Onlayn ictimai-siyasi qəzet
Artıq yəqinliklə söyləmək olar ki, Ukrayna təkcə Qərbi Avropanın yox, eyni zamanda, postsovet ölkələrinin təhlükəsizliyi baxımdan döyüşkən ön cəbhədir, sipərdir. Demək ki, 5 ildir öz ərazi bütövlüyü uğrunda mücadilə verən qəhrəman ukraynalıların sınmaması, dirənməsi, yeri gələndə ərazi qaytarması göründüyündən də böyük tarixi və geosiyasi anlam daşıyır. İşğalla üzləşən bir xalqın dünyada çoxlu dost-tərəfdaşa malik olmasının bir səbəbi də bu.
Ukrayna prezidenti Volodimir Zelenskinin ölkəsinin varlığının Moskva üçün real təhdid olduğunu bəyan eləməsi bu mənada anlaşılandır. Nədən ki, Rusiyanın əsas hədəfinin Ukrayna dövlətçiliyini məhv edib, daha irəli getmək olduğu heç kəsə sirr deyil. İndi dinbir və qohum Ukraynaya qıyan Moskva digər postsovet ölkələrinə nə baxır?..
![]()
“Bəzən Rusiya ilə sərhədimizin olmamasını arzulayıram. Onun (Putinin – red.) məqsədi dəyişməyib”, - Zelenski dünən Helsinki Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.
O, Moskvanın keçmiş SSRİ məkanında öz nüfuz və təsirini bərpa etməyə çalışdığına əmindir: “Söhbət ən əvvəl Ukraynanın geri qaytarılmasından, Qazaxıstanın işğalından və onsuz da özünün güclü təsiri altında olan Belarusdan gedir. Məhz bu, Baltikyanı ölkələr və Rusiya ilə həmsərhəd digər dövlətlər üçün risk yaradır”.
Zelenski davamında bildirib: “Hələ 2005-ci ildə Kreml rəhbəri demişdi ki, XX əsrin ən böyük faciəsi Sovet İttifaqının dağılmasıdır. Amma Putin I və II Dünya müharibələrini, Çernobılda baş verənləri ən böyük faciələr adlandırmayıb. Yəni, insanla bağlı heç nə yoxdur. Ona görə də onun məqsədi SSRİ-ni bərpa eləmək və Ukraynanın şərqini deyil, Donbası deyil, bütün dövlətimizi işğal etməkdir”...
Elə iki gün öncə Putin Valday Beynəlxalq Müzakirə Klubunun plenar iclasında Ukraynanın müstəqil şəkildə mövcud ola bilməyəcəyini və kənardan idarə olunduğunu iddia eləmişdi.
Qəribədir, deyilmi? Cəmi 2-3 milyonluq erməni, neçə-neçə azsaylı xalq dövlət qurub BMT-yə üzv ola bilər, 45 milyonluq Ukrayna isə yox? O Ukrayna ki, hələ SSRİ dönəmində BMT-nin qurucularından biri kimi, iki dəfə (1948-49, 1984-85) onun Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən olub...
Deyilə bilər ki, Zelenski bir qədər şişirdir, çünki SSRİ-nin “qatarı” getidönmız şəkildə və çoxdan gedib. Amma unutmayaq, Rusiyanın Ukraynaya hücum edəcəyini də heç kim təsəvvürünə və ağlına gətirmirdi.
İkinci yandan, klassik anlamda Sovet İttifaqının bərpasından danışmaq bəlkə də yanlış olar. Hədəf daha çox MDB məkanını təsir altında saxlamaq və proksi-dövlətlər yaratmaqdır. Elə proksi-dövlətlər ki, onlar daima Kremlin imperiya maraqlarını ciddiyə alsın, Moskvanın direktivləri ilə hərəkət eləsin və yalnız onun orbitində “fırlansın”. Qısası, müstəqillikləri formal olsun – təxminın keçmiş müttəfiq respublikalar qədər...
Doğru, Rusiya iqtisadi baxımdan postsovet ölkələri üçün böyük və əlverişli bazardır. Ancaq Ukraynaya qarşı 5 ildir davam edən ədalətsiz müharibə fonunda bu bazarın da zayı çıxıb. Ona görə ki, insanların, xalqların təhlükəsizliyi daha önəmli.
Bu da təsadüfi deyil ki, son illər konkret olaraq, Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin həcmi əhəmiyyətli şəkildə azalıb. Məlum olaylardan sonra İlk baxışda ikitərəfli münasibətlər normallaşsa da, alt qatlarda gərginlik qalır. Rusiya mediasında Azərbaycan əleyhinə, ərazi bütövlüyümüz və suverenliyimiz əleyhinə vaxtaşırı təxribatçı materialların tirajlanması buna bariz sübutdur.
Halbuki 22 fevral 2022-cil tarixli Moskva Bəyannaməsinə görə, Bakıya qarşı belə təbliğat yolverilməzdir. Ancaq bu Rusiyadır – sağı-solu, dostu-düşməni, hətta sərhədi bilinməyən, atdığı imzaya hörmət qoymayan Rusiya. Beləcə, şimal qonşu ilə həmsərhəd olmağın “cəfası” səfasını çoxdan üstələyib. Təbii ki, Moskva üçün də bütün neqativ nəticələri ilə birgə.
Zelenski haqsız sayılmaz...
Z. SƏFƏROĞLU
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ