Onlayn ictimai-siyasi qəzet
“Bir çox Avropa lideri hələ də Rusiyanın təcavüzündən lazımi nəticə çıxarmayıb”.
Bunu ABŞ-nin “beyin mərkəz”lərindən olan Xarici siyasət şurasının baş elmi əməkdaşı Stiven Blank bildirib.
"Putinin itkilərini qəbul edəcəyinə, mövcud vəziyyətlə barışacağına və Avropa, ABŞ və ya Ukrayna ilə ciddi danışıqlara başlayacağına inanmaq Qərb elitasının Putin və Rusiyanı nə qədər səthi anladığını göstərir", – o vurğulayıb.
Onun fikrincə, zəif hazırlıq səbəbindən belə danışıqlar uğursuz olacaq və Putin onların nəticəsində atəşkəsə razılaşmayacaq: “Şekspirin faciə qəhrəmanlarından biri kimi, o, bu müharibədə o qədər irəli gedib ki, əliboş geri qayıda bilməz. Müharibə Rusiya siyasətinin “alfa” və “omeqa”sına çevrildiyi üçün Putin təxminən 1,8 milyon həlak olmuş, yaralanmış və itkin düşmüş rusiyalını nəzərə almadan birdən-birə atəşkəs elan edə bilməz”.
“Foundation for Defense of Democracies” təşkilatının Rusiya proqramı üzrə direktor müavini Con Hardie isə hesab edir ki, əgər Rusiya həqiqətən də payızda yeni məcburi səfərbərlik dalğasına başlasa, bu, müharibənin başa çatmasını gecikdirə bilər, lakin onun nəticəsini prinsipial şəkildə dəyişməyəcək. “Hazırda Rusiya ordusunun əsas problemi canlı qüvvənin sayının azlığı deyil, şəxsi heyətin keyfiyyətidir. Əlavə səfərbər edilənlər Rusiyaya yalnız ayrı-ayrı istiqamətlərdə tədricən irəliləməyə kömək edə bilər, lakin Ukraynanın müdafiə xəttini yarmağa zəmanət vermir. Əgər Putin yenidən səfərbərlik keçirməyə qərar versə, bu, onun müharibənin uduzulan istiqamətdə getdiyini qəbul etdiyini, lakin tələblərini yumşaltmaq əvəzinə onları daha da artırmağa qərar verdiyini göstərəcək. Putin indiyədək bu variantdan yayınırdı, çünki bu, ciddi xərclər və risklərlə müşayiət olunur. Bu, ölkədən növbəti kütləvi köç dalğasına səbəb ola və getdikcə daha da populyar olmayan müharibəyə qarşı daxildə etirazları alovlandıra bilər”, - Hardie vurğulayıb.
Qərb analitikləri haqlımı? Putini atəşkəsə məcbur etmək mümkün olacaqmı?
Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a deyib ki, Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsi göstərir ki, Moskva hələ də bu savaşı sadəcə hərbi əməliyyat kimi deyil, böyük geosiyasi qarşıdurma kimi qəbul edir: “Ona görə də Vladimir Putinin yaxın zamanda heç bir şərt olmadan atəşkəsə razılaşacağı ilə bağlı gözləntilər o qədər də real görünmür. Qərb analitiklərinin “Putin geri addım atmayacaq” fikrində müəyyən həqiqət var. Çünki Rusiya rəhbərliyi bu müharibəyə böyük siyasi resurs, iqtisadi imkan və insan itkisi sərf edib. Kreml üçün məsələ artıq yalnız Ukrayna ərazisindəki hərbi vəziyyət deyil, həm də daxili siyasi legitimlik məsələsidir. Putin müharibəni dayandırmaq qərarı verərsə, bunu öz cəmiyyətinə necə izah edəcəyi əsas suallardan biri olacaq. Çünki illərdir Rusiya ictimaiyyətinə bu münaqişə “ölkənin təhlükəsizliyinin müdafiəsi” kimi təqdim olunur. Belə bir fonda ciddi güzəştə getmək Kremlin daxili təbliğat sistemində müəyyən çətinliklər yarada bilər”.
Hərbi ekspertə görə, burada başqa bir mühüm məqam da var: “Müharibələr yalnız siyasi qərarlarla deyil, həm də real hərbi imkanlarla idarə olunur. Rusiya ordusunun qarşısında əsas problem artıq təkcə canlı qüvvə çatışmazlığı deyil. Müasir döyüş meydanında texnoloji üstünlük, kəşfiyyat imkanları, dəqiq silah sistemləri, pilotsuz aparatların istifadəsi və qoşunların hazırlıq səviyyəsi böyük rol oynayır. Yeni səfərbərlik məsələsi də bu baxımdan qiymətləndirilməlidir.
Əgər Rusiya yeni və genişmiqyaslı səfərbərliyə gedərsə, bu, ordunun insan resurslarını artırmaq cəhdi olacaq. Lakin yüz minlərlə yeni şəxsin orduya cəlb edilməsi avtomatik olaraq cəbhədə dönüş yaratmır. Hazırlıq müddəti, texnika təminatı, komandanlıq sistemi və döyüş təcrübəsi burada əsas amillərdir. Eyni zamanda, yeni səfərbərlik Rusiyanın daxilində müəyyən sosial və siyasi risklər yarada bilər. 2022-ci ildə elan edilən qismən səfərbərlik göstərdi ki, bu addım cəmiyyət üçün həssas məsələdir. İnsanların müharibəyə münasibəti, iqtisadi çətinliklər və itkilərin artması daxili narazılıqları gücləndirə bilər”.
“Bəs Putini atəşkəsə necə məcbur etmək olar” sualına hərbi ekspert belə cavbab verib: “Bunun bir yolu yoxdur. Bu, bir neçə faktorun eyni vaxtda təsiri nəticəsində mümkün ola bilər. Birinci faktor hərbi sahədir. Əgər Rusiya ordusu qarşıya qoyduğu strateji məqsədlərə nail ola bilməzsə və cəbhədə irəliləyiş imkanları məhdudlaşarsa, Moskva danışıqlara daha çox maraq göstərə bilər.
İkinci faktor iqtisadi təzyiqdir. Sanksiyalar qısa müddətdə hər hansı dövləti mütləq şəkildə geri çəkilməyə məcbur etmir. Lakin uzunmüddətli perspektivdə texnologiyaya çıxış, maliyyə imkanları, müdafiə sənayesinin imkanları və iqtisadi dayanıqlıq üzərində ciddi təsir yarada bilər.
Üçüncü faktor beynəlxalq vəziyyətdir. Rusiya özünü təcrid olunmuş hiss etməyə başladıqca və müharibənin davamının siyasi qiyməti artdıqca, kompromis imkanları genişlənə bilər. Ancaq bir məsələni də nəzərə almaq lazımdır: böyük dövlətlər adətən məğlubiyyət görüntüsü ilə danışıqlara getmirlər. Onlar daha çox özlərinə uyğun çıxış yolu axtarırlar. Ona görə də gələcəkdə mümkün razılaşma yalnız hərbi deyil, həm də siyasi balans üzərində qurula bilər”.
E.Məmmədəliyev,
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ