Onlayn ictimai-siyasi qəzet
Rusiyanın “AvtoVAZ” şirkəti yeni Lada Azimut modelinin seriyalı istehsalına başlayıb.
Musavat.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu münasibətlə şirkəti təbrik edib.
Putin “AvtoVAZ”ın bundan sonra da Rusiyada avtomobil sənayesinin inkişafını davam etdirəcəyinə ümid etdiyini bildirib.
“Qeyd etmək istəyirəm ki, bu, tamamilə yerli istehsaldır”, – Putin təbrik çıxışında deyib.
Qeyd edək ki, Lada Azimut “Vesta” platformasının ciddi şəkildə modernləşdirilmiş versiyası üzərində hazırlanıb. Yeni krossoverin satışlarının 2026-cı ilin sonunadək başlanması nəzərdə tutulur. “AvtoVAZ” bu il bir neçə min avtomobil istehsal etməyi, 2027-ci ildə isə istehsalı təxminən 20 min ədədə çatdırmağı planlaşdırır. Zavodun gələcəkdə ildə 70 minədək Azimut istehsal etmək üçün potensial imkanının olduğu bildirilir.
Model ilkin mərhələdə 120 at gücündə 1,6 litrlik və 132 at gücündə 1,8 litrlik mühərriklərlə təklif olunacaq. Avtomobil üçün 6 pilləli mexaniki sürətlər qutusu və variator nəzərdə tutulub. Gələcəkdə 150 at gücündə turbomühərrik və klassik avtomatik sürətlər qutusu ilə versiyanın buraxılması da planlaşdırılır.
Azimut seriyalı istehsala buraxılmazdan əvvəl 370-dən çox sınaq avtomobili ümumilikdə 1,5 milyon ekvivalent kilometrdən artıq məsafə qət edib və model üzrə 7220 sınaq keçirilib.
Musavat.com
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ