İnsanlara hürriyət, millətlərə istiqlal!

Rumıniya və Moldovanın arasına kilsə girdi

Moldova Pravoslav Kilsəsinin (MPK) Kişinyov sinodu Rumıniya Kilsəsinin yurisdiksiyasına keçən 11 keşişi rütbədən məhrum edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sənəddə onların “özbaşına və kilsə qaydalarına zidd şəkildə” MPK-dan ayrıldığı bildirilir.

Rumıniya Pravoslav Kilsəsinin Bessarabiya Mitropoliyası bu qərarı tanımadığını açıqlayıb. Mitropoliya bildirib ki, adıçəkilən keşişlər artıq bir neçə ildir Rumıniya Kilsəsinin tərkibində xidmət edir və MPK-nın səlahiyyəti onların üzərində yoxdur. Tərəflər arasında açıq qarşıdurmaya səbəb olan bəyanatda MPK Moskva Patriarxlığının faktiki olaraq bir yeparxiyası adlandırılıb.

Bessarabiya Mitropoliyası həmçinin MPK-nı ölkənin seçki və siyasi proseslərinə müdaxilə etməkdə günahlandırıb:“Moskva Patriarxlığının bəzi ierarxlarının seçki kampaniyalarına açıq müdaxiləsi cəmiyyət və media tərəfindən pisləndi, lakin MPK həmin şəxslərə qarşı heç bir kilsə cəzası tətbiq etmədi”.

Cavab olaraq MPK sinodu bəyan edib ki, Moldova kilsəsi “rus kilsəsi deyil” və bütün vətəndaşları birləşdirən müstəqil qurumdur. Kilsə 1994-cü ildə Moskva Patriarxlığından aldığı müstəqillik tomosuna istinad edərək tam avtonom fəaliyyət göstərdiyini vurğulayıb.

MPK Rumıniya tərəfinin ittihamlarını “ölkənin dini birliyinə təhlükə” adlandırıb və Ukraynadakı oxşar təcrübənin “ciddi sosial gərginliyə gətirdiyini” xatırladıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR