Onlayn ictimai-siyasi qəzet
Fransa Prezidenti Emmanuel Makron Rusiyada yüz minlərlə insanı əhatə edə biləcək yeni səfərbərlik dalğasının hazırlandığını iddia edib. Onun sözlərinə görə, Avropa kəşfiyyat xidmətləri bununla bağlı müəyyən hazırlıq əlamətləri qeydə alırlar.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Makron bunu sentyabrın 24-də TF1 və France 2 telekanallarına verdiyi birgə müsahibədə açıqlayıb.
Fransa prezidentinin sözlərinə görə, söhbət təxminən 300 min nəfərin səfərbər edilməsindən gedə bilər.
Makron bildirib ki, Fransa və tərəfdaş ölkələrin xüsusi xidmətlərində olan məlumatlar Rusiyada bu istiqamətdə hazırlıq getdiyini düşünməyə əsas verir. Bununla belə, söhbət hələ elan edilmiş səfərbərlikdən deyil, Fransa prezidentinin kəşfiyyat məlumatlarına əsaslanan qiymətləndirməsindən gedir.
Rusiyada son illərdə hərbi uçot və çağırış sistemi əhəmiyyətli dərəcədə rəqəmsallaşdırılıb. Elektron çağırış vərəqələri və vahid hərbi uçot reyestri kimi mexanizmlərin yaradılması yeni çağırış kampaniyasının əvvəlki dövrlərlə müqayisədə daha sürətli təşkil edilməsinə imkan verə bilər.
Yeni səfərbərlik ehtimalı Rusiyada Dövlət Dumasına seçkilərin başa çatmasından dərhal sonra yenidən müzakirə edilməyə başlayıb. Rusiya hakimiyyəti isə yeni səfərbərlik dalğasının planlaşdırıldığı barədə məlumatları rədd edir.
Makron son günlər Rusiyanın Avropaya qarşı fəaliyyətinin intensivləşməsi barədə dəfələrlə xəbərdarlıq edib. Sentyabrın 18-də o, Rusiyadan qaynaqlandığını bildirdiyi “hibrid təhdid”in son həftələrdə gücləndiyini söyləmiş və Fransanın kritik infrastrukturunun müdafiəsinin artırılacağını açıqlamışdı.
Fransa prezidenti sentyabrın 24-dəki müsahibəsində Rusiyanın Avropaya qarşı fəaliyyətinin daha da kəskinləşə biləcəyini istisna etməyib.
Eyni zamanda Makron həmin müsahibədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) Fransaya Rusiyanın mümkün dron hücumu barədə konkret xəbərdarlıq etdiyi haqda yayılan məlumatı təkzib edib. O bildirib ki, CIA Fransa xüsusi xidmətlərinə belə bir hücum barədə məlumat verməyib.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ