Onlayn ictimai-siyasi qəzet
Rusiya sentyabrda keçiriləcək Dövlət Dumasına seçkilər öncəsi xarici ölkələrə müraciət edərək, həmin ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərində yaradılacaq seçki məntəqələrinin təhlükəsizliyinin təmin olunmasını və səfirliklərin qarşısında nümayişlərin keçirilməsinə yol verilməməsini istəyib. Xüsusi tapşırıqlar üzrə səfir, Rusiya Xarici İşlər Nazirliyinin seçki üzrə komissiyası sədrinin müavini Maksim Rayder “RİA Novosti”yə deyib ki, Moskva xarici dövlətlərin Rusiya vətəndaşlarının səsverməsi ilə bağlı “beynəlxalq öhdəliklərini vicdanla yerinə yetirməsini” gözləyir.
O bildirib ki, Rusiyanın bütün xarici ölkələrin Xarici İşlər nazirliklərinə müvafiq notalar göndərilib. Bu sənədlərdə seçki günü Rusiya diplomatik nümayəndəliklərinin yaxınlığında nümayişlərin keçirilməsinin qadağan edilməsi də daxil olmaqla, seçki məntəqələrinin mühafizəsi üçün “adekvat tədbirlərin” görülməsi tələb olunur. “Seçki günü xarici nümayəndəliklərimizin yaxınlığında nümayişlərin qadağan edilməsi də daxil olmaqla, seçki məntəqələrinin qorunması üçün adekvat tədbirlər tələb edən notalar xarici ölkələrin bütün xarici işlər nazirliklərinə göndərilib”, - Rayder deyib.
Seçki kampaniyasının başlaması ilə Moskvanın xaricdəki seçki məntəqələrinin təhlükəsizliyi məsələsini önə çıxarması Rusiyanın əvvəlki seçkilər zamanı qarşılaşdığı etiraz aksiyaları və təhlükəsizlik riskləri fonunda diqqət çəkir. Xarici ölkələrdə Rusiya səfirlikləri qarşısında keçiriləcək mümkün aksiyaların seçki prosesinə təsir etməsinin qarşısını almaq Moskvanın diplomatik gündəliyinin əsas məsələlərindən birinə çevrilib.
Rusiya rəsmiləri artıq xaricdəki seçki məntəqələrində “təxribatlar”, saxta exit-pollar və seçkilərin legitimliyini şübhə altına alan məlumatların yayılacağından danışırlar.
Federasiya Şurasının komissiya rəhbəri Vladimir Cabbarov da xaricdəki məntəqələrdə mümkün təxribatlardan və saxta sorğulardan danışıb. Qeyd edək ki, Azərbaycanda cəmi bir seçki məntəqəsi olacaq. Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, sentyabrın 20-də Bakıdakı Rusiya səfirliyinin konsulluq şöbəsində 8017 saylı seçki məntəqəsi fəaliyyət göstərəcək. Səsvermə saat 08:00-dan 20:00-dək keçiriləcək. Rusiya səfirliyi də Azərbaycan üzrə yalnız bu məntəqənin yaradıldığını təsdiqləyib.
2016-cı ildə də Rusiya vətəndaşları Azərbaycanda Bakıdakı 8017 saylı məntəqədə səs veriblər. Həmin vaxt Azərbaycanda seçki hüququ olan Rusiya vətəndaşlarının sayının təxminən 5 min olduğu barədə məlumat yayılmışdı. 2011-ci il seçkilərində isə Azərbaycanda iki məntəqə fəaliyyət göstərirdi - Bakıdakı səfirlikdə 5006 saylı və Qəbələdəki Rusiya hərbi şəhərciyində 5007 saylı məntəqələr. Nəticədə 1654 Rusiya vətəndaşı səs vermişdi ki, bu da konsulluq qeydiyyatında olan 6330 Rusiya vətəndaşının 26 faizi idi. Həmin göstərici 2007-ci illə müqayisədə təxminən 11 faiz yüksək olub.
Bəs Moskva niyə bu qədər narahatdır?
Deputat Elşad Musayev Azərbaycanda seçki məntəqələrinin yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib. Onun sözlərinə görə, təhlükəsizliyin təmin olunmasında da narahatlığa əsas yoxdur:

“Bundan öncə keçirilən yerli seçkilərdə də asayiş ən yaxşı şəkildə təmin olunub. Rusiyanın müraciəti isə daha çox Avropa ölkələri ilə bağlıdır. Ukrayna ilə müharibə vəziyyətində olan ölkənin seçkilər keçirməsi, təbii ki, onu qorxudur. Söhbət yalnız anti-Rusiya şüarları ilə aksiyalar keçirilməsindən getmir. Bu piketlər onsuz da gözlənilir. Rusiya seçki məntəqələrinə hücum olunmasından, terrordan narahatdır. Bilirsiniz ki, Ukrayna xüsusi xidmət orqanları bir neçə əməliyyat keçirib, Moskvada və başqa şəhərlərdə Rusiyanın yüksək rütbəli şəxsləri partladılıb. Bu baxımdan səfirliklərə hücum olacağı təşvişi var”.
Elşad Musayev qeyd edib ki, seçki məntəqələrində təxribat, qarşıdurma və bu kimi halların olması da istisna deyil: “Rusiya ən çətin dövrünü yaşamaqdadır. Ölkə daxilində təhlükəsizliyi təmin etmək hakimiyyətin öz əlindədir. Amma səfirliklərin qorunması həmin dövlətlərin öhdəliyidir. Belə bir kritik şəraitdə seçkilər keçirilməsi, şübhəsiz ki, Rusiyanı qorxudur. Burada digər ehtimal isə odur ki, Moskva indidən əl yeri qoyur. Yəni hər hansı hadisə baş verərsə, həmin ölkəni ittiham edə bilsin ki, öncədən xəbərdarlıq olunmuşdu, niyə tədbir görülməyib... Xüsusən də Qərb ölkələri ilə bağlı narahatlıq var. Eyni zamanda Moldova, Ermənistan, Baltikyanı dövlətlər də qeyd olunmalıdır. Çünki Kremlə görə bu ölkələrdə rusofobiya var”.
Qeyd edək ki, parlament seçkilərində 10 siyasi partiya iştirak edəcək. Rusiya rəsmiləri və senatorlar seçki prosesinə xaricdən, xüsusilə “Ermənistan və Moldova üsulları” kimi təqdim olunan texnologiyalar və təsir vasitələri ilə müdaxilə cəhdlərinin olacağından ehtiyat edirlər. Hazırda Dövlət Dumasındakı deputat yerlərinin təxminən 70 faizinə sahib olan hakim “Vahid Rusiya” partiyasının, əvvəlki seçkilərdə olduğu kimi, böyük qələbə qazanacağı gözlənilir. Lakin bu, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlamasından sonra keçiriləcək ilk milli seçkilərdir. Bu səbəbdən seçki kampaniyasının problemsiz keçməsi, “Vahid Rusiya”nın rahat qələbəsi müharibəyə və Putinin onu idarəetmə üsuluna dəstək kimi təqdim oluna bilər.
Rusiyanın Ukraynanın şərqində döyüş meydanındakı irəliləyişi, demək olar ki, dayanıb. Ukrayna iyul ayında işğal altında olan 700 kvadratkilometrdən çox ərazini geri qaytarıb.
Moskva əldə etdiyi kiçik ərazi uğurları üçün isə yüksək bədəl ödəyir. Rusiya qüvvələrinin itkilərinin 1,4 milyon nəfərə çatdığı təxmin edilir. Hərbçilərin ölümü və yaralanması onların yeni əsgərlərlə əvəzlənməsindən daha sürətli baş verir. Ukraynanın Rusiyanın dərinliklərində həyata keçirdiyi dron hücumları müharibənin milyonlarla rusiyalının gündəlik həyatına təsirini artırıb. Ukraynanın neft emalı zavodlarına zərbələri ölkə üzrə ciddi yanacaq çatışmazlığı yaradıb. Rusiyanın əksər regionlarında yanacaqla bağlı məhdudiyyətlər tətbiq edilib və yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
27 Avqust 2026
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ