İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya NATO-ya ilk zərbəni endirə bilər

Rusiya NATO ölkələrinə qarşı əvvəllər hazırlanmış hərbi hücum planlarını yenidən nəzərdən keçirir və mümkün eskalasiya ssenarilərini öyrənir.

Musavat.com xəbər verir ki, bu barədə The Washington Post qəzetinin tanınmış köşə yazarı Devid İqnatius Qərb rəsmilərinə istinadən yazıb.

Məqalədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru Uilyam Börnsün fikirlərinə də yer verilib. O bildirib ki, Rusiyada daxili təzyiqlərin artması və Ukrayna cəbhəsində uğursuzluqlar eskalasiya riskini yüksəldir.

"Eskalasiya riski realdır və artmaqda davam edir. Bunun əsas səbəbi Vladimir Putinin həm ölkə daxilində artan təzyiqlərlə üzləşməsi, həm də döyüş meydanında uğursuzluqlar yaşamasıdır", – deyə Börns bildirib.

Qəzetin məlumatına görə, hazırda Rusiya qoşunlarının NATO sərhədlərinə doğru genişmiqyaslı hərəkəti müşahidə olunmasa da, Qərb kəşfiyyatı Moskvanın əvvəllər hazırlanmış NATO ərazisindəki hədəflərə zərbə planlarını yenidən araşdırdığını müəyyən edib.

Məqalədə qeyd olunur ki, Kreml qarşısında iki seçim dayanır: hibrid müharibə taktikasını davam etdirmək və ya Baltikyanı ölkələr və ya Polşa kimi NATO üzvlərinə məhdud hərbi zərbə endirərək ABŞ-ın müdaxilə etməyəcəyini və NATO-nun 5-ci maddəsinin praktikada işləməyəcəyini yoxlamaq.

The Washington Post yazır ki, son bir ay ərzində ABŞ Avropadakı müttəfiqlərini artan təhlükə barədə məlumatlandırıb.

Bundan əvvəl The Telegraph və Polşanın Onet nəşrləri də Vaşinqtonun Rusiyanın yaxın aylarda Polşaya qarşı silahlı təxribat hazırlaya biləcəyi barədə xəbərdarlıq etdiyini yazıb.

Məqalədə həmçinin Latviya, Litva və Estoniya mümkün Rusiya hücumu halında atılacaq addımları artıq müzakirə etdiyi bildirilir.

Oxşar xəbərdarlıqla The Wall Street Journal qəzetinin xüsusi layihələr üzrə redaktoru Cerard Beyker də çıxış edib. O yazıb ki, son həftələrdə yüksəkvəzifəli avropalı siyasətçilər, hərbçilər və kəşfiyyat nümayəndələri ilə apardığı söhbətlərdən sonra Rusiyanın NATO ölkələrindən birinə hücum ehtimalını artıq real hesab edir.

Maraqlıdır ki, məqalələrin hər ikisi Ankarada NATO sammitinin açıldığı gün dərc olunub.

Xatırladaq ki, iyunun sonunda Latviya kəşfiyyatı Rusiyanın Baltikyanı ölkələrə və ya Polşaya qarşı mümkün hərbi təxribat hazırladığına dair əlamətlər aşkar etdiyini bildirmiş, aprel ayında isə Niderland kəşfiyyatı Rusiyanın NATO ilə mümkün münaqişəyə hazırlaşdığı barədə xəbərdarlıq etmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR