İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya BRİCS-də TƏKLƏNDİ? – Elxan Şahinoğlu: “Kreml istəyirdi ki...”

BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) son illərdə qlobal siyasətdə və iqtisadiyyatda təsir imkanlarını sürətlə artıran platformaya çevrilir. Təşkilatın genişlənməsi, yeni üzvlərin qəbul olunması və beynəlxalq məsələlərə münasibəti dünya gündəminin əsas mövzularındandır.

Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda BRİCS-in tutduğu mövqe diqqət mərkəzindədir. Kreml təşkilat daxilində öz siyasətinə daha açıq dəstək qazanmağa çalışsa da, üzv ölkələrin fərqli maraqları və balanslı xarici siyasəti buna tam imkan vermir. Bununla yanaşı, sentyabr ayında Hindistanda keçiriləcək növbəti BRİCS sammitində təşkilatın daha da genişlənməsi, Banqladeşin üzvlük perspektivi və yeni geosiyasi qərarların müzakirəsi gözlənilir.

Bəs BRİCS-in Hindistanda keçiriləcək sammitindən hansı əsas qərarların çıxacağı gözlənilir? Banqladeşin quruma qəbul olunmaq şansı nə dərəcədə yüksəkdir?

Elxan Şahinoğlu: “Heç bir dövlət bunu bizə qadağan edə bilməz” | Modern.az

Mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb: “Rusiya üzv olduğu təşkilatların Ukrayna müharibəsində onun işğalçı siyasətinə dəstək verməsinə çalışır. Ancaq Kreml buna nail ola bilmir. 2024 oktyabrda BRICS təşkilatının Kazanda keçirilən sammitinin yekunlarına dair qəbul olunan bəyannamədə vurğulanırdı ki, bütün dövlətlər bütövlükdə və qarşılıqlı əlaqədə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun hərəkət etməlidirlər. BMT Nizamnaməsi isə Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörməti diktə edir.

Sammit iştirakçıları Ukrayna münaqişəsinin dialoq və diplomatiya yolu ilə tezliklə tənzimlənməsinin tərəfdarları olduqlarını bəyan etmişdilər. “Ukrayna və onun ətrafındakı vəziyyətlə bağlı müvafiq forumlarda, o cümlədən BMT Təhlükəsizlik Şurasında və Baş Assambleyasında qeyd olunan milli mövqeləri xatırlayırıq. Biz vurğulayırıq ki, bütün dövlətlər bütövlükdə və qarşılıqlı əlaqədə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun hərəkət etməlidirlər. Münaqişənin dialoq və diplomatiya vasitəsilə, sülh yolu ilə həllini təmin etməyə xidmət edəcək vasitəçilik və xeyirxah işlərə dair müvafiq təklifləri məmnunluqla qeyd edirik”, - bəyannamədə yazılırdı.

Kazan sammitindən bir il sonra Braziliyanın Rio-de-Janeyroda keçirilən sammitdə isə bir qədər fərqli bəyanat qəbul olundu. Sənəddə Ukraynanın Rusiya infrastrukturuna endirdiyi zərbələr pislənib, mülki itkilər qeyd edilib və bu cür hərəkətlərə ən sərt şəkildə qarşı çıxdığı bildirilib: “Biz gözləyirik ki, Ukrayna üzrə hazırkı səylər Ukrayna üzrə davamlı sülh nizamlanmasına gətirib çıxaracaq”. Rusiyanı sammitdə təmsil edən xarici işlər naziri Sergey Lavrov Braziliyada qəbul olunan bəyanatdan məmnunluğu gizlətmirdi. Lavrovun sözlərinə görə, Rio-de-Janeyroda keçirilən BRICS sammitinin iştirakçıları Ukraynadakı münaqişənin əsas səbəblərini başa düşdüklərini nümayiş etdiriblər. O bəyannamədə və çıxışlarda sammitin bir çox iştirakçılarının Ukrayna böhranı ilə bağlı balanslı, obyektiv mövqelər ifadə etdiklərini söyləmişdi”.

Bununla belə, politoloq hesab edir ki, BRİCS üzvləri yenə də Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibəni açıq şəkildə dəstəkləməkdən çəkinirlər: “BRİCS-in növbəti sammiti hazırda təşkilata sədrlik edən Hindistanda, sentyabrın 12-13-də keçiriləcək. Hazırda Hindistan sammitdə müzakirə olunacaq mövzuları hazırlayır. Sammitin dəqiq proqramını formalaşdırmaq üçün nazirlər və mütəxəssislər səviyyəsində müxtəlif görüşlər keçirilir.

Paytaxt Yeni Dehlidə reallaşacaq toplantıya təşkilat üzvləri ilə yanaşı BRİCS-lə əməkdaşlıq edən dövlətlərin də dəvət olunacağı planlaşdırılır. Hindistan qonşu Banqladeşin təşkilata üzvlüyünü dəstəkləməyə qərar verib. Bu məqsədlə Banqladeşin baş naziri Tariq Rəhman sammitə dəvət olunub. Bu, fevral ayında keçirilən seçkilərdən sonra Banqladeş liderinin olduqdan Hindistana ilk səfəri və baş nazir Narendra Modi ilə ilk görüşü olacaq. Məsələ burasındadır ki, Banqladeşdə 2024-cü ildə etiraz aksiyaları nəticəsində istefa verən baş nazir Şeyx Hasina Hindistanda sığınacaq tapmışdı. Bu iki ölkə arasında münasibətləri gərginləşdirmişdi".

Elxan Şahinoğlunun fikrincə, Banqladeşin yeni baş nazirinin Hindistana səfəri və Yeni Dehlinin qonşu ölkənin BRİCS-ə üzvlüyünü dəstəkləməsi iki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edən mühüm siyasi addım kimi qiymətləndirilə bilər.

Xalidə Gəray,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR