İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar Ermənistana viza ilə gedəcək? - Sensasion İDDİA

Avropa Parlamentinin deputatı Fernan Kartxayzer bəyan edib ki, Ermənistan Rusiyaya qarşı sanksiyalar və rus vətəndaşları üçün viza rejimini tətbiq edə bilər. Onun sözlərinə görə, AB İrəvana təzyiqi artırmağa niyyətindədir və ölkədən müvafiq tədbirlərin qəbul olunmasını tələb edir.

Kartxayzer Avropa İttifaqının Ermənistanı öz geosiyasi maraqları üçün istifadə etdiyini və bu addımların yarada biləcəyi iqtisadi və siyasi nəticələrdən ölkəni qoruya bilməyəcəyini iddia edib.

Polad Mehdi: “Ermənistanın mina xəritələrini hələ də Azərbaycana verməməsi  beynəlxalq hüquq pozuntusudur” - Soydaş

Mövzunu hüquqşünas Polad Mehdiyevlə müzakirə etdik. O, Musavat.com-a şərhində bildirib ki, Ermənistanın Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edə biləcəyi ilə bağlı yayılan məlumatlar hazırda daha çox siyasi müzakirə xarakteri daşıyır: “Hüquqi və siyasi reallıqlar göstərir ki, belə bir addımın yaxın perspektivdə atılması mümkün görünmür. Hüquqi baxımdan Ermənistanın Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edə bilər. Lakin bunu birtərəfli qaydada və dərhal həyata keçirmək mümkün deyil, çünki hazırda iki ölkə arasında vizasız gediş-gəliş ikitərəfli və MDB çərçivəsində bağlanmış beynəlxalq sazişlərə əsaslanır. Bu səbəbdən Ermənistan əvvəlcə həmin sazişləri müqavilə şərtlərinə və beynəlxalq hüquqa uyğun qaydada denonsasiya etməli və ya onların tətbiqini dayandırmalıdır. Əks halda, qüvvədə olan beynəlxalq öhdəliklərin pozulması məsələsi ortaya çıxa bilər.

Digər tərəfdən Ermənistan və Rusiya Avrasiya İqtisadi İttifaqının üzvləridir. Bu təşkilat vizasız rejimi məcburi etməsə də, üzv ölkələr arasında insanların və işçi qüvvəsinin sərbəst hərəkətini təşviq edir. Eyni zamanda, Rusiya Ermənistanın əsas iqtisadi tərəfdaşlarından biridir və minlərlə Ermənistan vətəndaşı Rusiyada işləyərək ölkəsinə vəsait göndərir. Belə bir şəraitdə viza rejiminin tətbiqi iki ölkə arasında siyasi münasibətləri daha da gərginləşdirə və ciddi iqtisadi nəticələr doğura bilər. Ona görə də Avropa İttifaqından bu istiqamətdə müəyyən siyasi çağırışlar və ya təzyiqlər olsa belə, Ermənistanın yaxın dövrdə Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etməsi inandırıcı görünmür. İrəvanın son illərdə izlədiyi siyasət daha çox Qərblə yaxınlaşmanı Moskva ilə münasibətləri tam qoparmadan balanslaşdırmağa hesablanıb”.

Nigar Həsənli,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR