Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Ukraynaya qarşı müharibəsində son üç ay ərzində hücumların sayı rekord həddə çatıb. Buna baxmayaraq, cəbhədə əldə olunan ərazi qazancları əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukraynanın DeepState analitik layihəsinin məlumatında bildirilir.
Layihənin hesablamalarına görə, Rusiya ordusu iyul ayında Ukrayna mövqelərinə qarşı təxminən 8 min hücum həyata keçirib. Bu, ardıcıl üçüncü ay üçün rekord göstəricidir.
Məlumata əsasən, hücumların sayı iyun ayı ilə müqayisədə təxminən 11 faiz, may ayı ilə müqayisədə 14 faiz, qış və yazın əvvəlindəki göstəricilərlə müqayisədə isə 60 faiz artıb.
Hesablamalara görə, Rusiya bölmələri iyul ayında gündə orta hesabla 258 hücum həyata keçirib. Yanvar-aprel aylarında bu göstərici 167 idi.
Bununla yanaşı, hücumların intensivliyi ərazi qazanclarına ciddi təsir göstərməyib. DeepState bildirir ki, Rusiya ordusu iyul ayında nəzarət etdiyi ərazini cəmi 88 kvadratkilometr, iyunda 57 kvadratkilometr genişləndirə bilib. May ayında isə nəzarət etdiyi ərazi ümumilikdə 11 kvadratkilometr azalıb.
Müqayisə üçün qeyd olunur ki, ilin ilk dörd ayında Rusiya ordusu hər ay 126–245 kvadratkilometr, ötən ilin son aylarında isə təxminən 500 kvadratkilometr ərazini nəzarətə götürürdü.
Bloomberg agentliyinin Kremlə yaxın mənbələrə istinadən yaydığı məlumata görə isə, Rusiya Baş Qərargahının generalları Prezident Vladimir Putinə ilin sonuna qədər Donetsk vilayətinin tam işğal ediləcəyinə söz veriblər.
Hazırda Donetsk vilayətinin təxminən 17 faizi Rusiyanın nəzarətindən kənarda qalır. Buraya Konstantinovka, Drujkovka, Slavyansk və Kramatorsk kimi şəhərləri əhatə edən təxminən 50 kilometrlik müdafiə xətti daxildir.
Bununla belə, Bloomberg-ə danışan bəzi Rusiya hərbçiləri bu müddətin real olmadığını düşünürlər. Onların fikrincə, Donbas uğrunda döyüşlərin 2027-ci ilə qədər uzanması ehtimalı yüksəkdir.
Musavat.com
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ