Onlayn ictimai-siyasi qəzet
Rusiya yenidən Şimali Koreyadan ballistik raket alaraq, Ukraynaya qarşı istifadə etməyə başlayıb.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, Rusiyanın Krivoy Roq yaxınlığındakı bir kəndə zərbənu məhz Şimali Koreyadan aldığı ballistik raketlərlə endirdiyi güman edilir. Bu zərbə nəticəsində bütün bir ailə həlak olub.
İki mənbə agentliyə bildirib ki, bu, Şimali Koreya raketinin təxminən bir il ərzində müharibədə istifadə edildiyi ilk hal ola bilər. Onlar hesab edirlər ki, bu cür istifadənin bərpası Moskvanın Şimali Koreyadan yeni raket təchizatı aldığını və daha intensiv raket hücumlarına hazırlaşa biləcəyini göstərir.
Reuters mənbəyindən biri Ukrayna radarlarının hücum zamanı Şimali Koreya istehsalı olan KN-23 və ya KN-24 qısa mənzilli ballistik raketlərlə uyğun gələn iki fərqli raket izi aşkar etdiyini bildirib.
Lakin dəqiq nəticə yalnız zərbə yerində tapılan qalıqları araşdırıldıqdan sonra əldə olunacaq.
Agentliyin mənbəsinə görə, bu araşdırma hələ də davam edir, lakin o, sözügedən raketin həqiqətən Şimali Koreya istehsalı olduğuna əminliyini bildirib.
Reuters qeyd edir ki, Rusiya artıq 2023-cü ilin sonlarında Ukraynaya qarşı zərbələrdə Şimali Koreyanın KN-23 və KN-24 raketlərindən istifadə edib.
Agentliyin hərbi mənbəyinə görə, bu raketlər Rusiyanın “İskəndər” ballistik raketlərindən daha uzun mənzilli və daha güclü döyüş başlığına malikdir. Lakin onlar dəqiqlik baxımından rusiyalı həmkarlarından geridədirlər.
Reuters-in məlumatına görə, Rusiyanın daha çox ballistik raketdən istifadə etməsi Ukraynanın hava hücumundan müdafiə sisteminə artan yük deməkdir.
Agentliyin mənbələri qeyd edir ki, Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemləri əsasən bu cür hədəfləri ələ keçirməyə qadirdir.
Musavat.com
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ