İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Gümrünü Paşinyanın nəzarətində çıxarır-sensasion gəlişmə

Ermənistanın şimalındakı strateji Gümrü şəhəri yalnız coğrafi baxımdan deyil, siyasi və hərbi baxımdan da İrəvan-Moskva qarşıdurmasının əsas nöqtələrindən birinə çevrilir. Musavat.com Rusiya Erməniləri İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, Nikol Paşinyan hökumətinin Moskva  ilə münasibətləri mümkün qədər azaltmağa çalışdığı bir vaxtda Gümrüdə Rusiyanın diplomatik, hərbi və ictimai strukturlarının nümayişkara fəallığı diqqət çəkib. 

Belə ki, 20-22 avqust tarixlərində Gümrüdə rus hərbçilərinin və Rusiya nümayəndələrinin iştirakı ilə həm Rusiya imperiyası dövrünün hərbi tarixinin xatırlanması, həm də müasir Rusiyanın dövlətçilik simvollarının təbliğinə yönələn tədbirlər keçirilib. Avqustun 20-də Gümrüdəki “Şərəf təpəsi” memorial kompleksində rus-türk və rus-fars müharibələrində həlak olmuş rus hərbçilərinin xatirəsi yad edilib. Memorialda təxminən 240 rus zabitinin dəfn olunduğu bildirilir. Tədbirdə Rusiyanın Gümrüdəki baş konsulu İqor Titov, Gümrü merinin müavini Qagik Manukyan, 102-ci Rusiya hərbi bazasının komandiri general-mayor Andrey Yudakov, Leninakan sərhəd dəstəsinin rəisi polkovnik Yeqor Akinşin və Gümrüdəki “Rus evi”nin direktoru Darya Boçarova iştirak edib.

Picture background

Burada mühüm məqam əlbəttə ki, iştirakçıların tərkibidir. Rusiyanın diplomatik nümayəndələri ilə yanaşı Ermənistan ərazisində yerləşən 102-ci hərbi bazanın komandirinin də tədbirin əsas iştirakçıları sırasında olması  Moskvanın Gümrüdə özünün diplomatik və hərbi imkanlarını nümayişi kimi qəbul olnur.  Bu mənzərə Paşinyan hökumətinin xüsusilə son aylarda apardığı Avropaya inteqrasiya siyasətlə ziddiyyət təşkil edir. Ermənistan rəhbərliyi bir tərəfdən Rusiya ilə münasibətlərin əvvəlki səviyyədə olmadığını nümayiş etdirir, digər tərəfdən Avropa İttifaqı və ABŞ-la siyasi, təhlükəsizlik və hərbi əlaqələrini genişləndirir. Amma buna baxmayaraq, Gümrüdə Rusiya hərbi bazasının komandanlığı, diplomatik nümayəndəlik və Rusiyanın humanitar-mədəni strukturları kifayət qədər açıq şəkildə "boy göstərir".

Qeyd edək ki, Rusiya nümayəndələri Lori vilayətinin Nor Xaçakap kəndində mayor Montrezor və onun dəstəsinin həlak olduğu yerdə keçirilən tədbirdə də iştirak ediblər. Burada 1804-cü il Pambak döyüşünün 222-ci ildönümü qeyd olunub. Həmin döyüşdə 109 rus əsgəri, 5 zabit və 60 erməni könüllüsü həlak olub.

Tədbirdə də 102-ci bazanın komandiri, Rusiya baş konsulu və digər rus nümayəndələri iştirak edib. Yenə Gümrüdəki “Rus evi”ndə isə  Rusiya Dövlət Bayrağı Günü münasibətilə tədbirdə müasir Rusiya dövlətçiliyinin simvollarının təbliğatı olub.  

Picture backgroundBeləliklə, cəmi üç gün ərzində Gümrü və onun ətrafında Rusiya hərbi, diplomatik və mədəni təsirinin müxtəlif elementləri nümayiş etdirilib. Bu, xüsusilə ona görə əlamətdardır ki, söhbət Ermənistanın ikinci böyük şəhərindən və Türkiyə sərhədinə yaxın yerləşən strateji ərazidən gedir. Siyasi mənzərə baxımından Gümrü İrəvanın Rusiya ilə münasibətləri kəsmək xəttinin ən ciddi sınaq meydanlarından biridir.

Picture background

Gümrüdə Rusiyanın əsas gücü 102-ci hərbi bazadır. Baza Gümrüdə 1995-ci ildən yerləşir. Ermənistan və Rusiya 2010-cu ildə onun fəaliyyət müddətini 2044-cü ilə qədər uzadıblar. Baza Rusiya-Ermənistan hərbi əməkdaşlığının əsas elementlərindən biri olaraq qalır. Son aylarda İrəvanda 102-ci bazanın gələcəyi ilə bağlı müzakirələrin intensivləşməsi də təsadüfi deyil. Ermənistan hakimiyyətindən vaxtaşırı Rusiyanın hərbi mövcudluğunun ölkənin suverenliyi ilə bağlı müzakirələrdə yenidən gündəmə gətirildiyini görmək mümkündür. Son olaraq  Paşinyan bazanın Ermənistan qanunvericiliyinə uyğun fəaliyyət göstərməli olduğunu vurğulayıb.  Məhz bu fonda Gümrüdə keçirilən son tədbirlər xüsusi siyasi çalar qazanır. Moskva Ermənistan rəhbərliyinə baxmayaraq, Gümrüdə özünün mövcudluğunu yalnız hərbi baza səviyyəsində deyil, diplomatik və mədəni səviyyədə də nümayiş etdirir.

Paşinyanın Qərbə açılım siyasətinin əsas məqsədlərindən biri Ermənistanın Rusiyadan asılılığını azaltmaqdır. Lakin Gümrüdəki mənzərə göstərir ki, bu proses heç də asan həyata keçirilmir. Rusiya burada hərbi baza, konsulluq, sərhəd strukturları və “Rus evi” kimi müxtəlif dayaqlara malikdir. Bu baxımdan Gümrüdəki üç günlük tədbirləri Moskvanın Ermənistanda hələ də ciddi institusional və ictimai dayaqlara malik olduğunu təsdiqləyir. Ən maraqlısı isə odur ki, bu nümayiş Ermənistanın paytaxtından uzaqda – məhz Gümrüdə baş verir...

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR