Onlayn ictimai-siyasi qəzet
Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin onun ünvanına səsləndirdiyi fikirlərə və ixtisas iradlarına cavab verib. (Əvvəlki yazıya bu linkdən https://musavat.com/news/seysmoloqlar-arasinda-qalmaqal-qurban-yetirmisliden-sert-reaksiya_1282826.html tanış ola bilərsiniz).
Ənvər Əliyev bildirib ki, müzakirə olunan mövzu bütün dünyada bu sahə ilə məşğul olan alim və tədqiqatçıların bir nömrəli problemidir.
Məlum olduğu kimi, bu sahə əsasən dünyanın ən qədim elmlərindən olan coğrafiya və geologiya tərəfindən öyrənilir. Azərbaycanda isə seysmologiya üzrə müstəqil ixtisas və ya fakültə olmadığını deyən şöbə müdiri vurğulayıb ki, yalnız bir neçə il əvvəl Geologiya fakültəsini bitirən tələbələrdən bir neçəsi seysmologiya üzrə magistraturaya qəbul olunub və onların gələcək fəaliyyətini zaman göstərəcək.
Zəlzələnin dəqiq yerini və vaxtını müəyyənləşdirmək iddialarına toxunan Ənvər Əliyev qarşı tərəfin "kabinetdə oturmaq" iradına da reaksiyasını gizlətməyib: "Heç kim kabinetdə oturub zəlzələnin harada və nə vaxt baş verəcəyini dəqiq deyə bilməz. Məkanı planetar miqyasda təxmin etmək mümkündür, amma konkret vaxt və koordinat göstərmək elmi baxımdan mümkün deyil. Bu, elmi baxımdan absurddur. Qurban müəllimin özü də zəlzələ baş verəndə episentrin yerini müəyyənləşdirmək üçün kabinetdən çıxıb gedir? Hamı kabinetdə oxuyur, yazır, öyrənir, amma hələ ki zəlzələni əvvəlcədən dəqiq təyin etmək mümkün olmayıb".
O qeyd edib ki, Azərbaycanda zəlzələ problemləri ilə əsasən Geologiya İnstitutu, BDU-nun geologiya fakültəsi və oradakı görkəmli mütəxəssislərimiz məşğul olurlar və ən çox elmi ədəbiyyat, tədqiqatlar da məhz onların payına düşür.
İxtisas məsələsinə gəlincə, Coğrafiya İnstitutunun şöbə müdiri bildirib ki, həm özü, həm də Qurban Yetirmişli coğrafiya fakültəsini bitiriblər: "Jurnalistlər bəzən mənə seysmoloq və ya professor deyə müraciət edirlər. Mən hər dəfə professor olmadığımı bildirsəm də, “verdiyimiz suallara bir çoxlarından yaxşı cavab verirsiniz” deyirlər. Amma bu, başqa məsələdir. Mən coğrafiya fakültəsini fərqlənmə diploma ilə bitirmişəm, Həsən Əliyev, Budaq Budaqov kimi Azərbaycanın və dünyanın tanıdığı məşhur alimlərin yanında çalışmışam".
Ali məktəbdə fiziki coğrafiyadan dərs dediyini, institutda isə iki il geologiya fənnini keçərək məşhur alimlərin mühazirələrini dinlədiyini xatırladan tədqiqatçı bildirib ki, geoloqlardan öyrəndiyi üçün zəlzələlər haqqında təsəvvürünün olması təbiidir. Dünyada bu sahənin əsasən Almaniya və Yaponiyada güclü tədqiq edildiyini deyən Ənvər Əliyev bildirib ki, Türkiyədə baş verən zəlzələ zamanı 12 saat efirdə olub: “Türkiyə, nə də Azərbaycan tədqiqatçıları bu günə qədər mənim dediklərimdə bir səhv tapmayıblar. Çünki mən zəlzələni dünya alimlərinin, alman və yapon tədqiqatçılarının ümumiləşdirilmiş mətnlərinə və nəzəriyyələrinə əsaslanaraq izah edirəm".
Şöbə müdiri gələcəkdə zəlzələlərin fəsadlarını azaltmaq üçün mütləq tikinti texnologiyamızı müasirləşdirməyin vacibliyini, Yaponiyada 8-9 ballıq zəlzələlər zamanı tikinti texnologiyası hesabına dağıntı və insan tələfatının minimum olduğunu diqqətə çatdırıb: "Biz elm sahəsində bir-birimizə kömək etməli, tənqidləri sağlam qəbul etməliyik. Ən böyük problemimiz monopoliya və iddiaların elmin özünü arxa plana keçirməsidir. Elm bəşəri dəyərdir və millətin xeyrinə xidmət etməlidir. Sonda Qurban müəllimə bir mütəxəssis kimi böyük hörmətim olduğunu bildirmək istəyirəm. O, heç vaxt üzümə qarşı mənfi bir söz deməyib, əksinə, nəzəri hazırlığımı yüksək qiymətləndirib. Ona bir seysmoloq kimi zəngin fəaliyyət və uzun ömür arzulayıram".
Xatırladaq ki, bundan əvvəl Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyevin adını çəkərək geofizika və seysmologiya sahəsində səlahiyyət sahibi olmadığını bildirib, qarşı tərəfin ixtisasını və apardığı tədqiqatları sual altına alaraq, real seysmoloji araşdırmaların kabinetdə oturmaqla aparılmadığını iddia edib.
Afaq Mirayiq,
Muaavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ