Onlayn ictimai-siyasi qəzet
David Qareci monastırının Gürcüstanla, hicabla bağlı gərginliyin isə Türkiyə ilə yaratdığı gərginlik erməniləri sevindirib.
Musavat.com xəbər verir ki, erməni mediası gərginlikləri körükləməyə çalışırlar.
Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası Cənubi Qafqazın həllini gözləyən mühüm məsələlərindən biridir. İki ölkə arasında sərhədin müəyyənləşdirilməsi prosesi illərdir davam edir və xüsusilə David Qareci (Kəşikçidağ) monastır kompleksi ətrafındakı fikir ayrılıqları diqqət mərkəzində qalır. Lakin hüquqi və tarixi sənədlər əsasında həll edilməli olan bu məsələni siyasi qarşıdurma predmetinə çevirmək cəhdləri də müşahidə olunur.
Rəsmi səviyyədə tərəflər danışıqların davam etdirilməsinin tərəfdarı olduqlarını bəyan edirlər. Bununla belə, erməni mediasının bəzi materiallarında bu proses Azərbaycanla Gürcüstan arasında münasibətlərin gərginləşməsi, hətta Azərbaycanın ərazi iddialarının təzahürü kimi təqdim edilir. Erməni mənbəsində yayımlanan məqalənin diqqətçəkən cəhəti Azərbaycan–Gürcüstan sərhədindəki mübahisəni Ermənistanın Azərbaycanla münasibətləri və Qarabağdakı tarixi-mədəni irs məsələləri ilə əlaqələndirməsidir. Müəllif Azərbaycanın Qafqaz Albaniyası irsi ilə bağlı yanaşmasını “saxta tarix” adlandırır, Bakını qonşularına qarşı ərazi və mədəni iddialar irəli sürməkdə ittiham edir, daha sonra isə bu iddiaları Ermənistanın təhlükəsizlik məsələlərinə bağlayır.

Məqalənin müəllifi Azərbaycan–Gürcüstan sərhədinin delimitasiyasına dair konkret hüquqi sənədləri və ya rəsmi qərarları təhlil etmək əvəzinə, məsələyə Ermənistanın siyasi maraqları prizmasından yanaşır. Azərbaycanı Gürcüstan üçün təhlükə kimi təqdim edən ritorika isə iki qonşu dövlətin öz aralarında həll etməli olduqları məsələyə kənardan siyasi məna yükləyir.
David Qareci monastır kompleksi ətrafındakı mübahisənin tarixi kökləri var. Sovet dövründən qalan xəritələr, sərhədin müxtəlif hissələrinə dair sənədlər və tarixi abidələrin mənsubiyyəti ilə bağlı fərqli yanaşmalar bu məsələni mürəkkəbləşdirir. Buna görə də yekun qərar siyasi bəyanatlar əsasında deyil, tərəflərin təqdim etdiyi sənədlərin müqayisəsi və qarşılıqlı razılaşma yolu ilə qəbul edilməlidir.
Gürcüstanın bu kompleksi özünün mühüm dini-mədəni irsi hesab etməsi məlumdur. Azərbaycan tərəfinin mövqeyi də tarixi və hüquqi sənədlər əsasında araşdırılmalıdır. Burada əsas məqsəd tərəflərdən birinin arqumentlərini əvvəlcədən rədd etmək deyil, dövlət sərhədinin hüquqi əsaslarla müəyyənləşdirilməsidir. Azərbaycanla Türkiyə arasında hicab və məktəbli forması ətrafında yaranan mübahisələr də erməni mediasının diqqətindən yayınmayıb. Bu mövzuda dərc olunan məqalələrdə Türkiyə rəsmilərinin Azərbaycanla bağlı açıqlamaları və Bakının reaksiyası “Bir millət, iki dövlət” prinsipinin təhlükə altına düşməsi kimi təqdim edilir.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ