İnsanlara hürriyət, millətlərə istiqlal!

Şantajçı baş redaktorlar bəraət istəyir

Hədə-qorxuda təqsirləndirilən “turantv.az” saytının rəhbəri Ramin Sadıqlı və “bölgeinfo” saytının təsisçi və baş redaktoru Vüqar Quliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

Musavat.com pravda.az-a istinadla xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

Proses oktyabrın 15-nə təyin edilib. 

Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Xatırlatma: Ramin Sadıqlı və Vüqar Quliyevi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi cinayət məsuliyyətinə cəlb edib. Onlar bir neçə vətəndaş barəsində rəhbərlik etdiyi saytlarda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə təqsirləndirilir. Daxil olan şikayətlər üzrə aparılan araşdırmalarla onlara qarşı CM-in 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham verilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Sadıqlı 6 il 3 ay və Vüqar Quliyev isə 6 il müddətə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Hökmdən bir neçə zərərçəkmiş şəxslərə qarşı təkrar hədə-qorxu ilə tələb etmə cinayət əməlinin törədilməsinə görə epizodlar üzrə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup halında iştirak etmələrinə dair hissələr, o cümlədən əməlin CM-in 182.2.1-ci maddəsinə tövsif edilməsinə dair maddəalər xaric olunub. Həmin epizodlar üzrə verilmiş ittihama görə Ramin Sadıqlı CM-in 182.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun əvvəlki hökmü də qismən birləşdirilib.

Nəticədə Ramin Sadıqlıya qəti olaraq 5 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası və 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmə cəzası təyin edilib.

Eyni zamanda, Vüqar Quliyev Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR