İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı-Daşkənd arasında "Əbədi dostluq": Türk dünyasının yeni geostrateji qütbü formalaşır

Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində ölkələr arasında "Əbədi dostluq haqqında Müqavilə"nin imzalanması iki qardaş ölkənin münasibətlərində tarixi bir mərhələdir. Bu sənəd sadəcə ikitərəfli əlaqələrin hüquqi çərçivəsini möhkəmləndirmir, eyni zamanda Bakı ilə Daşkənd arasında strateji etimadın və qarşılıqlı dəstəyin uzunmüddətli xarakter daşıdığını nümayiş etdirir.

"Əbədi dostluq haqqında Müqavilə" Azərbaycan–Özbəkistan münasibətlərini yeni səviyyəyə yüksəltməklə yanaşı, Türk dünyasının birlik və həmrəyliyinin güclənməsi baxımından da mühüm siyasi əhəmiyyət daşıyır. Bu sənəd iki ölkənin gələcək nəsillər üçün möhkəm və sarsılmaz tərəfdaşlıq iradəsini ortaya qoyur.

29c3d04b079a7a51f300e08ffcd3df3e.jpg (196 KB)

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Musavat.com-a deyib ki, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında imzalanan "Əbədi dostluq haqqında Müqavilə" ilk növbədə ikitərəfli münasibətlərin hüquqi və siyasi strukturunu keyfiyyətcə yeni müstəviyə daşıyan, tərəflər arasında müttəfiqliyin ali səviyyəsini rəsmiləşdirən konseptual dövlətlərarası sənəddir:

"Sənədin məzmunu beynəlxalq hüququn fundamental prinsiplərinə, xüsusilə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş suverenlik, ərazi bütövlüyü, müstəqillik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi imperativ normalara tam uyğundur. Eyni zamanda Vyana Konvensiyasının tələblərini tam ehtiva edən, tərəflərin daha əvvəl imzaladığı ikitərəfli və çoxtərəfli beynəlxalq öhdəliklərinə xələl gətirmədən müttəfiqlik münasibətlərinin ali hüquqi çərçivəsini müəyyənləşdirən bu tarixi müqavilənin geostrateji arxitekturasını şərtləndirən ən mühüm amil Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər və ərazi bütövlüyünü tam bərpa etməsi ilə regionda formalaşdırdığı yeni reallıqlardır. Sirr deyil ki, hərbi siyasi zəfərimiz Azərbaycanı Cənubi Qafqazın şəksiz liderindən Avrasiya miqyaslı, qlobal proseslərə təsir etmək gücünə malik aktoruna çevirib. Azərbaycanın hərbi-siyasi yolla suverenliyini tam təmin etməsi onun beynəlxalq nüfuzunu keyfiyyətcə tam yeni zirvəyə qaldırıb, Bakını regional təhlükəsizlik və logistikanın əsas arxitekturasını müəyyənləşdirən mərkəzə çevirib".

behruz.jpg (219 KB)

Deputatın sözlərinə görə, Azərbaycanın regional güc mərkəzindən qlobal miqyaslı təsir imkanlarına malik aktora çevrilməsi Özbəkistanla münasibətlərin xarakterinə də birbaşa təsir göstərib, iki ölkə arasındakı dialoqu adi ikitərəfli əməkdaşlıqdan strateji güc birliyinə yüksəldib:

"Müqavilənin siyasi-hüquqi baxımdan ən diqqətçəkən məqamı tərəflər arasında qarşılıqlı təhlükəsizlik zəmanətinin ən yüksək həddə çatdırılmasıdır. Tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə zərər vura biləcək hər hansı blok və ya ittifaqlarda iştirak etməmək, öz ərazisini üçüncü dövlətlərin qarşı tərəfə qarşı istifadəsinə verməmək və zərərli qruplaşmaların fəaliyyətinə imkan yaratmamaq barədə götürdüyü öhdəliklər bölünməz təhlükəsizlik prinsipinin real təzahürüdür. Bu hüquqi imperativlər hər iki dövlət rəhbərliyinin ali siyasi qətiyyətini və xarici təzyiqlərdən azad, tam suveren xarici siyasət yürütmək iradəsini bariz şəkildə nümayiş etdirir. Müttəfiqliyin institusional davamlılığını təmin etmək üçün Ali Dövlətlərarası Şura, parlamentlərarası sıx əməkdaşlıq və Xarici İşlər Nazirlikləri səviyyəsində daimi məsləhətləşmələr mexanizminin yaradılması strateji qərarların operativ və sistemli icrasına zəmin yaradır. Bu mexanizmlər siyasi iradəni konyuktur dəyişikliklərdən sığortalayaraq dövlətlərarası münasibətləri institusional müttəfiqlik səviyyəsinə yüksəltməklə qlobal beynəlxalq hüquq sisteminin fraqmentasiyaya uğradığı və beynəlxalq təhlükəsizlik arxitekturasının sarsıldığı müasir geosiyasi reallıqda Bakı və Daşkənd öz strateji oxunu formalaşdırır".

Parlament təmsilçisi onu da diqqətə çatdırıb ki, Azərbaycanın zəfəri ilə açılan geostrateji imkanlar və formalaşan bu dərin inteqrasiya bütün Türk dünyası üçün tarixi şans və geostrateji sıçrayış nöqtəsidir:

"Əsrlərlə coğrafi və siyasi baxımdan bir-birindən ayrı düşmüş Türk coğrafiyası məhz Azərbaycanın qlobal nüfuzu və Özbəkistanın Mərkəzi Asiyadakı strateji ağırlığının birləşməsi vasitəsilə yenidən vahid geoiqtisadi və hərbi-siyasi cazibə mərkəzinə çevrilir. Bu saziş Türk Dövlətləri Təşkilatının beyin və dayaq sütununu möhkəmləndirərək çoxtərəfli platformanı sadəcə məsləhətləşmə qurumu kimi deyil, güc mərkəzi kimi reallığa çevirir. Eyni zamanda nəqliyyat-logistika, tranzit potensialı, "yaşıl iqtisadiyyat" və rəqəmsallaşma sahələrində nəzərdə tutulan birgə addımlar Mərkəzi Asiyanı Cənubi Qafqaz üzərindən Avropaya bağlayan Orta Dəhlizin təhlükəsizliyini hüquqi zirehlə təmin edir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən bu iki dövlətin güclərini birləşdirməsi Türk dünyasının iqtisadi suverenliyini və strateji müstəqilliyini zəmanət altına alır. Nəticə etibarı ilə, bu sənəd yalnız iki ölkənin milli maraqlarını qorumaqla, Avrasiyanın mərkəzində yeni, sarsılmaz və müstəqil bir geostrateji qütbün əsasını qoyaraq Türk dünyasının 21-ci əsrdəki tarixi renesansının hüquqi zəminini formalaşdırır".

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR