyətdə parçalanma və gərginliyi davamlı vəziyyətdə saxlamaq, hakimiyyətə qarşı etiraz əhval-ruhiyyəsini stimullaşdırmaqdır. “Onların əsas qeyri-aşkar rolu cəmiyyəti daimi parçalanma və gərginlik vəziyyətində saxlamaq, hakimiyyətə qarşı istehlakçı münasibəti və etiraz əhval-ruhiyyəsini stimullaşdırmaqdır”, - Narişkin deyib.
Narişkinin açıqlaması Moskva ilə Qərb arasında postsovet məkanı uğrunda geosiyasi mübarizənin daha da sərtləşdiyini göstərir. Rusiya Qərbin QHT və fondlar vasitəsilə siyasi proseslərə müdaxilə etdiyini düşünür. Aİ isə bu cür fəaliyyətləri adətən vətəndaş cəmiyyətinin və demokratik institutların dəstəklənməsi kimi təqdim edir. Buna görə də Narişkinin bəyanatı yalnız ittiham deyil, həm də Moskvanın MDB məkanında Qərbin təsirinə qarşı mübarizəni təhlükəsizlik məsələsi kimi qəbul etdiyini göstərən siyasi mesajdır. Rusiya hesab edir ki, demokratikləşmə adı altında cərəyan edən hadisələr onun keçmiş SSRİ coğrafiyasında təsirini azaltmağa hesablanıb.
“Mövcud çətin beynəlxalq mühitdə xarici təhdidlərlə mübarizədə Müstəqil Dövlətlər Birliyinin (MDB) kəşfiyyat xidmətləri arasında əməkdaşlığı inkişaf etdirmək və təkmilləşdirmək vacibdir”.
Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin XXII iclasının iştirakçılarına müraciətində deyib: “Bu gün, çətin beynəlxalq şəraitdə ümumi xarici təhdidlərə qarşı mübarizədə qurumlarınız arasında əməkdaşlığın forma və metodlarını daha da inkişaf etdirmək və təkmilləşdirmək vacibdir”.
Putin vurğulayıb ki, kəşfiyyat sahəsində əməkdaşlıq MDB ölkələrinin suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm amildir.
Professor Elxan Mirzəyev isə Narişkinin xüsusən Ukrayna, Moldova, Ermənistan və qismən Gürcüstanı nəzərdə tutduğunu hesab edir. Orta Asiya respublikalarında da Qərbin özünün siyasi-iqtisadi təsirlərini gücləndirdiyini deyən Elxan Mirzəyevin qənaətinə görə, gedişat Rusiyanı qane etmir: “Moskva demək istəyir ki, Qərb onun təsir dairəsinə nüfuz edir. Bu da hakimiyyət dəyişiklikləri ilə başlayır. Məsələn, Ukraynada Yanukoviç, Ermənistanda Sərkisyan hakimiyyətdə qalsaydı, bu hadisələr olmazdı. Qərb isə rusiyapərəst qüvvələri hakimiyyətdən kənarlaşdırmaqla özünün təsir gücünü artırır. Misal üçün, Makron İrəvanda etiraf etmişdi ki, 2018-ci ildən əvvəl nə bura gəlmək olardı, nə Avropa Siyasi Birliyinin zirvəsini təşkil etmək. Bu gün isə Ermənistan Rusiyanın nəzarətindən çıxmağa cəhd edən, ən azı Moskvanın dominantlıq etmədiyi ölkədir. Halbuki Rusiya Ermənistanı özü yaradıb, indi üzünə ağ olduğunu fikirləşir”.
Professora görə, Rusiya Kiyevdə Maydan hərəkatını, Moldovada keçirilən son referendumu, Qərbin Özbəkistan və Qazaxıstanda isə iqtisadi təsirlərinin artmasını özünə qarşı təhlükə sayır: “Narişkin isə bunu MDB məkanına təhdid adlandırır. Hərçənd heç bir respublika özünə təhlükə görmür, Rusiya özünə aid edir. Əgər Rusiya qonşularına daha cəlbedici təkliflər irəli sürsəydi, normal yanaşsaydı, bərabərhüquqlu baxsaydı, bu dövlətlər ondan uzaqlaşmazdılar. Rusiya hədələyir, hərbi təcavüz edir, separatizm ocağı yaradır, cəzalandırır, sonra deyir ki, biz qonşularla mehribanıq, Qərb aramızı pozur. Ona görə də Moskva öz siyasətinə yenidən baxmalıdır”.
Siyasi ekspert Mehman İsmayılovun sözlərinə görə, postsovet məkanını yenidən işğal etmək istəyən Qərb yox, Rusiyadır. Onun fikrincə, elə bu səbəbdən də Narişkinin fikirləri ağlabatan deyil: “Hesab edək ki, ABŞ postsovet məkanından Çinə və Rusiyaya qarşı istifadə etmək istəyir. Bəs buna görə Gürcüstan, Ukrayna, Moldova ərazilərini işğal altında saxlayırlar?! Bunu da kənara qoyaq, Rusiya ərazisində müxtəlif millətlər yaşayır, amma onların heç birinə ana dilində təhsil almaq hüququ verməyib və indi də çeçen, inquş, tatar, başqırd, yakutlar Ukrayna cəbhəsində qurban verilir, heç birinin hüquqları nəzərə alınmır”.
Mehman İsmayılov Lavrovun fikirlərini xatırladıb: “Nazir deyir ki, Rusiya diversiya əməliyyatlarında püxtələşib. Sonra fikrini düzəldir ki, bunu deyərkən kəşfiyyat məlumatları toplanmasını nəzərdə tutur. Ardınca əlavə edir ki, Rusiya başqa ölkələrdə siyasi çevrilişlər həyata keçirməyi öyrənməyib. Bu qədər də yalan olar? Yəni Narişkin MDB məkanı ilə bağlı xəbərdarlıq edəndə, Rusiyanın çox uzaqda olmayan tarixdə etdiyi hərəkətlərə baxılmalıdır. 1920-ci ildə AXC silahlı yolla devrildi, 1921-ci ildə Monqolustanda çevriliş edildi, 1929-cu ildə Tuvada eyni ssenari təkrarlandı, 1948-ci ildə Çexoslovakiyada fevral hadisələri baş verdi, 1939-cu ildə Polşada, 1956-cı ildə Macarıstanda çevriliş edən kim idi? 1968-ci ildə yenə Çexoslovaksiyada, 1979-cu ildə Əfqanıstanda çevrilişlər edildi. Bu, Rusiyanın tarixidir, adı SSRİ ola bilər. Bu gün də Ukraynada işğal həyata keçirilir və Narişkin Qərbdən təhlükə xəbərdarlığı edir. Yəni tarixə baxın və bu gün də etdiklərinə, təəssüf ki, Rusiya dəyişmir. Bu basqılar olmasaydı, Rusiya da, MDB ölkələri də inkişaf edərdi”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ