Onlayn ictimai-siyasi qəzet
Rusiyadan Ermənistana köçənlərin sayında yenidən ciddi artım müşahidə olunur. Yeni miqrasiya dalğası artıq ölkənin daşınmaz əmlak bazarına da təsir göstərməyə başlayıb.
Erməni mənbbələrinin məlumatına görə, Ermənistandakı daşınmaz əmlak agentləri son aylarda İrəvanda mənzil kirayələrinin təxminən 30 faiz artdığını bildirirlər. Əsas səbəb isə Rusiyadan Ermənistana gələn yeni miqrant axınıdır.
Agentlərin sözlərinə görə, hazırda müraciət edən müştərilərin təxminən 80 faizi Rusiyadan yeni gələn və ya yaxın vaxtlarda Ermənistana köçməyi planlaşdıran Rusiya vətəndaşlarıdır. Yeni tələbat dalğasının may bayramlarından sonra başladığı və getdikcə gücləndiyi bildirilir. Artıq bəzi miqrantlar avqustun sonu və sentyabr ayı üçün mənzil axtarırlar. Bu isə qarşıdakı aylarda kirayə bazarında təzyiqin daha da arta biləcəyinə dair gözləntiləri gücləndirir.
Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra, xüsusilə 2022-ci ildə, çoxsaylı Rusiya vətəndaşı müxtəlif ölkələrlə yanaşı Ermənistana da köçmüşdü. Sonrakı illərdə bu proses davam etsə də, əvvəlki dövrlə müqayisədə ciddi aktivlik müşahidə olunmurdu.
İndi isə Ermənistanda yeni rusiyalı miqrasiya dalğasının formalaşdığı görünür. Prosesin davam etməsi yalnız mənzil kirayələrinə deyil, İrəvanda yaşayış xərclərinə, daşınmaz əmlak bazarına və şəhərin sosial-iqtisadi strukturuna da təsir göstərə bilər. Məlumatlara görə, Azərbaycan və Gürcüstanla müqayisədə isə Ermənistanın başqa bir üstünlüyü var: Rusiya və Ermənistan arasında siyasi münasibətlərdə gərginlik olsa da, insanların gündəlik hərəkətliliyi və iqtisadi əlaqələri hələ də tam qırılmayıb. İrəvanın rusiyalılar üçün cəlbediciliyində nisbətən aşağı yaşayış xərcləri, inkişaf etmiş xidmət sektoru və Rusiyadan gələnlər üçün artıq formalaşmış miqrant icmasının da rolu var. Ermənistanın Rusiyadakı böyük erməni diasporu ilə sıx əlaqələri mövcuddur. Bu, yeni gələnlər üçün mənzil, iş və sosial mühit tapmaq baxımından müəyyən imkanlar yaradır.Aİ üzvlüyü hələ qeyri-real olsa da, Brüssel İrəvana ciddi vədlər verir. Bunların sırasında viza rejiminin ləğvi da var. Mümkündür ki, bu perspektiv də rusiyalıları belə seçim etməyə vadar edir.Yeri gəlmişkən, Ötən il ruslar Türkiyədə 2,3 milyard dollarlıq mülk alıblar.
Bəs rusiyalılar niyə regionda məhz Ermənistanı seçirlər? Azərbaycan və Gürcüstanla müqayisədə Ermənistanın üstünlükləri nələrdir? Bu proses müvəqqəti tendensiyadır, yoxsa uzunmüddətli miqrasiya dalğasının başlanğıcıdır? Ermənistan bundan nə qazanacaq, hansı risklərlə üzləşə bilər?
Mövzu ilə bağlı professor-politoloq Qabil Hüseynli Musavat.com-a danışıb. Professorun fikrincə, burada əsasən, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə rusları öz ölkələrini tərk etməyə məcbur edir: “Bu gün orduya getməmək üçün ölkə daxilində gizlənənlər də var, fərarilik edənlər də, başqa ölkələrə üz tutanlar da. İnsanlar bu mənasız və heç bir perspektivi olmayan müharibədə iştirak etmək istəmirlər. Onlar, necə deyərlər, "ət maşını"na düşməmək, həyatlarını xilas etmək üçün ölkədən çıxırlar”.
Rusların niyə məhz Ermənistanı seçməsi məsələsinə gəldikdə, Qabil Hüseynli hesab edir ki, bunun əsas səbəblərindən biri Ermənistanın xristian ölkəsi olmasıdır: “Regionda Rusiyaya yaxın yerləşən ölkələrin əksəriyyəti müsəlman dövlətləridir və rusların həmin ölkələrə meyli, marağı o qədər də yüksək deyil.
Bəs niyə Gürcüstan deyil? Çünki Gürcüstan bu məsələdə müəyyən məhdudiyyətlər tətbiq edir. Rusların orada daşınmaz əmlak əldə etməsinə, uzunmüddətli məskunlaşmasına və yeni həyat qurmasına müxtəlif əngəllər yaradılır. Bundan başqa, Gürcüstanda Rusiyaya və ruslara qarşı mənfi ictimai münasibət kifayət qədər güclüdür və bu tendensiya hələ də davam edir.
Açığı, Ermənistanın mövqeyi mənə bir qədər təəccüblü görünür. Onlar öz ölkələrinə bu qədər xarici vətəndaşın gəlməsinə necə razı olurlar? Düşünürəm ki, burada müəyyən hüquqi mexanizmlər mövcuddur. Güman ki, gələnlərə dərhal vətəndaşlıq verilmir, əvvəlcə oturum icazəsi təqdim olunur və müəyyən prosedurlar tətbiq edilir. Əks halda, bu proses eyni templə davam etsə, gələcəkdə Ermənistan əhalisinin 10-15 faizini ruslar təşkil edə bilər”.
Qabil Hüseyli hesab edir ki, burada həmçinin Rusiyanın müəyyən planı da var:
“Rusiya bu yolla Ermənistanda öz təsir imkanlarını genişləndirir və faktiki olaraq ölkəni demoqrafik baxımdan da nəzarəti altına almağa çalışır. Bu, Cənubi Qafqazda Rusiyanın mövqeyini qoruyub saxlamaq üçün istifadə etdiyi üsullardan biri ola bilər. Başqa sözlə, təsir imkanlarını artırmaq məqsədilə əhalinin yerləşdirilməsi metodundan istifadə edildiyini istisna etmirəm”.
Qabil Hüseynli bu köç dalğasının uzunmüddətli olacağını düşünmədiyini də qeyd edib: “Mən bunu daha çox qısamüddətli proses hesab edirəm. Çünki müharibə başa çatdıqdan sonra bu tendensiya da zəifləyəcək. Hesab edirəm ki, müharibənin yaxın illərdə, hətta bu ilin sonunadək başa çatması ehtimalı var.
Hazırda Ermənistana daha çox orta təbəqəyə mənsub ruslar köçürlər. Onlar müəyyən maliyyə imkanlarına malik insanlardır. Çünki yeni ölkəyə gələn kimi dərhal iş tapmaq və gəlir əldə etmək hər kəs üçün mümkün olmur. Buna görə də onların əvvəlcədən maliyyə ehtiyatları olmalıdır ki, müəyyən müddət orada yaşaya bilsinlər.
Bununla belə, mən bu prosesi uzunmüddətli tendensiya hesab etmirəm. Ermənilər kifayət qədər millətçi cəmiyyətdir və uzun illər monoetnik mühitdə yaşamağa öyrəşiblər. Hesab edirəm ki, bu proses həm süni xarakter daşıdığına, həm də mövcud reallıqlara görə uzun müddət davam etməyəcək”.
Xalidə Gəray
Musavat.com
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ